“Elmira Axundovanın fikirlərinə hörmətlə yanaşırıq. İndiyə qədər nazirliyə mobil telefonlara göndərilən mesajlarla bağlı şikayət daxil olmayıb. Müraciət olunarsa məsələyə baxıla, konkret faktlar araşdırıla bilər”. Bunu Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Elmira Axundova mobil telefonlarda reklam xarakterli bezdirici mesajlardan gileylənib. “Mənim telefonuma gün ərzində “Dobramed”, “Sabina”, “Melamaldi” və s. kimi mesajlar gəlir. Bundan başqa bu mesajlarda insanları aldatmaq, insanları oyunlara cəlb etmək kifayət qədərdir. Əsası da odur ki, bu mesajları açanda balansdan pullar silinir. Bu kimi hallar daha çox “Bakcell”də müşahidə olunur. Mən mobil operatorlardan xahiş edərdim ki, müştərilərin razılığı olmadan bu kimi mesajların göndərilməsi dayandırılsın. Rabitə Nazirliyi isə bunun qarşısını almaq üçün əməli tədbirlər görsün”.
Misranə Həsənzadə