Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hava limanının açılışında iştirak edib, liderlər daha sonra təkbətək görüş keçiriblər.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.
Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub. Azərbaycan liderinin qardaş ölkəyə səfəri Türk dünyası ölkələrinin strateji əməkdaşlıq əlaqələrinin inkişafı baxımdan mühüm əhəmiyyətə malikdir. İki ölkə başçısının birgə açılışa qatılması, çıxışlar zamanı verilən mesajlar dünyanın gündəm mövzusuna çevrildi.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Modern.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri, Rize-Artvin hava limanının açılışında iştirakı tarixi hadisədir.
"İki liderin açılış mərasimdə iştirakı həm Türkiyə, həm də Azərbaycan üçün xüsusi strateji, iqtisadi əhəmiyyət daşıyır” ,- deyən Şamil Ayrımın sözlərinə görə, yeni istifadəyə verilən Rizə-Artvin hava limanı Türkiyə-Azərbaycan əlaqələri baxımından müsbət rol oynayacaq.
"Prezident İlham Əliyev çıxışında Türkiyə-Azərbaycan əlaqələrinin dostluq, qardaşlıq münasibətlərindən əlavə, müttəfiqlik səviyyəsinə yüksəlməsini xüsusilə diqqətə çatdırdı. Yeni nəqliyyat xətləri, ölkələrimiz arasında turizm, ticarət və qarşılıqlı əməkdaşlıq perspektivləri məhz bu cür layihələr əsasında təkmilləşir. Bundan sonra iki qardaş ölkə arasında əlaqələr daha güclənəcək".
Türkiyəli deputat Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasəti nəticəsində hər iki ölkənin inkişaf etdiyini, dünyanın aparıcı dövlətlərinə çevrildiyini sözlərinə əlavə edib.

Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş da Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin Rizeyə səfərinin tarixi hadisə olduğunu söyləyib:
“Azərbaycan Prezidenti İllham Əliyev Türkiyəyə səfəri hər iki ölkə üçün mühüm əhəmiyyətə malikdir. Bu səfər olduqca önəmlidir və Azərbaycanla Türkiyənin nə qədər yaxın olduğunu göstərir. İki dövlət, bir millət olduğumuzu prezidentlər səviyyəsində bir daha təsdiq edirik. Yeni açılan hava limanı çox yaxın müddətdə Azərbaycanla Türkiyə arasında ticarəti daha da artıracaq. Arzu edirik ki, Zəngəzur dəhlizi də tezliklə açılsın. Buna inanırıq ki, layihə tezliklə reallaşacaq və bununla ölkələrimiz arasında ticarət əlaqələri daha da yaxınlaşmış olacaq”.

Ərdoğan Karakuş Azərbaycanın 44 günlük Qarabağ zəfərindən sonra regionda yeni reallıqlar yaratdığını, rəsmi Bakının yüksək nüfuza sahib olduğunu vurğulayıb. Türkiyəli general qardaş ölkə rəhbərlərinin düşünülmüş siyasət yürütdüyünü, həm Azərbaycanın, həm də Türkiyənin dünya miqyasında böyük nüfuz qazandığını qeyd edib.
Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.
Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.