Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Modern.az ötən günlərdə Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı real hadisələrdən bəhs edən daha bir neçə maraqlı əhvalatı sizə təqdim edirik: *** Habil Əliyev sənət dostları ilə xaricdə qastroldaymış. Elə olur ki, sənətçilər qaldıqları mehmanxananın yuxarı mərtəbəsinə liftlə həmişə birlikdə qalxıb düşməli olurlar. Hər dəfə də liftlə qalxıb-düşəndə düyməni ancaq Alim Qasımovun triosunun tarçalanı Mansurov basırmış. Demək olar ki, səfər müddətində liftin düyməsi tarçalanın əlində olur. Sənətçilər növbəti dəfə liftə minəndə yenə düyməni Mansurov basır, onda Habil Əliyev özünü saxlaya bilməyib deyir: - Mən fikir vermişəm, canın üçün tar çalanlar arasında səndən yaxşı lift sürən yoxdur. ***