Modern.az

Artıq 200 min insan səfərbərliyə çağırılıb - Şoyqu

Artıq 200 min insan səfərbərliyə çağırılıb - Şoyqu

4 Oktyabr 2022, 14:30

Rusiya Silahlı Qüvvələrinə qismən səfərbərliklə əlaqədar 200 mindən çox insan çağırılıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

 

Onun sözlərinə görə, Müdafiə Nazirliyi qismən səfərbərlik planının üçdə ikidən çoxunu yerinə yetirib:

 

"Bu gün Silahlı Qüvvələrə 200 mindən çox insan gəlib. Təşkil olunan bölmələrin şəxsi heyətinin hazırlığı 80 poliqonda və altı təlim mərkəzində aparılır".

 

Şoyqu bildirib ki, vəzifəli şəxslərə səfərbər olunanların geyim dəstləri və digər əmlakla təmin edilməsi, onların hərbi vəzifələrə təyin edilməsi tapşırılıb.

 

Şoyqu vurğulayıb ki, qismən səfərbərliyə çağırılanlar artıq cəlb olunmuş bölmələrlə birlikdə yalnız döyüş koordinasiyasından sonra xüsusi hərbi əməliyyat bölgələrinə göndəriləcək. O, hərbi dairələrin və Şimal Donanmasının komandirlərindən “çağırılanları döyüş vəziyyətinə tez uyğunlaşdırmaq üçün döyüş təcrübəsi olan zabitlərin rəhbərliyi altında onlarla əlavə təlim keçirməyi” tələb edib.

 

Müdafiə nazirinin sözlərinə görə, payız çağırışı zamanı xidməti başa vuran çağırışçılar evə qayıdacaq, yeni çağırışçılar isə xüsusi təyinatlı hərbi əməliyyata cəlb olunmayan hissələrdə xidmət edəcəklər.

 

Bu il payız çağırışı adi vaxtdan bir ay gec, noyabrda başlayacaq və ehtiyata keçid oktyabrdan dekabr ayına qədər baş tutacaq. Həmin müddətdə 120 min nəfərin çağırılması planlaşdırılır ki, bu da ötən payızdan 7500 nəfər azdır.

 

Xatırladaq ki, sentyabrın 21-də prezident Vladimir Putin öz fərmanı ilə Rusiyada qismən səfərbərlik elan edib. O bildirib ki, hərbi xidmətdə təcrübəsi olan, qoşunlar arasında tələbat olan hərbi qeydiyyat ixtisaslarına malik ehtiyatda olan hərbçilər çağırılacaq. Öz növbəsində Şoyqu qeyd edib ki, səfərbərliyə 300 min nəfərə qədər insanın çağırılması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü