Modern.az

Cehiz mərəzi

Cehiz mərəzi

Ölkə

3 Aprel 2013, 14:04

Məncə günümüz əsas problemlərinə cehiz mərəzi başçılıq edir. Kimi dindirirsən banklardan aldığı cehiz kreditini, qohum-qonşudan aldığı pulu, iş yoldaşından yalnız 1 aylığa götürdüyü, amma aylardır əziyyətinin çəkib qaytara bilmədiyi əmanəti, nə bilim mebel dükanlarının nisyə dəftərindəki vəsaiti qaytara bilmir. Borc yığılır borcun üstünə. Bank, qonşu, qohum, iş yoldaşı, mebel dükanı, lap sonda isə bütün ümidləri dikib gəlir əldə edəcəyini gözləyən restoran yiyəsi qarışır bir-birinə.  Stress, həyacan, siz deyin, bütün bunlara ürək tab gətirə bilərmi? Azmı şahidi olmuşuq evlərdən geri sökülən mebellərin, gəlinlə bəyin girov saxlanıldığı restoranların? Bəlkə gəlinə kreditlə bahalı qızıl-zinət əşyalarının sonradan aşağı qiymətlərlə satılmasının? Bəs yaxşı niyə bu qədər əziyyət çəkirik? Bu şan-şöhrət əzabı bizi haraya aparacaq? Olmasın ağ qızıl, olsun adi qızıl. Olmasın bahalı mebel, olsun ucuz mebel. Lap olmasın plazma televizor, olsun tutaq ki, "BEKO"nun ən adisi. Olmasın iki dəst divan-kreslo, pultlu çilçıraq, "BOGEMA" qablar… Dünya dağılmır ki? Sonradan da başlayır deyişmə. Bir tərəf deyir, mən 10-15 minlik cehiz verirəm, sən də zəhmət çək o miqdarda qızıl gətir. Qızımın saç düzümünə 500-1000 manat, gəlinliyinə iki qat ondan artıq pul ödə. Burnumuzdan töküləcək bu görüntü nəyimizə lazımdır axı? Gəlinin qaş-qabağına səbəb olacaq hallarla bəlkə az qarşılaşmısınız: bahali divanımda çox oturdular, qab-qacağıma əl vurdular, televizor çox işlədi, soyuducumu açıq saxladılar, nə bilim daha nələr, nələr...

Vallah, söz-söhbətə nədən olacaq bütün arqumentlər bizim cehiz mərəzindədir. Gecə-gündüz yarıac-yarıtox bir çörək puluna işlə, üstəlik, borca düşüb cehiz xəstəliyinə tutul. Pulunu ödəyə bilməyəndə isə özündən artıq-əskiyinin qabağında əyil. Borclu olduğun adamlardan zəng gələndə telefonu açma, ya da min bir bəhanə gətir.

Tanışlarımdan biri danışır ki, qonşusu gündə iki dəfə usta çağırmaqla hələ də sovet dövründən qalmış televizordan istifadə edir. Di gəl, qızına elə bir cehiz verdi ki, o təmtəraq hələ də dillər əzbəridir. Öz-özümə düşünürəm ki, çərxi-fələk tərsinə dövran edir, deyəsən. İndi o qızın həyat yoldaşı, qayınatası yaraşıqlı divanın üstündə uzanaraq bahalı televizorun ləzzətini çıxartdığı bir vaxtda, illərdir adicə bir ucuz yollu mebel dəstinə, rəngli televizora möhtac qalan bu biçarənin gününə bir bax?  

Cehiz mövzusunda yazı yazdığımı bilən iş yoldaşım da maraqlı bir əhvalat danışdı. Deməli, uşağının dayəsi (dediyinə görə çox kasıbdır) gəlininə borc-xərc edərək qiyməti 2000 min manata olan brilliant kalye alıb. Onu bu inadından isə döndərmək sadəcə olmayıb. Avropa və Amerikanın adi işçisi geyim-geçimindən, çörəyindən keçib brilliant almagı ağlından belə keçirməz. Çünki bu, onun həyatına lazım olmayan bir əşyadır. Bizdə isə əksinədir. Müəllim auditoriyaya, həkim əməliyyata, xadimə iş yerinə elə bərli-bəzəkli, bahalı qızıl-zinət əşyaları ilə gəlir ki, toyla iş yerini səhv salmış olursan…

Zənnimcə hər şey yerində gözəldir. Bu gözəlliyi isə sadəcə duymaq, xoşbəxtliyin açarının nə geyimdə, nə qızılda, nə də cehizdə olmadığının fərqinə varmaq lazımdır.

Cehiz mərəzindən, cehiz qarayarasından  uzaqlaşmaq, gəncləri hər şeyi zəhmətlə əldə etməyə alışdırmaq lazımdır.

Bu xəstəlikdən qurtarsaq, sonrakı problemlərə də yol açmamış olarıq…

Bəlkə bir qədər dərindən düşünək?!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı