Modern.az

4 ayda istehsalatda 27 nəfər bədbəxtliyin qurbanı olub – Qara Statistika

4 ayda istehsalatda 27 nəfər bədbəxtliyin qurbanı olub – Qara Statistika

Aktual

15 May 2013, 12:29


Bu ilin 4 ayı ərzində istehsalatda 27 nəfər bədbəxt hadisənin qurbanı olub. Baş verən bədbəxt hadisələrin 9-u tikinti sektorunda baş verib. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov  Modern.az-a məlumat verib. O bildirib ki, ümumilikdə ötən il Azərbaycanda istehsalat prosesində 212 bədbəxt hadisə baş verib. Bu hadisələr zamanı 82 nəfər ölüb, 159 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Məhərrəm Məhərov deyir ki, qeydə alınan hər bir hadisə ilə əlaqədar müfəttişlik tərəfindən təhqiqat aparılır. Həmin araşdırma materiallarının bir surəti müəssisəyə verilir:
“Təhqiqatlar göstərir ki, hadisələr həm işəgötürən, həm də  işçinin öz günahı ucbatından baş verir. İşəgötürən lazımi təhlükəsizlik tədbirlərini görmür, fərdi mühafizə vasitələrini vaxtında almır. Yaxud alır, amma işçinin həmin vasitədən istifadə edib-etmədiyinə nəzarət etmir. Baxmır ki, fəhlə təhlükəsizlik kəmərini, qoruyucu dəbilqəni taxıbmı? Bəzən tikinti ətrafında çəpərləmə işləri aparmır, fəhlə də ehtiyatsızlıqdan yıxılır və həlak olur”. 
Rəis müavininin sözlərinə görə, işçi də təhlükəsizlik qaydalarına əməl etmir, nəticədə səhlənkarlığını həyatı bahasına ödəməli olur.  Müfəttişliyin məlumatında deyilir ki, bu ilin 4 ayı ərzində istehsalatda bədbəxt hadisələrin qurbanı olmuş 27 nəfərin təxminən yarısı elə tikinti sektorunda çalışan şəxslərdir. Ümumilikdə, istehsalatdakı bədbəxt hadisələrin yarıdan çoxu ilə bağlı cinayət işi qaldırılıb. Bunların bəzilərində işçiyə dəyən zərərin ödənilməsi nəzərdə tutulur.  Əgər bədbəxt hadisə nəticəsində həlak olan işçinin himayəsində azyaşlı uşaq, yaxud əlil varsa, onda uşaq yetkinlik yaşına çatana qədər həmin işçinin ailəsi onun maaşını alır. Məhərrəm Məhərov deyir ki, həmçinin xəsarət alanların 80 faizinə bu cür təminatlar verilir. Müəssisə bəzən yüngül zədə alanlara  müalicə pulunu ödəyir. 
Qeyd edək ki, ötən il dünya üzrə istehsalatda bədbəxt hadisə zamanı 2 milyon 300 min nəfər ölüb. Azərbaycanda 2009-cu ildə istehsalatda 250 hadisə baş verib, 69 nəfər ölüb və 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2011-ci ildə 97 nəfər ölüb, 211 nəfər xəsarət alıb.   

Gültəkin ƏLƏSGƏR
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı