Modern.az

Tərbiyəsizliyi təlqin edən mahnı müəlliflərini necə tərbiyələndirməli?  

Tərbiyəsizliyi təlqin edən mahnı müəlliflərini necə tərbiyələndirməli?   

Aktual

2 Aprel 2019, 01:16

Firuz Mustafa


Zatən bu məsələ ilə bağlı siz də təkliflərinizi yaza bilərsiz..

Belə hesab edirəm ki, “Yağma yağış” mahnısını dinləyicilərin əksəriyyəti sevir, bəyənir, xoşlayır.
Unudanlar üçün xatırladıram: mahınının mətnini Xalq şairi Bəxtiyar Vahabzadə, musiqisini Hacıbaba Həsənov yazıb. Mən müəlliflərin hər ikisi ilə tanış idim. Bəxtiyar müəllimi təqdim etməyə ehtiyac yoxdur. Mərhum Hacıbaba müəllimsə həkim, psixoloq və bəstəkar idi. Mahnı Rəşid Behbudovun ifasında çox gözəl səslənir. Bir sözlə, gözəl mahnıdır. Sözüm onda deyil.

Bildiyiniz kimi, mahnının lirik qəhrəmanı dil açıb yalvarır ki, “yağma yağış, mən görüşə tələsirəm”. Elə bu “yalvarış” mətni bir xeyli müddət bu maraqlı melodiyanın ekran və efirdə səsləndirilməsinə tabu qoymuşdu. O zaman MK-dan teleradio rəhbərliyinə belə bir göstəriş gəlir ki, əvvəla, görüşünə gedəcəyi qızın islanmaması üçün yağışın yağmasını istəməyən bu cür qəhrəman nümunəvi sovet gənci hesab edilə bilməz. İkincisi də, bu qəhrəmanın arzusu quraqlığa çağırışdır. Yəni belə çıxır ki, həm mahnı qəhrəmanı, həm də müəlliflər kənd təsərrüfatı məhsullarının bolluğunu istəmirlər...
Beləliklə, dediyim kimi, “Yağma yağış” mahnısının səslənməsinə uzun illər qadağa qoyuldu...

Hə, mən bu hadisəni niyə xatırladım? Son vaxtlar çox primitiv bir mahnının səslənməsinə qadağa qoyulmasına, hətta onu yazıb-oxuyanların çəzalandırılmasına çağırışı eşidəndə bu sətirləri yazmağı qərara aldım.
Bəs bu konuyla bağlı mənim fikrim nədir?
Deyim, siz də dinləyin. Əvvəla, əgər bu və bunabənzər mahnıların yazılmasına qadağa qoyulması tələb olunursa, onda gərək son 25-30 ildə yazılan mahnıların 90-95 faizinin səsləndirilməsinə qadağa qoyulsun və onların müəllifləri cəzalandırılsın. Çünki bu tip mahnılar, yəni mənasız, məzmunsuz, qeyri-etik, şit, bayağı söz yığnaqlarından ibarət sərsəmləmələr efir və ekranı başına götürüb. İkincisi, həmin mahnını araya-ərsəyə gətirənlərin cəzalandırılması... Bu, sadəcə olaraq çinli-paqonlu dostlarımıza yeni bir “çörək ağacının” yerini nişan verməkdir. Əgər inansaq ki, bu cür “cəza” ilə nəsə müsbət dəyişiklik əldə olunsaydı, müəlliflər cəza müddətində “islah olusaydı”, əlbəttə, bu çox müsbət bir hal olardı. Qorxuram ki, bu cür mübarizə metodları da başqa bir çox sahələrdə aparılan məlumi-məşhur tədbirlər kimi bir az müsbət olmasın, yəni az müsbət olsun... Nədənsə bu yerdə “müsbət” sözü “müsibət” sözünü xatırlatdı.

Hə, bildim, rəyimi və ya məsləhətimi bilmək istəyirsiz. Məncə, belə yerdə güclü, sağlam ictimai qınaq kifayətdir.
Elə bu sətirləri yazmışdım ki, mediada gözümə bir xəbər sataşdı: “Tərbiyəsiz, qeyri-etik mahnının ifaçısı polis tərəfindən saxlanıldı”.
Qorxuram, məhbuslardan birinin də sayı arta...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı