
Rusiyadakı türk tələbələr zorla təhsillərini yarım buraxıb ölkədən ayrılmağa məcbur edilir.
Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozması nəticəsində vurulması, ölkələr arasında yaşanan gərginlik Rusiyada təhsil alan türk tələbələrin də vəziyyətini bir qədər çətinləşdirib.
Müxtəlif dövlət qurumları və universitetlərə tələbələrin üzləşdiyi çətinliklərlə bağlı daxil olan şikayət məktubları bunları deməyə əsas verir. Məktublarda Rusiyadakı türk tələbələrinin təhsil almaqda çətinlik çəkdikləri qeyd olunur.
Eyni zamanda, bəzi rus professorların türk tələbələr olduğu auditoriyalara dərsə girmədiyi, dərsə girənlərin isə “türk tələbələr dərslərdən kəsiləcək” söylədikləri deyilir.
İddia edilir ki, türk tələbələrə “öz istəyimlə universitetdən imtina edirəm” sözlərinin yer aldığı ərizə zorla yazdırılaraq imzalatdırılır.
Qeyd edək ki, Su-24 tipli Rusiya təyyarəsi Türkiyə hava sərhədini pozduğuna görə noyabrın 24-də Türkiyə qırıcıları tərəfindən vurulub.
Vüsalə Qəzənfərqızı