Modern.az

İbad Hüseynova niyə hücum edirsiniz?

İbad Hüseynova niyə hücum edirsiniz?

Təhsil

19 Aprel 2014, 15:20

Namidə Bingöl

Torpaqları işğal altında olan millət vətənpərvərlikdən kənar heç nə düşünə bilmir.

Bu haqda bir azdan daha ətraflı danışacam.

İndi isə yola saldığımız həftənin hadisələrinə qısa nəzər salaq.

Milli Məclis növbəti plenar iclasını keçirdi. Həmişə olduğu kimi bu dəfə də təkliflər, iradlar, etirazlar səsləndi. Millət vəkili İqbal Ağazadə amnistiya təklifi ilə çıxış edərək, “Nida”çı gənclərə, xüsusilə, İlqar Məmmədov və Tofiq Yaqubluya verilən həbs müddətinin uzun olmasından şikayətləndi.

Bu, YAP rəsmisi Siyavuş Novruzovun xoşuna gəlmədi. Deyir, “məhz, həmin “Nida”çılardır ki, rəhbərləri onların əlinə balta, yaba verib polisin üzərinə göndərir.

Siyavuş müəllimin sözlərinə görə Azərbaycanda siyasi məhkəmə, siyasi məhbus anlayışı yoxdur.

Millət vəkili Fərəc Quliyev isə Siyavuş Novruzovdan fərqli olaraq, kiminsə fikirlərinə yox, benzinin bahalaşmasına etiraz etdi. 95 markalı benzinin qiyməti Tarif Şurasında baxılmadan qaldırılıb. Buna görə də Fərəc Quliyev Hesablama Palatasından münasibət bildirməsini gözləyir. Fərəc müəllim, siz gözləməkdə olun.

Növbəti qiymət artımında bəlkə, etirazınız nəzərə alındı.

İndi isə yola saldığımız həftənin ən çox müzakirə olunan hadisəsinə qayıtmaq istəyirəm. Birinci Qarabağ savaşını xatırlayanlar yaxşı bilər. Ölkədə müharibənin yaratdığı gərginliyin, xaosun bolluğuna baxmayaraq, döyüşçülər arasında birlik vardı. Bir tikə çörək qıtlığına adət edən oğullarımız bir siqareti 4 nəfər arasında bölürdülər. Yetər ki, geriyə erməni başı ilə qayıtsınlar. İnidiki durum isə tam fərqli və acınacaqlı mənzərəni əks etdirir. 1994-cü ilin may ayında “Bişkek Protokolu”nun imzalanması atəşkəsin mövcudluğuna hesablanmışdı. Lakin reallıq status-kvonun stabilliyini şübhə altına atdı.

Demək olar ki, cəbhədən davamlı olaraq əsgər itkisi haqqında xəbərlər alırıq. ATƏT-in Minsk qrupunun fəaliyyəti isə Qarabağ mövzusunun prioritet məsələ olmadığını göstərir.

Bütün bunları qısaca xatırlatmaqda bir məqsədim var. Qarabağ döyüşçüsü İbad Hüseynov son günlərin sensasion xəbər qəhrəmanına çevrilib. Ümumiyyətlə, İbad Hüseynov kimdir? Onun xidmətləri nədən ibarətdir? Öncə, burdan başlayaq. Azərbaycanlıdır, Azərbaycanda doğulub. Qarabağ savaşının fəal iştirakçılarından olub. Xocalı soyqırımını bilavasitə tərədənlərin başında duran Monte Melkonyanın öldürülməsi birbaşa onun adı ilə bağlıdır.

Düzdür, Qarabağ savaşının, Xocalı qətliamının üstündən illər keçib. Və biz bu günkü vəziyyətimizə seyrçi qalanda ,adam sadəcə xəcalət təri tökür. İndiki durumda yerə tüpürməkdən belə ehtiyat etməliyik. Erməni mətbuatı illərdir beynəlxalq aləmdə Azərbaycanın əleyhinə saxta imic formalaşdırmaqla Melkonyandan “beynəlxalq qəhrəman” düzəltmək istəyir.

Biz isə Ramil Səfərovu, Mübariz İbrahimovu qəhrəman kimi görə bilmirik. Bizim bədbəxtliyimizə baxın. Axı niyə? İbad Hüseynov qəhrəman ola bilməz? Onlar 5 qardaş müharibədə can qoyublar

Niyə onların bizə və dövlətimizə lazım olan tərəflərini göstərməkdən, yazmaqdan imtina edirik?

Görəsən, Ramil Səfərov, Mübariz İbrahimov, İbad Hüseynov kimi oğullarımız daha nələr etməli idi ki, vicdanımız həmişə oyaq olsun.

Əcəba, Röyanın lütlənmiş klipini türk dünyasının şedevr əsəri kimi təqdim etməklə Qarabağın taleyində dönüş edə bilərikmi?! Bu yerdə susmaqdan başqa çarəm qalmır. Televiziyalarımızın mavi ekranlarında bizim uğrumuzda baş kəsib qan axıdanları göstərməkdə bu qədərmi acizik?! Milyon kərə təəssüf edirəm. Yaxşı olar ki, özümüz özümüzə kənardan seyrçi qalaq. O zaman bir milyondan artıq qaçqın görəcəyik, hər gün şəhid verən qanlı torpaq görəcəyik, erməni gülləsinə tuş gələn anaların saralmış bənizini, bir gecədə ağarmış saçını görəcəyik.

Xocalıda hər iki valideynini itirmiş yetimləri görəcəyik. Sadaladıqlarım erməni vəhşiliklərinin bir, iki faizi belə deyil. Hələ qadınlarımızın başdan-başa qoyularaq ifrat şəkildə zorlandıqlarından yazmıram. Çünki barmaqlarım hərfləri seçə bilmir.

Son günlərin İbad Hüseynov mövzusu isə bir vətəndaş olaraq utancvericidir. Şəxsi ədavətin, yersiz intriqaların nəticəsində düşmənin əlinə dolça verib dəyirmanına su tökürük. Yoğrulan külçələrin boğazımızda ilişib qaldığından isə xəbərimiz yoxdur. Məsələnin tam detallarına varmaq istəmirəm. Sadəcə, İbad Hüseynovun döyüş yoldaşlarının növbəti qəhrəmanlıq göstərmək istəməsi bu dəfə Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlik addım deyil. İllər sonra İbad Hüseynovun saxtakarlığının üzə çıxarılmasının məqsəd və məramı nədir?! Hər bir azərbaycanlı belə düşünür ki, Monte Melkonyanın başını İbad Hüseynovun kəsib-kəsməməsi ictimai müzakirə mövzusu olmamalıdır.

Bu məsələnin mətbuatda çılpaqlığı ilə işıqlandırılması ermənilərin beynəlxalq səlahiyyətlərinin genişləndirilməsinə rəvac verir. Düşünürəm ki, bəzi məqamlarda Azərbaycan mətbuatı diqqətli olmalıdır. “Xəbəri birinci mən işıqlandırmalıyam”deməmişdən öncə düşünmək lazımdır. Unutmayaq ki, mətbuat olaraq üzərimizə düşən hansısa məsələ erməni mətbuatının təbliğat maşınına çevrilə bilər. Bu da Azərbaycanın əksinədir. Maraqlıdır, Monte Melkonyanın başının İbad Hüseynov tərəfindən kəsilib-kəsilməməsinin araşdırılması 20%-lik ərazi itkimizin geri qaytarılmasından önəmlidirmi?!

Necə ki, ermənilər Melkonyanlarını “əfsanəvi qəhrəman” adlandırır, ona görə də azərbaycanlı olaraq, hamılıqla düşünməyə dəyər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı