Modern.az

Nazir bəzi direktorların cəzalandırılması barədə əmr verib - SİYAHI

Nazir bəzi direktorların cəzalandırılması barədə əmr verib - SİYAHI

Təhsil

26 May 2014, 11:06


Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə əmr imzalayıb. Modern.az saytı xəbər verir ki, bu əmrlə bəzi məktəb rəhbərləri cəzalandırılıb.

Respublika məktəblilərinin 2013-2014-cü dərs ilində fənn olimpiadaları 3 mərhələdə keçirilib. Olimpiadanın nəticələrinin Təhsil Nazirliyi tərəfindən geniş təhlili aparılıb. Təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə yüksək nəticələr göstərmiş şagirdlərin olimpiadanın yekun mərhələsində çox zəif bilik nümayiş etdirdikləri müşahidə edilib. Bu hallar Təhsil Nazirliyi tərəfindən rayon mərhələsində istedadlı şagirdlərin seçimi zamanı obyektivliyin ciddi şəkildə pozulması, respublika turu iştirakçılarının seçimində laqeydlik və səhlənkarlığa yol verilməsi kimi qiymətləndirilir.

Rayon (şəhər) mərhələsi üzrə I turun 36908 nəfər iştirakçısından II tura 6374 nəfər (17,2 faiz) keçmiş, onlardan 849-u (13,3 faiz) yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib.

Olimpiadaların yekun turunda fənlər üzrə Azərbaycan dili və ədəbiyyatdan 178 (20,9 faiz), Azərbaycan tarixindən 172 (19 faiz), biologiyadan 140 (16,4 faiz), kimyadan 111 (13 faiz), riyaziyyatdan 110 (12,2 faiz), fizikadan 103 (12 faiz), informatikadan 35 nəfər (3,8 faiz) iştirak edib.

Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri (22,3 faiz) I-IV yerlərə, o cümlədən 20-si (2,4 faiz) I, 27-si (3,2 faiz) II, 61-i (7,2 faiz) III, 81-i (9,5 faiz) IV yerə layiq görülmüşdür. I-III yerləri tutanlar isə 108 nəfər (12 faiz) təşkil edib.

Yekun turda Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseyləri üzrə 44 nəfər iştirakçıdan 30-u (68,2 faiz), Bakı şəhərindən 32-dən 20-si (62,5 faiz), Naxçıvan MR-dən 138-dən 34-ü (24,6 faiz), eləcə də Balakəndən 7, Şəmkirdən 6, Neftçaladan 4, Şəki, Cəlilabad, Oğuz, Abşeron, Hacıqabul, Qax, Xaçmaz rayonlarının hər birindən 3 nəfər iştirakçı mükafata layiq yer tutub.

Təhsil müəssisələrindən ən yaxşı nəticəni Balakən rayonu Humanitar və texniki fənlər təmayüllü lisey (5 yer), Naxçıvan şəhəri Heydər Əliyev adına lisey (4 yer), Nazirlik tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü lisey (3 yer) göstərib.
 Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin, Naxçıvan Qızlar liseyinin, Bakı şəhəri 160 nömrəli "Klassik gimnaziya" və 54 nömrəli tam orta məktəbin, Sumqayıt şəhəri Təbiət-texniki elmlər liseyi və 7 nömrəli tam orta məktəbin, Babək rayonu Kərimbəyli kənd, Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbinin nəticələri də qənaətbəxş olub.

Ciddi narahatlıq doğuran vəziyyət respublika turunun 849 iştirakçısından 141 nəfərinin (16,6 faiz) 0-2 arasında ("0" bal - 63 nəfər, 7,4 faiz; "1" bal - 40 nəfər, 4,7 faiz; "2" bal - 38 nəfər, 4,5 faiz) bal toplaması olub. Həmin şagirdlərdən 139-u (98,5 faiz) olimpiadada texniki və təbiət fənləri üzrə iştirak edib. Yerlərdə olimpiada iştirakçılarının seçimi və qiymətləndirmə prosesi bir çox hallarda qeyri-obyektiv aparıldığı üçün yüksək nəticə ilə yekun tura göndərilən şagirdlərin riyaziyyatdan 16-sı "0", 19-u "1", 17-si "2"; fizikadan 12-si "0", 4-ü "1", 4-ü "2"; kimyadan 21-i "0", 19-u "1", 13-ü "2"; biologiyadan 12-si "0", 5-i "1", 4-ü "2"; informatikadan 2-si "0", 1-i "2"; Azərbaycan tarixindən 1-i "0", 1-i "2" balla qiymətləndirilib.
Belə şagirdlər Mingəçevir şəhəri və İsmayıllı rayonunun hər birindən 7, Şamaxıdan 6, Astara, Biləsuvar, Şəki, Ağcabədi rayonlarının hər birindən 5, Gəncə şəhəri, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonlarının hər birindən 4, Şirvan şəhəri, Sabirabad, Ağdaş, Balakən, Xaçmaz, Lerik, Daşkəsən, Zəngilan rayonlarının hər birindən 3 nəfər olub. Digər rayonlarda da belə faktlar müşahidə edilib.

Bununla yanaşı, iştirakçılardan 69-nun riyaziyyat (16 nəfər, 16,5 faiz), biologiya (22 nəfər, 14,3 faiz), kimya (20 nəfər, 16,7 faiz), fizika (11 nəfər, 11,3 faiz) fənləri üzrə "3-5" bal toplaması da yerlərdə olimpiadalara, istedadlı şagirdlərlə işin təşkilinə, texniki və təbiət fənlərinin tədrisinə diqqət yetirilməməsini bir daha sübuta yetirir.

Bunları nəzərə alaraq müvafiq əmr imzalayan təhsil naziri Mikayıl Cabbarov Naxçıvan MR-in, Bakı və Sumqayıt şəhərlərinin, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseylərinin, bilavasitə Nazirlik tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, Balakən rayonu Humanitar və texniki fənlər təmayüllü liseyin, Naxçıvan şəhəri Heydər Əliyev adına liseyin şagirdlərinin uğurla çıxış etdikləri, habelə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin, Naxçıvan Qızlar Liseyinin, Bakı şəhəri 160 nömrəli "Klassik gimnaziya" və 54 nömrəli tam orta məktəbin, Sumqayıt şəhəri Təbiət-texniki elmlər liseyi və 7 nömrəli tam orta məktəbin, Babək rayonu Kərimbəyli kənd, Neftçala rayonu Xıllı qəsəbə və Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəblərinin müsbət nəticələrini qeyd edib.

 Gəncə və Mingəçevir şəhərləri, İsmayıllı, Şamaxı, Astara, Biləsuvar, Şəki, Ağcabədi, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonları üzrə iştirakçıların yekun mərhələdə çox aşağı bal toplaması faktı müvafiq yerli təhsili idarəetmə orqanlarının olimpiadaların təşkili və keçirilməsinə məsuliyyətsiz münasibət göstərmələri, şəffaflıq və obyektivliyi təmin edə bilməmələri, istedadlı şagirdlərin seçilməsinə səhlənkar və laqeyd yanaşmaları, bu vacib məsələdə məqsədli olaraq himayəetmə hallarına yol vermələri kimi qiymətləndirilib.
Adları çəkilən rayon (şəhər) təhsil şöbələri rəhbərlərinə olimpiadaların II mərhələsində yol verilmiş nöqsanlarla bağlı araşdırmaların aparılması və nəticələri üzrə müvafiq intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb.

Şirvan şəhəri, Sabirabad, Xaçmaz, Daşkəsən, Ağdam, Zəngilan, Ucar, Lerik, Qazax, Yardımlı, Qobustan, Salyan, Tovuz, Goranboy, Quba, Yevlax, Siyəzən, Cəlilabad, Şəmkir, Balakən və Ağdaşda bir sıra şagirdlərin rayon mərhələsi nəticələri ilə yekun mərhələdə göstərdiyi nəticələr arasında fərqlərin olması faktını nəzərə alaraq, adı çəkilən rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq araşdırmanın aparılması və ayrı-ayrı fənlər üzrə qeyri-obyektivliyə yol vermiş münsiflər heyətinin üzvləri barədə qanunvericiliyə uyğun qaydada intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb.

Akademik Zərifə Əliyeva adına lisey, "Zəngi" liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Ankara məktəbi" məktəb-lisey istisna olmaqla bilavasitə Nazirlik tabeliyindəki digər lisey və gimnaziyalar olimpiadaların yekun mərhələsində təmsil  edilmədiyi  üçün onların istedadlı şagirdlərlə iş sahəsində fəaliyyətinin nizamnamələri ilə müəyyən edilmiş tələblər səviyyəsində qurulmadığı həmin təhsil müəssisələrinin rəhbərliyinin nəzərinə çatdırılıb.

 Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinin  rəhbərləri bu əmrin müzakirə olunub onun məzmununun məktəb rəhbərlərinə və pedaqoji kollektivlərə çatdırılmasını təmin etməlidirlər.
 Əmrdə qeyd olunan problemli məsələlərin, nöqsan və çatışmazlıqların başvermə səbəblərini araşdırmaqla onların aradan qaldırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb yerinə yetirilməsi üçün təşkilati-pedaqoji tədbirlər həyata keçirməlidirlər.

Fənn olimpiadalarında şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinin 250 (iki yüz əlli), olimpiadaların keçirilməsi üçün müvafiq materialların hazırlanması və olimpiada işlərinin yoxlanmasında səmərəli fəaliyyət göstərmiş respublika münsiflər heyəti sədrlərinin hər birinin 200 (iki yüz), məsul katiblərin hər birinin 150 (yüz əlli), üzvlərin hər birinin 100 (yüz) manat məbləğində pul mükafatı ilə mükafatlandırılması təmin ediləcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı