15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd olundu. Bu cəhdin qarşısı xalq tərəfindən alına bildi. Ancaq bu çevriliş cəhdi Türkiyənin bir çox sahələrinə ciddi şəkildə zərər vurdu.
Bəs Türkiyə əvvəlki vəziyyətinə qayıtmaq üçün nələr etməlidir?
Politoloq Arzu Nağıyev məsələ ilə bağlı Modern.az-a şərh verib.
Ekspert bildirib ki, Türkiyənin qarşısında duran ən birinci vəzifə, dövlət çevrilişinə cəhdin qarşısı tam almaqdır.
“İstintaq öz sözünü dedikdən sonra yəqin ki, iqtisadi problemlərə qayıtmaq lazımdır. Daha sonra ordu quruculuğu və siyasi məsələlərdə də addımlar atılmalıdır. Məlumdur ki, iqtisadi məsələlər özünü çox qabartdı. Həm turistlərin Türkiyəyə gəlməsi azaldı, həm də bu müddətdə türk lirəsi ucuzlaşdı. Bunun da problemləri ondan ibarədir ki, vətəndaşlar tərəfindən iqtisadi məsələlərdə islahatlara inam itib.
Siyasi məsələlərə gəldikdə isə istər Qərblə, istər yaxın qonşularla münasibətlərə yenidən baxılmalı və bu istiqamətdə yeni dəyişikliklər olmalıdır.
Məlumdur ki, avqust ayında Ali Hərbi Şuranın yığıncağı keçirilməlir. Burada da ordunun siyasi məsələlərə nə qədər qarışacağı məsələsi müzakirə obyekti olacaq. Bunların hamısı nəzərə alındıqdan sonra Türkiyə növbəti addımlarını atmalıdır. Eyni zamanda bütün partiyaların mövqeyi ortaya qoyulmalıdır. Ordunun və hüquq-mühafizə orqanlarının siyasiləşməsi və dinin təsiri məsələsi də yəqin ki, aydınlaşmalıdır. Bütün istiqamətlərdə müvafiq addımlar atılmalıdır”.
Arzu Nağıyev hesab edir ki, müsəlman dünyasında, türk dünyasında ən demokratik dövlət Türkiyədir. O deyib ki, demokratik prinsiplər əsas gtürülməlidir:
“Sadəcə olaraq bu məsələlərdən istifadə edərək mehmetçiyə qarşı atılan addımları anti-demokratik addımlar kimi qələmə verdilər. Əlbəttə ki, mehmetçiyə qarşı belə addımlar atmaq düzgün deyildi. Çünki türk ordusu ən güclü ordulardan biridir. Bundan başqa unutmaq lazım deyil ki, Türkiyə siyasi partiyalar üzərində qurulmuş dövlətdir.
Hətta dövlət çevrilişinə cəhd zamanı müxalifət partiyaları hökumətin yanında oldular və dövlət çevrilişi cəhdini pislədilər. Bunun özü demokratiyanın bariz nümunəsidir. Buna görə də düşünürəm ki, hər zaman demokratiya öndə olmalıdır, seçkilər şəffaf keçirilməlidir. Düşünürəm ki, Türkiyə bu istiqamətdə uğurlu addımlar atacaqdır. Digər hallarda isə Türkiyə dünyadan təcrid oluna bilər”.
Qafar Ağayev