Modern.az

3 instituta yeni direktor təyinatı oldu - SİYAHI

3 instituta yeni direktor təyinatı oldu - SİYAHI

Ölkə

20 Noyabr 2012, 09:35


“Azərbaycan Müəllimlər İnstitutunda aparılan ciddi kadr dəyişiklikləri nəticəsində, bu ali təhsil ocağınınregionlardakı 3 filialının direktoru işdən azad edilib. Artıq həmin institut filiallarına yeni direktor təyinatı da olub”. Bu barədə Modern.az-a Azərbaycan Müəllimlər İnstitutunun (AMİ)  rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məlumat verib:

Rektor deyib ki, AMİ-nin bütün  filiallarında rəhbərliyin tələb etdiyi qayda-qanunla işləyə bilməyən direktorlar vəzifəsindən kənarlaşdırılacaq.

“Hazırda  bu istiqamətdə işlər gedir. Qarşıda hansı filialların rəhbərləri barədə sərt tədbirlər görəcəyimizi indidən deyə bilmərəm, çünki təşvişə düşə bilərlər. Bunu qabaqcadan bilməsələr yaxşıdır. Amma şübhəsiz, işinin öhdəsindən gələ bilməyən direktorların heç birini vəzifədə saxlamaq fikrimiz yoxdur. Hətta bəzi filialların direktorlarının yerləri dəyişdirilib. Bu o demək deyil ki, onlar həmin vəzifədə əbədi oturacaqlar. Yerini dəyişdiklərimizə bir il vaxt qoymusuq, işin öhdəsindən gəlməsələr, onları da saxlayası deyilik”.
 
Rektor Modern.az-a bildirib ki, işdən azad edilənlər Quba, Qazax və Şamaxı filiallarının direktorlarıdır və artıq onların yerinə təyinat da olub:

“Şamaxı filialına yeni direktor Azərbaycan Müəllimlər İnstitutunda prorektor vəzifəsini tutan Tünzalə Yusifova təyin olunub. Qazax filialına vaxtilə Gəncədə fillial direktorunun tədris işləri üzrə müavini olmuş Afaq Qasımova rəhbər göndərilib. Quba filialımıza Əli Allahverdiyev təyin olunub. O, Azərbaycan Pedaqoji Universitetinin İqtisadi və sosial problemlər kafedrasının müdiri idi, iqtisad elmləri doktorudur”.

A.Naxçıvanlı onu da əlavə edib ki, adıçəkilən direktorlar yeni vəzifəyə bir illiyə təyin olunub: “Onlarla bir illik müqavilə bağlanılıb. Biz onların fəaliyyətinə baxacağıq, əgər bir il ərzində qənaətbəxş işləsələr, sonra uzun müddətli müqavilə bağlayacağıq. Hazırda onlar sınaq dövründədirlər. Qazax filialında tədrisdə, tikintiyə ayrılan vəsaitin xərclənməsində bir çox nöqsanlar olub. O biri filiallarda  isə dəyişkənlik kollektivdə əmin-amanlıq yarada bilmədikləri üçün edilib”.

Qeyd edək ki, bir muddət əvvəl Azərbaycan Müəllimlər İnstitutunun Quba, Qazax və Şamaxı filiallarının direktorları işdən azad olunub,  Zaqatala və Mingəçevir filiallarının isə direktorlarının yeri dəyişdirilib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı