Modern.az

Müxalifət düşərgəsində qurbağa gölünə daş atıldı

Müxalifət düşərgəsində qurbağa gölünə daş atıldı

Aktual

8 İyun 2014, 16:37

Namidə BİNGÖL

Türkdilli ölkələrin qatıldığı zirvə toplantısı başa çatdı. Görüşün detalları haqqında bir az sonra ətraflı danışacam. İndi isə yola saldığımız həftənin əsas hadisələrinə qısa nəzər salaq.

İsveçrə prezidenti, ATƏT sədri Didye Burkhalter Azərbaycana səfər etdi. Həmçinin, İsveçrə dövlət başçısı müxalifət nümayəndələri ilə də bir araya gəldi. Təbii ki, həmişə olduğu kimi Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olundu. Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli Müsavat başqanı İsa Qəmbər və digər təşkilatların rəhbərlərini bir arada görmək necə də xoşdur. Deyirəm, Allah Didye Burhalterin canını sağ eləsin. Azərbaycana səfər edən kimi müxalifət düşərgəsində sanki qurbağa gölünə daş atdın. Bir canlanma oldu gəl görəsən. Düzdür, mən orda iştirak etmirdim. Sadəcə, Cəmil müəllimlə Əli bəyin çöhrəsindəki təbəssüm bir yerdə çəkilən şəkillərdən aydın sezilirdi. Təki həmişə belə gülərüz olasız. Amma, Müsavat başqanını təbəssüm dolu fotoların arasında görmədim.

Eyni zamanda, Müsavat Partiyasının qurultayının keçirilməsi məsələsi də gündəmdədir. Deyirəm, bizim Hacıbala müəllim bu boyda Bakı şəhərində heç vaxt yer tapmadı də. Nə vaxt müxalifət cəbhəsindən kimi danışdırırsan, yersizlikdən şikayət edir. Yer məsələsində Müsavat partiyasına yardım əlini uzatmadığından  Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. Bu səbəbdən də  münasib yerin seçilməsində problemlər olduğundan Müsavat başqanı İsa Qəmbər xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.  Hələ də müraciətə cavab verilməyib.

Yola saldığımız həftə Suriyada prezident seçkilərinin keçirilməsi ilə yadda qaldı. Suriyada demokratik seçkilərin şəffaf keçirilməsinə  böyük ehtiyac olsa da, nəticənin qənaətbəxş olmayacağı bəllidir. Vətəndaş müharibəsinin tüğyan elədiyi bir vaxtda Qərb dövlətləri seçki legitimliyini tanımadıqları üçün  müşahidəçilərini bu ölkəyə göndərmədilər. Amma Rusiya bu məsələdə Qərb dövlətlərindən fərqli olaraq geniş tərkibli müşahidəçi qrupunu qanlı Suriya torpaqlarına göndərdi.

Onsuz da ərəb ölkələrində hakimiyyətdə sülalə axını hegemonluq edir. Bəlkə  Bəşər Əsəd seçilməsəydi o zaman ərəb dövləti üçün möcüzə kimi dəyərləndirmək olardı. Ərəb dövlətlərindən isə belə bir möcüzə gözləmək olmaz.

İndi isə yola saldığımız həftənin əsas hadisəsinə qayıdaq. Türkdilli  dövlətlər Bodrumda bir araya gəldi. Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan dördüncü zirvə toplantısında mühüm məsələləri  müzakirə etdilər.

Sadəcə, onu demək kifayətdir ki, türk dövlətləri ayrı-ayrılıqda bütün sahələrdə inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə, din, dil, tarixi köklərə bağlılıq baxımından bunu dəyərləndirmək olar.

Türk dövlətlərinin də üzləşdiyi problemlər istisna deyil. Məsələn, Azərbaycanın Dağlıq Qarabağ problemi aktual olaraq qalır.  ATƏT-in Minsk qrupu Qərbin yaratdığı qurum olduğundan  ortada münaqişənin həllinə dair yekun heç nə yoxdur. Ona görə də türk dövlətlərinin bir araya gəlməsini problemlərin həllini intensivləşdirmək baxımından qiymətləndirmək olar.

Türk dövlətlərinin müstəqil fəaliyyət tarixi  gəncliyin astanasında  qərar tutmaqdadır. Belə ki, Türkiyəni çıxmaq şərtilə digər türk dövlətləri 15 ilə yaxın SSRİ-nin boyunduruğu altında fəaliyyət göstəriblər. Hətta, türk dövlətləri içərisində  vaxtilə imperiya quran indiki  Türkiyə dövləti ilə əlaqələr məhdud olub. Bu, o zamankı  SSRİ-nin əmri idi. Buna baxmayaraq,  müstəqil ideyalardan, sərbəst yaşamaq hüququndan məhrum olan xalqların istiqlaliyyət uğrunda apardıqları mübarizə hədər getmədi. Bu gün siyasi, iqtisadi, mədəni dəyərlərin ortaq bir mərkəzdə müzakirə olunması  qürurvericidir. Türkdilli dövlətlərin dördüncü  zirvə toplantısı bunu bir daha sübut etdi.

Türk dövlətlərinin qarşılıqlı əlaqələri milli maraqlar konsepsiyasına söykənsə də 6 türk dövləti arasındakı ikitərəfli münasibətlər heç də bərabər xarakter daşımır.

Xüsusilə Özbəkistanın türk dövləti olaraq Bodrumda keçirilən zirvə toplantısına qatılmaması sual doğurur. Əcəba, Özbəkistan-Türkiyə münasibətləri nə vaxt normal axarı ilə proseslərdə körpü rolunu oynayacaq? Təbii ki, indiki durumda bunu söyləmək çətindir.

1990-cı illərdən Türkiyənin digər türk dövlətlərində məktəbləri fəaliyyət göstərir. Amma  1999-cı ildə Ankara ilə münasibətlər soyuyandan sonra Özbəkistan hökuməti Türkiyə ilə əlaqələrə son qoydu. Həmin vaxt Özbəkistanda  İslam Kərimova sui-qəsdin arxasında Türkiyə dövlətinin olduğu söylənilirdi. Hadisənin üstündən 15 il vaxt keçsə də görünür, İslam Kərimovun Türkiyə dövlətinə qarşı qəzəbi soyumayıb. Bu illər ərzində türkdilli dövlətlərin 10 zirvə toplantısı keçirilib. Yalnız 1992-ci ildə Ankarada ilk dəfə Türkdilli dövlət başçılarının görüşü zamanı Özbəkistan prezidenti İslam Kərimov iştirak etmişdi. O vaxtdan bəri Özbəkistan türkdilli dövlət başçılarının birgə toplandığı görüşə qatılmır. Amma türkdilli dövlətlər növbəti zirvə toplantısında Özbəkistanı görmək arzusundadır.

Bunun üçün növbəti zirvə toplantısını gözləmək lazımdır. Bəlkə o zaman Özbəkistanın ürəyi Türkiyə dövlətinə qarşı “yumşaldı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı