Modern.az

Məmur olmaq istəyənlər üçün test imtahanları noyabrın 13-dən başlayır

Məmur olmaq istəyənlər üçün test imtahanları noyabrın 13-dən başlayır

Təhsil

12 Noyabr 2014, 11:50

26 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 49 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 340 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi.

Komissiyadan Modern.az-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2636 namizəd qeydiyyatdan keçib. Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (878 namizəd) və Mədəniyyət və Turizm Nazirliyi (394 namizəd) üzrə olub.

Müsabiqənin test imtahanı mərhələsi 2014-cü il 13 noyabr tarixdən ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Mədəniyyət və Turizm Nazirliyi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatı üzrə nəzərdə tutulmuşdur. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, Komissiya tərəfindən 17 oktyabr və 4 noyabr tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat davam edir. Oktyabrın 17-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 17-də, noyabrın 4-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə dekabrın 5-də başa çatacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı