Modern.az

Ukraynadakı azərbaycanlılar Pyotr Poroşenkoya səs verəcəklər

Ukraynadakı azərbaycanlılar Pyotr Poroşenkoya səs verəcəklər

Təhsil

22 May 2014, 18:12



Ukraynada yaşayan azərbaycanlılar mayın 25-də keçiriləcək seçkidə prezidentliyə namizəd kimi Pyotr Poroşenkonu və Kiyev mer seçkilərində isə Vitali Kliçkonu dəstəkləyəcəklər.

Modern.az xəbər verir ki, Ukraynanın Kiev şəhərində Ümumukrayna Birləşmiş Diasporunun (UABD) “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” 3-cü forumu keçirilib. Forumda müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. Forumun birinci hissəsində diasporla bağlı problemlər və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Ukraynadakı fövqaladə və səlahiyyətli səfiri Eynulla Mədətli foruma uğurlar arzulayıb. Səfir bildirib ki, bu cür forumun ardıcıl olaraq 3-cü dəfə keçirilməsi məqsədəuyğun və təqdirəlayiqdir. E. Mədətli qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və disapor fəaliyyətini yüksək qiymətləndirir.

Forumun ikinci hissəsində UABD-nin fəalları mayın 25-də Ukrayna prezidenti və Kiev şəhər meri postlarına keçiriləcək seçkiləri müzakirə etdilər. UABD-nin sədri Hikmət Cavadov qeyd edib ki, diaspor üzvləri həm Kiev, həm də Ukraynanın digər vilayətlərində Ukrayna xalqının azadlıq hərəkatında Ukrayna xalqı ilə çiyin-çiyinə mübarizə aparıb. Bu mübarizədə ən aktiv siyasi qüvvə sayılan “UDAR” siyasi partiyası və onun lideri Vitali Kliçko ilə uğurlu əməkdaşlıq ediblər və bu gün də partiya lideri ilə UABD-nin sədri mütəmadi olaraq görüşlər keçirir. Bu partiyanın prezident və mer seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycan diasporunun fəaliyyəti üçün daha da uğurlu imkanlar yaranacaq. Diaspora rəhbərinin sözlərinə görə, bu halda azərbaycanlıların Ukrayna Ali Radasına daxil olması asanlaşacaq, eləcə də azərbaycanlı iş adamlarına geniş iş imkanları yaradılacaq. Ən əsası Ukrayna-Azərbaycan dövlətlətarası münasibətlər daha da möhkəmlənəcək.

Müzakirələrdən sonra forum iştirakçıları prezident seçkilərində Pyotr Poroşenko və mer seçkilərində Vitali Kliçkonun namizədliyini dəstəkləyəcəyini bəyan ediblər.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı