Modern.az

Gözlər yoldan yığılarmı... - VI YAZI  

Gözlər yoldan yığılarmı... - VI YAZI  

Aktual

10 Fevral 2019, 08:06

Nəzirməmməd ZÖHRABLI 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...


Şuşa özü də bir əsirdir...

(Altıncı yazı)

Xəqaninin axtarışlarında bilavasitə iştirak etmiş doğmalarını dinləməkdə davam edirəm. Onlar üçün bu mövzuda danışmaq çətin olduğu qədər, mənimçün də bu mövzunu dinləmək çətindir. Nə edəsən ki, bu bizim xalqımızın məcburən cəlb edildiyi, torpaqlarımıza, tarixi yurd yerlərimizə, maddi-mədəniyyət abidələrimizə qarşı başladılan ədalətsiz savaşda başımıza gələnlərin kiçicik bir detalıdı. Amma insan taleyidi. Bir gəncin yarıda qırılan həyat yoludu. Qırılanmı?!.. Mən qələmə aldıqca, siz oxuduqca təlaşlanırıq, deyilmi?!

Qəsbkarın ədaləti ola bilərmi?!

Tarix boyu torpaqlar uğrunda ədalətli-ədalətsiz müharibələr barəsində çox oxumuşuq. Ədalətliliyin burda yalnız bir anlamı var: xalq, millət öz tarixi Vətənini qorumaq üçün savaş mücadiləsinə qalxanda doğruldur bu amil özünü. Qəsbkarınsa nə ədaləti ola bilər, nə də ədalətli müharibəsi. Qəsbkara dəstək verən, ona göz yuman dünyasa, şübhəsiz ki, elə onun özü qədər cinayət şərikidir. Kimliyindən asılı olmayaraq. Əgər bu gün Ermənistan adlanan dövlət minlərlə azərbaycanlını əsir saxlamaqla kiməsə arxalanırsa, fərqi yoxdur, bu super güclər olsun, ya bir başqa dövlət, onun ideologiyasında bu, təbii ki, birmənalı olaraq insanlığın ən aşağı stadiyası anlamının daşıyıcısı olmaq və ya buna rəvac verməkdir. Amma yaşadığımız zaman X-XVII əsrlər zamanı deyil. Dünyanın cəhalət dövrü, eyni zamanda əsirə, girova potensial qul xislətində yanaşma zamanını indiki sivil düşüncəli insan qəbul etmək iqtidarında deyil. Təəssüf ki, siyasətlər, məkrlər, hiylələr bu yanaşmaya adekvat düşüncə tərzini dilə gətirsələr də, onu əməldə göstərməkdən hələ çox-çox uzaqdadırlar. Sivil insansa adicə bir faktı, məsələn, İraqda ABŞ-ın əsirlərə əzab vermiş əsgərini məhz bu əməlinə görə məhkəmə qarşısına çıxardığını böyük minnətdarlıq hissi ilə qəbul etdi. Yəqin xatırladınız bu faktı. Bəziləri onu sadəcə şou adlandırmışdı, bəziləri niyyətindən asılı olmayaraq bütün hallarda təqdir etmişdi. Çünki insanlar indiyədək hansısa bir əsirin yüksək səviyyədə, el dili ilə desək, yağ-bal içində saxlanmadığını bilirdilər, incidildiyini təbii qəbul edirdilər, amma ona zülm verənin mühakimə olunduğunu görməmişdilər. ABŞ-ın o zaman, əsir olsa belə, insan amilinə yanaşma tərzi, qeyd etdiyim kimi, o dövrdə təqdir edilmişdi. Amma bizim cəlb edildiyimiz müharibənin əsas iddiaçıları hansısa sivil ölkənin deyil, getdikcə daha da barbarlaşan Ermənistanın qanqster rejimidir. Onlardan adi insana belə hörmət bəslənilməsini gözləmək sadəlövhlük olardı, nəinki hərbi əsirə müasir, humanist təfəkkürlə yanaşmaq...


İtmiş əsgər barədə mülahizə əsaslı arayış...

Xəqaninin doğma dayısı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi, təqaüdçü Rəsul Səfərovla itkin-şəhidimizin axtarışları zamanı pərakəndə şəkildə müharibə aparan o zamankı Azərbaycanın bəzi hüquqi prosedurlarının da çözümünə baş vurduq. Döyüşlər, əsgərin qeydiyyatını belə qədərincə aparmayan, əsgərinin taleyindən bixəbər və ya buna – insan taleyinə laqeyd yanaşan hərbi hissələr, Xəqaninin Rusiyaya, hətta Ermənistana qədər uzanan axtarışları... dinləyin:

- Bizim Xəqanilə bağlı axtarışlarımız çox olub. Mən əsasən iştirak etmişəm Ağdamın Qərvənd kəndindəki axtarışlarda. Yəqin sizə bu barədə az-çox danışıblar artıq. Sonra mən dəqiqləşdirmək üçün ki, bu döyüş, itkinlik hansı formada, hansı şəraitdə baş verib, gəldim Qərvənddəki hərbi hissəyə. Burda komandiri tapdım. Hərbi hissədən hətta bir arayış istədim ki, yazsınlar görüm Əkbərov Xəqani Eyvaz oğlu hansı hərbi hissədə, hansı şəraitdə itkin düşüb. Amma onlar ortaya konkret bir şey çıxara bilmədilər ki, valideynə ən azı onu təskinləşdirə biləcək əsaslandırılmış arayış versinlər. Təsəvvür edin ki, bizi sakitləşdirməkdən ötrü Xəqani ilə döyüşlərdə olmuş əsgərləri çağırıb onlarla söhbət apardılar. Fikir verin, əgər maraqlanmasaydıq, heç bəlkə öz əsgərlərinin yoxa çıxması haqda düşünməyəcəkdilər də... Əlqərəz, söhbət əsasında aşkar etdilər ki, bizim əsgərlər elə biliblər Boyəhmədli kəndində daha erməni yoxdu. Giriblər kəndə. Görüblər yarıuçuq evlər durur, çaxır çənləri var. Elə biliblər burda bir təhlükə qalmayıb, yıxılıb yatıblar yaşamaq nisbətən mümkün olan boş evlərdə. Səhərə yaxın ayılıblar ki, ermənilər bunları salıb tamamilə mühasirəyə. Beləcə döyüş baş verib.

- Arayışın ümumi məzmununda nələr qeyd olunmuşdu?

- Arayışı alandan sonra biz rəsmən öyrənə bildik ki, həqiqətən də Əkbərov Xəqani Eyvaz oğlu bu hərbi hissədə döyüşçü olub. Fərhad adlı əsgər yoldaşı ilə kəşfiyyat bölüyündə qulluq ediblər. Əslən ukraynalı olan Zelenko soyadlı komandirləri əsgərlərə müraciət edib ki, kim əsgərlərin mühasirədən çıxması üçün bu ərazidəki ermənilərin qarşısını ala bilər? Bu zaman Fərhadla Xəqani qabağa çıxaraq bu çətin və ağır işi öz öhdələrinə götürüblər. Onlar ikisi qalıblar həmin yerdə, rota deyirdilər, indi bizdə deyəsən bölük adlanır, bölük ərazidən çıxıb. Bundan sonrakı aqibətləri isə məlum deyil (bu da Rəsul müəllimin eşitdiyi nisbətən fərqli versiyadır. Məlumat, hərbçi nizam-intizamı pərakəndəliyinin acı nəticələrindən biri – N.Z.). 


İxtisasca hüquqşünas, uzun müddət hüquq-mühafizə orqanlarında çox məsul vəzifələrdə çalışmış Rəsul Səfərovdan öz şəxsi və ya xidməti əlaqələri vasitəsilə hansı axtarışlar apara bilməsi və nəticələrlə maraqlanıram. Həmsöhbətim deyir:

- Mən öz əlaqələrimlə neyləyə bildim? Əvvəla, qeyd etdiyim kimi, hərbi hissə komandirinin yanına getdim. O mənə dəqiq bir söz deyə bilməyəndə ona öz haqlı iradımı bildirdim ki, axı sən necə komandirsən tabeliyində olan 30 əsgərin döyüşdən çıxdığı, iki əsgərin itkin düşdüyü az saylı bir bölüyün döyüşçüləri barədə dəqiq məlumatları verə bilmirsən? Amma tarixi Stalinqrad döyüşlərində bir milyon insan həlak olub, mən dəfələrlə onların qohum-əqrəbaları adından SSRİ Müdafiə Nazirliyinə məktublar yazmışam, hamısı barəsində məlumatlar veriblər. Axı sən bunları bilməlisən ki, mütləq əsgərin, döyüşçünün valideynini lazım gələndə dəqiq uçotu ilə məlumatlandırasan, ya onlara qara kağız göndərəsən, ya bir məktub yazasan və sairə və ilaxır. Amma siz bunların heç birini etməmisiz, biz düşmüşük qapı-qapı məlumatları yığırıq, onlar da natamam, yarımçıq. Təsəvvür eləyin, biz orda olanda ermənilərin meyitlərin gətirdilər Qərvəndə. Çıxdım maşında bir-bir meyitlərə baxdım ki, birdən bunların arasında ola bilər-filan. Bu vaxt azərbaycanlı meyiti ilə erməni meyitlərinin dəyişdirilməsi prosesi aparılırdı orda. Kimə müraciət etdiksə, heç biri boynuna götürmədi ki, gedib bu əsgəri axtararam.

Sonra öz əlaqələrim vasitəsilə hətta vaxtilə bizimlə işləmiş, hazırda Ermənistanda yaşayan ermənilərə qədər soraq saldım ki, onlar axtarsınlar, əgər orda tapılsa, biz də bir erməni tapaq dövlətin xəttilə dəyişdirək. Ondan da bir nəticə hasil olmadı. Mənim kürəkənim o vaxt Milli Təhlükəsizlik Nazirliyində işləyirdi. Operativnik idi. Həmçinin ermənilər üzrə iş şöbəsində çalışırdı. O da çox soraqlaşdı, axtarışlar apardı, amma bir ipucu tapa bilmədi. Ancaq onu itkin düşmüşlərin siyahısına sala bildik. Bax, belədi vəziyyət.

Bəs hərbi əsirlərdən onu Xankəndidə gördüyünü deyənlər olub. Bu fakt sizə heç nə vermədi? - sualımın cavabında sabiq hakim hələ 25 il öncəki axtarışları zamanı da rast gəldikləri təxminən buna bənzər hadisələr barədə məlumatları sadaladı. Bildirdi ki, özü o zaman əvvəlcə Ağdam rayonunun Qərvənd, sonra Quzanlı kəndlərində yerləşmiş prokurorluq orqanının Tağıyev soyadlı prokurorunun yanında olub. Prokuror Rəsul müəllimi bir həmkar kimi çox isti qarşılayıb, yerli adamlara ona kömək etməyi tapşırıb. Yerlilər də söyləyiblər ki, burada  Mamed (yəqin ki, əsl adı Məmməd və ya Məhəmməd olub –N.Z.) adlı bir adam var, bəlkə o sizə yardım edə bilər. Lakin Mamedin söylədiklərində də elə bir ciddi məsələ hiss edilməyib. Belə ki, Mamed guya Şəkidən gəlib öz adamlarını axtaranların olduğunu, adamlarını tapana qədər dəyişmək üçün saxladıqları erməniləri Şəkidə gizlətdiklərini və s. belə qeyri-ciddi sözlər danışıb. O qarışıqlıq zamanında belə səviyyəli söz-söhbətdən savayı konkret heç nə öyrənə bilməyən doğmalar kor-peşiman geri dönməli olublar. “Qırmızı Xaç” cəmiyyətinə müraciət ediblər:


- “Qırmızı Xaç” cəmiyyətinin yerli nümayəndəsi bizim rayonun indiki deputatı (Rəsul müəllim Bakıda yaşasa da, söhbət İsmayıllı rayonundan gedir – N.Z.) Novruz Aslanovdu. Onunla danışdım bu barədə. “Qırmızı Xaç”-ın Fransa nümayəndəliyindən də bir nəfər gəlmişdi. Onu da məlumatlandırdıq. Xahiş etdik ki, Ermənistanla əlaqə saxlayıb bizə məlumat versinlər. Qəribədir ki, onlardan da bir soraq çıxmadı.


Söhbət əsnasında Rəsul müəllim mənimlə razılaşır ki, Xəqani sağdırsa, onun gizlədilməsinə ancaq bir nəsnə - kəşfiyyatçılığı səbəb ola bilər. Amma bir-iki ayın əsgərinin əlində hansı kəşfiyyat sirləri ola və bu az müddət əsl kəşfiyyatçı kimi yetişməkdə nə rol oynaya bilərdi ki?!..

Mən bu fikrimi media vasitəsilə xəbər tutduqlarımla əsaslandırıram ki, məsələn, Xocalıdan əsir düşmüş rabitəçi qadını Xocalıdan əsir düşmüş əsgərdən daha çox incitmişdilər. Səbəb yəqin ondan hər hansı bir sirrin alınması və ya onun işinin Azərbaycan tərəfə hansısa səmərəsi ucbatından ermənilərin daha çox itki verməsi ola bilərdi. Yəni qisasçılıq zəminində. Düşünürəm ki, kəşfiyyatçıya da belə münasibətlər prizmasından digərlərindən fərqli yanaşa bilərlər...

Həmsöhbətim bir qədər düşündükdən sonra davam edir:


- İndi bununla bağlı jurnalist yanaşması ilə bəlkə də bəzi analizlər aparmaq olar. Amma faktlar, yəni öyrənə bildiyimiz faktlar bax, bunlardır. Bir-iki il axtarış aparmışıq mümkün, qeyri-mümkün əlaqələrimiz vasitəsilə. Nəticəsizliklə üzləşmişik hər zaman. İndi də deyirlər ki, erməni əsirliyində 1400 adam var. O əsirlərin siyahısında adı olsa, deməli sağdı, yoxdusa, deməli elə o döyüş ərazisində də öldürülüb. Mən inana bilmirəm ki, o şəkildə mühasirəyə alınan yerdən onlar sağ-salamat çıxa bilsinlər.

- Xəqaninin orduya getməyini, ümumiyyətlə 25 il öncə yoxa çıxmış bacınız oğlunu necə xatırlayırsınız?

- Bacım oğlu kimi çox yaxşı, çalışqan bir uşaq kimi xatırlayıram mən Xəqanini. Onu Bakıda işə də düzəltmişdik. Qardaşı Elçinlə bir yerdə işləyirdi. Axşam şöbəsində oxuyurdu. Cəbhəyə də könüllü getdi. Mən bir gün Bakıda maşınla gedərkən “Nərimanov” metrosunun yanında onu əsgər paltarında gördüm. Gəldim anasına dedim ay Telli, bu uşağı tutub aparıblar orduya, bəs mənə niyə deməmisiz? Dedi yox, özü öz ərizəsi ilə könüllü gedib. Dedim onda lap yaxşı. Vətəndaşların hamısının borcudu elə könüllü gedib döyüşmək.


Allah onu bizə qismət eləmədi


Bəs neyləyə bilərik bu yazılar vasitəsilə həqiqət üzə çıxsın, Xəqani haqqında dəqiq məlumatları ala bilək və ya onun axtarışları ilə bağlı bir hərəkətlənmə yaransın? Bu sual məni itkin-şəhidlə ilgili bütün görüşlərimdə, söhbətlərimdə maraqlandırırdı. Təcrübəli hüquqşünasın da bu sualıma cavabında ümid işartıları görmək arzusundaydım. Ancaq Rəsul müəllim “yazın, heç olmasa xatirə kimi qalsın, əlimizdən başqa nə gəlir ki? Nəsə dəqiq bilsəydik, bir qədər fərqli yanaşmaq olardı bu yazılara” dedi. Sonra Xəqanini vaxtilə hətta Moskvada, Sankt-Peterburqda yaşayan ermənilər vasitəsilə də axtarmaq istədiyini, lakin bir nəticə əldə edə bilmədiyini söylədi. Amma məndən ötrü, tutalım, Xəqani Əkbərov Şuşa həbsxanasında saxlanırsa, Moskvada, Rusiyanın digər şəhərlərində, yaxud lap elə Ermənistanda yaşayan sıravi erməni Şuşa həbsxanası barədə necə məlumat ala bilər?! Şuşa kriminal bir rejimin əlində, haqq-hesabı soruşulmayan, statusu bilinməyən qeyri-müəyyən bir məkan... Şuşa özü də bir əsirdi... Ona görə indiyədək nəticəsiz qalan axtarışlardan yaranmış ümidsizliyə də qapılıb qala bilmirsən. Bəs hərbi əsirin şəkillə tanıyıb dedikləri, Xankəndidə qolu sarıqlı yer qazan əsir?!.. Suallar çoxdu. Amma hər dəfə üzləşilən uğursuzluq ağsaqqal Rəsul müəllimdən tutmuş Xəqaninin yalnız adını eşidən balacalara qədər hamını sarsıdıb. Gözlər axtarışda, baxışlar dumanlı... həyat beləcə davam eləyir...

Sabiq hakim deyir ki, ola bilər, onu mənim şübhələndiyim kimi, istifadə məqsədilə saxlayırlar, ola bilər artıq istifadə ediblər, harasa kəşfiyyata göndəriblər və dövlət sirri qismində bunu cidd-cəhdlə gizləyirlər. Amma bayaq dediyimiz kimi, ola da bilər ki, o heç ümumiyyətlə mühasirədən çıxa bilməsin. Versiyalar çox ola bilər. Rəsul müəllim, tərəddüdlə də olsa, əmin olmaq istəyir ki, Xəqani sağ-salamat orda olsaydı, bəlkə bir vasitə ilə xəbər çatdırardı. Savadlı uşaq idi. İndi artıq əlli yaşı var. Yəqin bir vasitə tapardı. Başqa heç nə deyə bilmərəm onun və ümumiyyətlə bu işin barəsində. Allah onu bizə qismət eləmədi. Bildiklərimiz də, versiyalarımız da bu.

Xəqaninin sevdiyi mahnı – “Aşıq Gəncəli dağlar”...

Rəsul müəllimdən ayrılıb Gəraybəyli kəndinin içərisi ilə hərəkət edirəm. Qarşıma çıxan hər kəsdən Xəqani barədə məlumat almaq keçir ürəyimdən. Ancaq qarşılaşdığım əksər insanlar gənclərdi. Onlar 18-20, uzağı 25 yaş civarında görünürlər görkəmlərindən. Deməli, Xəqaninin itkinlik tarixini ötmür yaşları. Onlar Xəqanidən sonra anadan olmuş, Xəqanisiz illərdə boya-başa çatmış, Xəqanisiz illərdə toy-bayramda şənlənmiş, hüznlü günlərdə qüssələnmiş gəraybəylilərdi. Elə bu məqamda Xəqaninin xeyir-şərdə iştirakı ilə maraqlanıram qardaşı Qinyazdan. Qinyaz qəfil sualımın yaratdığı auradan kövrələrək Xəqaninin, hər sahədə olduğu kimi, el-obanın xeyir-şər məclislərində də xüsusi təşəbbüskarlıqla iştirak etdiyini, daim nəyəsə gərəkli olduğunu xatırlayır bir anlıq. Onu da söyləyir ki, Xəqani toylarda mərhum ünlü bəstəkarımız Emin Sabitoğlunun bəstələdiyi, müğənni Xədicə Abbasovanın ifa etdiyi, o zaman dəbdə olan “Aşığın arzuları – Aşıq Gəncəli dağlar” mahnısının sədaları altında rəqs etməyi çox xoşlayarmış:

- Aşıq Gəncəli dağlar, oy yar-yar,
Dibi yoncalı dağlar, oy yar,-yar,
Yarından ayrı düşən, ay yar-yar
Nə vaxt dincəli dağlar oy yar-yar.


Aşıq, illər uzunu, ay uzunu,
Şana tellər uzunu, ay uzunu,
Çəkərəm yar həsrətin, ay yar-yar
Aylar-illər uzunu oy yar-yar.


Bu mahnının yaratdığı əsrarəngiz peyzaj və təkrarsız ahəng Xəqaninin ayların, illərin gərdişində arzuladığı sevdasından bir yarpaq, bir sətirdir. Amma onun bitməyən yoxluğu nə ayların, nə də illərin çərçivəsinə sığır...

Qarşıda sizi itkin-şəhidimizlə bağlı daha maraqlı anlar gözləyir, əziz oxucular!

(Ardı var)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı