Modern.az

Azərbaycan siyasətçilərinin “Facebook” ilişkiləri...

Azərbaycan siyasətçilərinin “Facebook”  ilişkiləri...

Ölkə

30 Oktyabr 2010, 20:21

İsa Qəmbər özünü kimə oxşadıb, “KVN” kapitanı kimə “zibil” deyib,  Arif Hacılı Hafiz Hacıyevin şəklini niyə saxlayır, vaxtı qabaqlayan foto kimdədir?.... 

İnternetin inkişafı dünyaya bir çox yeniliklər gətirib. Onlardan biri də son zamanlar dəbdə olan sosial paylaşım portallarıdır. Son hesablamalara görə “Facebook”, “Odnoklassniki”, “Tvitter” və digər bu tip saytlarda 530 milyona yaxın adam qeydə alınıb. Sosial paylaşma portalları həm də hadisələrə münasibət bildirmək və müzakirə açmaq üçün yaxşı imkanlar yaradıb.

Azərbaycanda 300 minə yaxın insanın “facebook” sosial şəbəkəsində səhifəsi var. Burada  istənilən tip insana rast gəlmək olar - dindara, ateistə, solçuya, mərkəzçiyə, bitərəfə... Qeyd edək ki, internet dünyada getdikcə siyasi təbliğatın aparıcı hissəsinə çevrilməkdədir.  Dünya siyasətçiləri artıq bunu başa düşərək internetin əngəlliyindən məqsədləri üçün istifadə etəməyə girişiblər.

Bizim siyasətçilər arasında “Facebook” o qədər də dəbdə deyil. Modern.az-ın  “virtual dünyaya “səfəri” bunu deməyə əsas verir. Saytımızın bununla bağlı apardığı araşdırma maraqlı nüansları üzə çıxarıb.

Rəsmilər həmişə ölkənin siyasi gurluğunu göstərmək üçün deyirlər ki, Azərbaycanda 60-a qədər siyasi partiya qeydiyyatdan keçib. Düzdür partiyalarımız çox olsa da, necə deyərlər “dişə vurulası” olanlar çox deyil. Onların da çox məhdud hissəsi yeni texnologiyaların tətbiqində maraqlıdır. Bizim siyasi liderlərimizin, partiya sədrlərimizin sosial şəbəkələrdə ünsiyyət saxlamaq istəyi çox azdır. Partiya sədrlərinə virtual dünyanın “geniş yollarında” çox az rast gəlmək olur. Amma bir neçə nəfər siyasətçi var ki, “virtual seçicilərinə” arxa çevirməyib. Araşdırmamız göstərdi ki, “Facebook”da özünün ayrıca səhifəsi olan partiya sədrləri mövcud imiş. Onlar komment qoyur, müzakirələrə qatılır, məzəli replikalar atırlar.

“Facebook” da onlardan ən aktivi Müsavat başqanı İsa Qəmbərdir. Müsavat başqanının sosial şəbəkədəki səhifəsində 3154 virtual dostu var. Özü barədə məlumatları yerləşdirməkdə xəsislik etməyən Müsavat başqanı hətta çoxunun ürək elmədiyi bir addımı da atıb – mobil telefonunun nömrəsini də  səhifəyə yazıb. Səhifədə maraqlı detallar da var: İsa Qəmbər profildəki “İşəgörüən” bölməsinin qarşısına “Müsavat”, “siyasi baxışlarınız” bölməsində isə “müsavatizm” yazıb. O, özünü virtual dünyaya liberal demokrat kimi təqdim edib.
“Xoşladığı maraqlar” bölməsində İsa bəy nədəncə Türkiyə virtual disskusiya klublarını qeyd edib. Lakin vətənpərvərlikdən də geri qalmayıb. “Azərbaycan (Odlar Yurdu)” paylaşım şəbəkəsini dəstəkləyib.

Müsavat başqanın profili canlıdır. Aktiv şəklidə aparılan müzakiərlərə qoşulan İsa Qəmbər “Divar şəkilləri” bölməsində maraqlı fotolar yerləşdirib. Yumor hissi bəlli olan Müsavat başqanın tərsinə asılmış “seçki məntəqəsi” fotosu maraqlıdır. Həmçinin Almaniya –Türkiyə matçında stadionda çəkdirdyi şəkili də burda yerləşdirib. 
Digər maraqlı foto isə İsa Qəmbərin “mənə oxşayan adam” adını qoyduğu şəklidir. Özünün oxşarı kimi  qeyd edərək profilinə qoyduğu şəkil ətrafında əməlli –başlı müzakirə açılıb.  Xeyli müzakirələrdən sonra virtual dostlardan biri -  Seyid Ramin oxşarın kim olduğunu tapıb.  Bu oxşar kim olsa yaxşıdı?  Yazıçı Reyard Kiplinq... “Mauqlini” yazan məşhur ingilis yazıçısı... Kiplinq doğrudanda Müsavat başqanına oxşayırmış... Fotolar işində Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin maraqlı şəkli var. Onun və həyat yoldaşının toyda qulaqlarını tutaraq oturması maraqlı görüntüdür. Şəklə yazdığı komentdə İsa bəy bildirir ki, fotonu özü çəkib. Bu şəkillə bağlı bir qədər qəmli və narahat kommentlər var..

Ümid Partiyasının sədri İqbal Ağazadənin də “facebook”da səhifəsi var. İqbal Ağazadə 671 virtual dost qazana bilib. Xoşladığı televiziya “Xəzər” TV-dir. Xüsusən “Xəzər –Xəbər”-in baxıcısıdır. Araz Elsəsi dinləyir. İqbal Ağazadənin səhifəsi açıq deyil. O, məlumatların yalnız bəzi hissələrinin paylaşır.

Azərbaycan Liberal Partiyasının yeni sədri Əvəz Temirxan “Facebook”da səhifə açıb. Əvəz bəy artıq 4917 şəxslə virtual əlaqə qura bilib. ALP sədri özü haqqında olan məlumatları xəsisliklə yerləşdirib. Onun evli yaxud subay olduğu barədə heç bir məlumat yoxdur. Əvəz bəy nədənsə profilinin “şəkillər” bölümünə daha çox hərbi şəkillər yerləşdirib. Şəxsi şəkil kolleksiyası çox azdır. Cəmi 2 dənə. Onlar da portret şəkillərdir. Səhifəsinə qoydyğu şəkiilərin biri Türkiyə Böyük Millət Məclisində çəkilib. Maraqlı olan şəkilin çəkilmə tarixidir... 3-4 nəfərin xoşbəxt şəkildə gülümsədiyi bu şəkilin üzərində çəkilmə tarixi... 5 noyabr 2010-cu il göstərilib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə həm də yeni informasiya texnologiyalarının tətbiqində maraqlı olanlardandır. Hələ 12-13 il əvvəl kompüterlərin əlçatmaz olduğu zamanlarda Asim bəy cibində rəqəmsal bloknot gəzdirirdi. Belə bir adamın internet imkanlarından kənarda qalması qəribə olardı. Asim bəyin “facebook” səhifəsi də aktivdir. Demokratik İslahatlar Partiyası (DİP) sədrinin 3522 virtual dostu var. Millət vəkili profilində qeyd edib ki, psixologiyaya dair kitabları sevir. Burada qeyri-adi heç nə yoxdur. Asim Mollazadə siyasətə gəlməmişdən öncə Moskvada Seçenov adına Elmi İnstitutda işləyib və “davranış psixologiyası” üzrə elmi dərəcəsi var. O qədər də dərinə getmədən qeyd edək ki, DİP sədri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovu bəyənir. Onun “şəkil” bölümü o qədər də zəngin deyil. Bu fotolar içində ABŞ-da dünya şöhrətli alim Lütfi-Zadə ilə onun evində çəkdirdiyi şəkil maraqlıdır. Azər Həsrətlə şəkdridiyi fotoşəkil milli və Avropa dəyərlərinin simbiozu saymaq olar.

Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlunu xatırlayırsınızmı? 1967-ci ildə Azərbaycanda ilk siyasi partiyanın əsasını qoyan Rafiq bəy türk dünyasına olan hüdudsuz sevgisi ilə tanınır. Hazırda 64 yaşı olan AXDP sədri “facebook”un fəal üzvlərindəndir. O daha çox 1992-ci ildə dostu Əbülfəz Elçibəyə seçkilrədə alternativ olması ilə tanınırdı. AXDP sədrinin virtual “dostları” o qədər də çox deyil. 144 nəfər.. Bəy nədənsə profaylını redaktə etməyi sevmir deyəsən. Yoxsa canından artıq sevdiyini dediyi Azərbaycanı “orta məktəb” bölümündə “azazerbaycan” kimi yazmazdı... Özü də kiçik həriflərlə. Rafiq bəy nədənsə kommentlərində türkçə “konuşur”. Bizcə, “doğumluyum”, “ilgiliyim”, “hakk”,  “mentikli fikri kabul edenim” kimi sözlərin doğma dilimizdə də qarşılığı var.  Xoşladığı sitat “aşk olsun”dur. AXDP sədrinin nədənsə proseslərlə bağlı siyasi şərhləri yoxdur.

Bundan sonrakı axtarışlarımız heç bir nəticə vermədi. AXCP sədri Əli Kərimlinin “facebook” sosial şəbəkəsində səhifəsi yoxdur. Virtual forumda bu barədə danışan Əli Kərimli vaxtının az olması səbəbindən sosial şəbəkələrə qoşula bilmədiyini deyib. AXCP sədrinin ayrıca bloqu var və orada fikirlərini bildirir.  Amma tərəfdarları onun üçün “facebook”da səhifə açaraq AXCP ilə bağlı xəbərləri orada yerləşdirirlər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da “qədim üsulla” siyasi təbliğatını aparaır. ADP sədrinin şəxsi “facebook” səhifəsi yoxdur. Ondan fərqli olaraq müavinləri virtual dünyada fəaldırlar. Xüsusilə Həsrət Rüstəmov öz səhifəsini tez-tez yeniləyir.

Azərbaycan liberallarının lideri Lalə Şövkət sələfi Əvəz Temirxandan fərqli olaraq virtual “dostlara” etibar etmir.  Tərəfdarları sosial şəbəkədə keçmiş dövlət katibinin  profilini yaradıblar.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri  Sabir Rüstəmxanlı da  əsl şairlər kimi canlı əlaqələrdən ilham alır. Virtual dünyaya qətiyyətlə “yox” deyən Sabir bəyin partiyadaşları təsəlli üçün “facebook”da VHP-nin səhifəsini açıblar. ..

Açıq Cəmiyyət Partiyasının sədri, eks-spiker Rəsul Quliyev ABŞ-da yaşasa da, müasir informasiya resurslarına marağını nümayiş etdirməyib. Sosial şəbəkədə eks-spikerin bir dənə olsun səhifəsi yoxdur.

Azərbaycan sosal demokratlarının rəhbəri Araz Əlizadə xələflərinin yolu ilə gedərək “yoldaşlarla canlı ünsiyyəti” üstün tutur. Görünür Araz bəy “facebook”u ”“burjua cəmiyyətinin elementi” hesab edir...

İqtidaryönlü partiyalardan nə Ana Vətən partiyasının sədri Fəzail Ağamalı, nə mərkəzçi BQP sədri Fazil Mustafa, nə də BAXCP-nin əvəzedilməz rəhbəri Qüdrət Həsənquliyev sosial şəbəkələrə baş vurur... 

“Facebook”da tanıdığımız bir sıra siyasilərə də “rast gəldik”. Bunlardan biri Müsavat İcra Aparatının rəhbəri Arif Hacılıdır. Arif bəyin 1344 dostu var. Cənab Hacılı özü barədə ətraflı məlumat yazıb. İndi onun virtual dostları bilirlər ki, Arif bəy Vaqif Müstafazadəni dinləyir. Onun foto bölümündə yerləşdirdiyi şəkillər qəribə və maraqlıdır. Arif Hacılı profilinin bu hissəinə nədənsə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Qaraçuxurda divara yapışdırılmış plakatını və Pənah Hüseynin köməkçisi olan Qiyas Sadıqovun cırılmış seçki portretini yerləşdirib. Arif bəyin polis tərəfindən zorla aparılması şəkli də diqqətçəkəndir. Üç polis müqavmət göstərən Arif Hacılıdan yapışaraq aparırlar. “Azadlıq” radiosunun qız əməkdaşı isə mikrofonu uzadaraq qəribə bir təbəssümlə onlara baxır. Arif bəyin sonuncu kommentində İTV-dəki efir vaxtından imtina etməsinin səbələrini yazıb.

Müsavatçı millət vəkili Arzu Səmədbəylini də sosial şəbəkədə tapmaq olar. Onun virtual “dostlarının” sayı 1084 nəfərdir. “Foto” bölümündə yerəşdirdiyi  “İrəli” hərəkatının rəhbəri Ceyhun Osmanlının üzərində borc məbləğləri yazılmış plakatı diqqət çəkir..

Türkiyədə işləməyə gedən Vurğun Əyyub da sosial şəbəkədə fəaldır. Vurğun bəyin 696 dostu var. Bu yaxınlarda Türkiyədə keçirdiyi ad günü münasibəti ilə xeyli təbrik kommentləri alıb. V. Əyyub səhifəsində qeyd edib ki, “Əzizim Fellini” filmini bəyənr. Sonuncu kommenti ad günü münasibəti ilə gələn təbriklərə cavabıdır. Müsavat başqanın müavini “foto” bölməsində yerləşdirdiyi “Elçibəyin komandası” adlanan şəkil maraqlıdır. Bundan başqa Vurğun bəy “Bazarlıq.az” saytını da səhifəsində qeyd edib.

“KVN” komandasının kapitanı, millət vəkili Anar Məmmədxanovu jurnalistlər axtarsalar da tapa bilmirlər. Amma virtual dünyada “dostları” onu asanlıqla əlaqə saxlayırlar. Çünki Anar bəyin “facebook”da səhifəsi var. Dostları kifayət qədərdir. 2182 nəfər...
Səhifəsindəki qeydlərdə yumor çalarları hiss edilir. “Siyasi baxışlar” sualına “ uzaqgörən” yazıb, “dini baxışlarınız”a isə “ “dərin!”.
Sonuncu kommenti oktyabrın 21 –də olub: “Mixalkovun filminə baxdım. Özü nə qədər zibil olsa da, filmi əla alınıb” yazıb...

Milli Məclisin gənc üzvü Fuad Muradov "facebook" sosial şəbəkəsində səhifəsi olan azsaylı deputatlardandır. Onun səhifəsində məlumatlar virtual qonaqlar üçün açıqdır. Oradan F.Muradov barədə kifayət qədər informasiya almaq mümkündür. F.Muradovun profilində qeyd olunub ki, onun maraq dairəsinə tennis, futbol, bilyard, mütaliə etmək daxildir. F.Muradov onunla əlaqə yaratmaq istəyənlər üçün elektron poçtunu, ofisinin ünvanı və telefon nömrəsini də bura qeyd edib. Səhifədə deputatlığa namizəd kimi F.Muradovun seçicilərlə görüşlərindən lentə alınmış çoxlu şəkillər yerləşdirilib. 

Hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyini isə virtual “dünyada” axtarmaq cəhdimiz boşa çıxdı. Nə icra katibi Əli Əhmədov, nə müavini Siyavuş Novruzov, nə Mübariz Qurbanlı, nə də Bahar Muradova sosial şəbəkədə səhifə açıb...

Xaqani Səfəroğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı