Modern.az

Nə üçün Xocalı? - Musa Qasımlı yazır

Nə üçün Xocalı? - Musa Qasımlı yazır

Aktual

20 Fevral 2022, 17:40

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində işğalçı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımdan 30 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalıda törədilən soyqırımın 30-cu ildönümü haqqında yanvarın 28-də sərəncam imzalayıb. Sərəncamda Xocalıda törədilən soyqırım Azərbaycan tarixinin ən dəhşətli hadisələrindən biri kimi qiymətləndirilir.

 

Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayət

 

Xocalı dünya arxeologiya elminə qədim yaşayış məskənlərindən biri, Xocalı-Gədəbəy mədəniyyətinin nümunəsi kimi daxil olub. Ağdam – Şuşa, Əsgəran – Xankəndi yolunun üstündə yerləşən Xocalı şəhəri  əlverişli hərbi-strateji əhəmiyyət daşıyırdı. Xocalının işğal edilməsi yollara nəzarət etməyə və işğalları genişləndirməyə imkan verirdi. Şəhərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda yeganə hava limanı var idi.

 

1991-ci ilin oktyabrından  Xocalı Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı. Şəhərə gedən bütün avtomobil yolları bağlanmışdı. Əlaqə yalnız helikopterlə saxlanılırdı. 1992-ci ilin yanvar ayından etibarən şəhər ilə helikopter əlaqəsi də kəsildi və ağır vəziyyət yarandı. Bu zaman Azərbaycanda dərin böhran hökm sürürdü, dövlət hakimiyyəti zəif idi.

 

Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət

 

Təcavüzkar Ermənistan silahlı birləşmələri və Xankəndidə yerləşən 366-cı keçmiş sovet hərbi alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində mühasirədə olan mülki azərbaycanlı əhaliyə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hücum etdi. Şəhər əhalisinə qarşı soyqırım həyata keçirildi. 613 nəfər öldürüldü, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst edildi. Öldürülənlərin 63 nəfəri azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi. Bu, azərbaycanlılara qarşı əsl soyqırım aktı idi. Xocalıda insanlar yalnız milli və dini mənsubiyyətinə - azərbaycanlı olduqlarına görə məhv edilmişdilər. Öldürülənlər xüsusi amansızlıqla qətlə yetirilmişdilər.      

     

Xocalı soyqırımını törətməklə Ermənistan azərbaycanlıları qorxutmaq, işğalçılıq siyasətini həyata keçirməkdən ötrü ən qəddar üsullara əl atmağa hazır olduğunu göstərdi. Bu vəhşiliyi Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarkisyan Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində aşağıdakı kimi etiraf edirdi:

 

“Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq”.

 

Erməni terrorçuları M.Melkonyan və S.Melkonyan isə yazırdılar ki, Xocalı sakinləri altı mil qət edərək demək olar təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qab¬larından çıxarıb adamları doğramağa başladılar.

 

Xocalının məhv edilməsi ilə hava limanı Azərbaycanın nəzarətindən çıxdı. İşğalçı Ermənistan-dan silah və silahlı dəstələrin gətirilməsi daha da intensivləşdi. Ermənistanı belə cəsarətləndirən Rusiya rəhbərliyində və ordusundakı müəyyən qrupların hərbi, siyasi və mənəvi yardımları idi.

 

Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi, bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir. Bu soyqırımı haqqında ABŞ, Türkiyə və digər ölkələrin mətbuat orqanlarında dərc edilən çoxlu məqalələrdə azərbaycanlıların kütləvi surətdə məhv edilməsi təsvir olunmuş, fotoşəkillər verilmişdi.

 

Xocalı soyqırımının nəticələri

 

Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirdi. Vətəndaşların hiddətinin həddi-hüdudu yox idi. Onlar Ermənistanın hərbi təcavüzünü dayandırmaqdan ötrü qəti addımların atılmasını tələb edirdilər. Azərbaycan hakimiyyəti isə zəif və gücsüz idi. Bakıda davam edən və getdikcə güclənən mitinq iştirakçıları hakimiyyətin istefasını tələb edirdilər. Artan təzyiqlər qarşısında Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarova istefa verdi. Bu vəzifəyə Yaqub Məmmədov seçildi. Az sonra Prezident A. Mütəllibov da istefaya getdi. 1992-ci ilin mayında Şuşa işğal edildikdən sonra A.Mütəllibovun hakimiyyətə qayıtmaq cəhdinin qarşısını alan Azərbaycan Xalq Cəbhəsi silahlı çevriliş etdi. Ölkə daha dərin xaos və anarxiya dövrünə qədəm qoydu.

 

Xocalı soyqırımını tanıtmaq fəaliyyətləri

 

Xocalıda törədilən soyqımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin “hücum diplomatiyası” kursunun həyata keçirilməsi müstəsna rol oynadı. Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyəti və 2008-ci ildən başlayan “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra ölkələrində bu hadisə soyqırımı kimi tanınıb, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə bu barədə dərs kitablarına məlumatlar daxil edilib, filmlər çəkilib. Dünyanın müxtəlif dillərində kitabçalar və əsərlər çap edilib, elmi konfranslar keçirilib. Bu fəaliyyətlər indi də davam etdirilir.

 

Alınacaq ibrət dərsləri

 

Xocalıda törədilən soyqırımdan alınacaq bir sıra ibrət dərsləri vardır. O zaman Azərbaycanda sabitlik, güclü dövlət, ordu və qüdrətli dövlət rəhbəri, xalq ilə hakimiyyət, hakimiyyətin qanadları arasında birlik olsaydı Xocalı soyqırımı olmaya bilərdi. Deməli, Xocalı soyqırımından alınacaq başlıca ibrət dərsi ondan ibarətdir ki, ölkəmizdə sabitlik, güclü dövlət, qüdrətli ordu, hakimiyyət ilə xalq, hakimiyyətin qanadları arasında sıx birlik daim mövcud olmalıdır. Ötən illərin təcrübəsi göstərir ki, millətimizin qarşıya qoyduğu məqsədlərinə çatmasının təməlində bilavasitə həmin amillər dayanır. Necə ki, 44 günlük müharibədə qazanılan qələbə bunu sübut etdi.

 

Musa Qasımlı,

 Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı