
Son vaxtlar Bakıda yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi, xüsusən də gecə saatlarında kəsilməsi ciddi müzakirə olunur. Prezident İlham Əliyev də bu barədə kəskin iradını bildirib.
“İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
Bəs, gecə saattlarında ağacların kəsilməsinin qarşısını hansı qurum almalıdır? Məsələ ilə bağlı hüquqşünas, ekoloq Samir İsayev Modern.az saytına açıqlama verib.
O qeyd edib ki, bu işə məsul İcra hakimiyyətləridir:
“Çünki, şəhər yaşıllıqları icra hakimiyyətlərinin balansındadır. Bakı şəhərində Yaşıllaşdırma Təsərrüfatı Birliyi, başqa şəhərlərdə isə bir az fərqli idarəetmə qurumları var. Ancaq şəhər yaşıllıqları ilə əlaqədar məsul şəxslər İcra hakimiyyətləridir. Bəzi yerlərdə isə yaşıllıqlar bələdiyyələrin balanslarındadır. Şəhər yaşıllıqlarının kəsilməsi halları baş verdiyi halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu faktı qeydə alır və onları cərimələtdirirlər. Cərimə yazmaq onların funksiyasıdır. Hesab edirəm ki, yaşıllıqlar xalqın sərvətidir və onun qorunması da hamımıza aiddir. Çox ümidverici haldır ki, ictimaiyyət, mətbuat bu məsələni gündəmdə saxlayır və haqlı olaraq da ölkə başçısı buna kəskin münasibət bildirib. Demək, mübarizə üsulları daha da sərtləşdiriləcək. Hər kəsdən onun səllahiyyətində olanları tələb etmək olar. Reallıq odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməliyyat xidməti deyil. Gecə vaxtı bir hadisə baş verirsə, kimsə gecə vaxtı əlinə mişar alıb ağacı doğrayırsa, həmin adamları saxlamaq polisin vəzifəsidir, Ekologiya Nazirliyinin yox. Polis qanunsuz ağac kəsimi faktını gördükdə bunun qarşısını alıb dayandırmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gecədən səhərə qədər keşik çəkməli deyil. O işi Daxili İşlər Nazirliyinin patrul xidmətləri görməlidirlər. Hər bir orqan öz üzərinə düşən vəzifəyə görə cavbdehdir. Amma bəziləri “gecə ağac kəsilərkən Ekologiya Nazirliyi harada olur?" deyə bəyanatlar verir. Məncə belə fikirlər qərəzlidir, çünki əgər qanunamüvafiq olaraq yaşıllıq yerinə sərəncam verən orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bunu razılaşdırmırsa, bu cür fikirlərə nə ehtiyac var? Qanun da ehtiva edir ki, sərəncamlar verilərkən nazirlik mütləq rəy verməlidir. Amma görürük ki, İcra hakimiyyətləri açıq-açığına bunu etmirlər. Nəticədə də ağaclar oğurluq yollarla gecələr məhv edilir. Belə oğurluq gecə “əməliyyatlarından" isə yəqin ki, asayişin keşiyində dayanan polisin xəbəri olmalıdır. Amma mən yenə də kimisə ittiham etmirəm, yalnız onu deyirəm ki, ictimaiyyət, mətbuat bu məsələni daim diqqətdə saxlamalıdır”.
Ulduz İBRAHİMOVA