Modern.az

“Trendyol” azərbaycanlılar üçün daha əlçatan oldu - Qiymətlər isə…

“Trendyol” azərbaycanlılar üçün daha əlçatan oldu - Qiymətlər isə…

İqtisadiyyat

4 May 2023, 14:32

Mayın 3-dən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”dan Azərbaycana birbaşa göndərişlər başlayıb. Azərbaycan vətəndaşları sayta daxil olarkən, onlara yeni seçim imkanı təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçərək asan şəkildə sifariş verə, sifarişlərini ev adreslərinə və ya yaxınlarındakı məntəqələrdən götürə bilərlər.

 

Artıq saytdan sifariş zamanı çatdırılma ünvanı bölməsində Azərbaycan hissəsi aktivdir. İstər birbaşa ev ünvanını, istərsə də "Gel Al" nöqtəsi seçmək mümkündür. Birbaşa ev ünvanı sadəcə Bakı, Abşeron və Sumqayıt üçün keçərlidir. "Gel Al" nöqtəsi isə "Azərpoçt"un və bəzi çadırılma şirkətlərinin ofislərindən ibarətdir. Məhsul bu nöqtələrə gəldikdən sonra vətəndaşlar həmin ofisdən öz sifarişlərini götürə biləcəklər.

 

Hələlik çatdırılma üçün ödəniş 1 satıcıya 60 lirədir (5.2 manat). Ancaq bu qiymətin müvəqqəti endirim kampaniyası olduğu ehtimal edilir. 

 

Onu da bildirək ki, "Trendyol" gömrükdəki qeydiyyat prosedurlarından asılı olaraq sifarişlərin 6 gün ərzində çatdırılacağını açıqlayıb.

 

“Trendyol” platforması 2010-cu ildə 300 min dollar investisiya ilə qurulub. Təxminən 30 milyon müştərisi və 240.000 satıcısı olan “Trendyol” Türkiyənin ən böyük elektron ticarət platformalarından biridir.

 

"Trendyol"un Azərbaycana birbaşa satış həyata keçirməsi vətəndaşlarımız üçün nə vəd edir? Qiymətlər qaldırılacaqmı? Bəs, ölkədə fəaliyyət göstərən 200-ə yaxın çatdırılma (karqo) şirkətinin aqibəti necə olacaq?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Pərviz Heydərov "Trendyol" ilə əməkdaşlığın ölkə iqtisadiyyatı üçün səmərəli və məqsədəuyğun olduğunu bildirib.

 

“Trendyol" sadə vətəndaşlar və əhalinin aztəminatlı təbəqəsi üçün ən vacib mənbə sayılır. Bu, həm rahatdır, həm də insanların cibinə uyğundur. İnsanlar kompüter və mobil telefon vasitesilə "Trendyol"dan istədikləri istehlak mallarını əldə edə bilirlər. Dünya üzrə platformaya müraciət edən ölkələr sırasında Azərbaycan əhalisi ən qabaqcıl yerdədir. Bu çox maraqlı, eyni zamanda düşündürücü faktdır. Maddi nöqteyi-nəzərdən vətəndaşlar üçün əlverişlidir. "Trendyol" ilə əməkdaşlıq həm ölkə iqtisadiyyatının mənafeyi, həm də vətəndaşlar üçün səmərəli və məqsədəuyğundur. Mən bu halı müsbət qiymətləndirirəm”. 

 

Elektron tcarət və innovativ biznes həlləri üzrə ekspert Nicat Manafov isə "Trendyol"la əməkdaşlığın olmasını müsbət qiymətləndirdiyini və qiymətlərdə heç bir artımın olmayacağını söyləyib:

 

“Paşa Holding" və "Trendyol" arasında bağlanan müqavilə ilə Azərbaycanda ortaq şirkət qurulub. Yeni işbirliyi "Trendyol" markasının məhsullarını şöbələr arasında bölüşdürməyə, marketinq kampaniyaları ilə birlikdə inteqrasiya olunaraq alıcılara daha uyğun qiymətə, daha sürətli məhsul çatdırılmasını təmin etməyə şərait yaradır."Trendyol" inteqrasiyası ilə birlikdə alıcılar daha çox “cahsback” qazana biləcəklər. Eyni zamanda başqa karqolara ehtiyac olmadan "Trendyol"da olan məhsulları birbaşa ev adreslərinə sifariş edəcəklər.

 

Qiymətlərin artmasından isə ümumiyyətlə söz gedə bilməz. Qiymətləri təyin edən satıcılardır. Platformalar qiymətlərin bahalaşmasında, yaxud ucuzlaşmasında rol oynamır”.

 

 

Ekspert "Trendyol"un birbaşa Azərbaycana çatdırılma etməsi nəticəsində yönləndirici şirkətlərin bağlanacağını iddia edir:

 

“Azərbaycanda fəaliyyət göstərən şirkətlər karqo şirkətləri sayılmır. Onlar yönləndirici şirkətlərdir. Bu halın karqo şirkətlərinə təsiri olmayacaq. Amma daşıyıcı şirkətlər Azərbaycanda çoxdur. Hansı ki, bu şirkətlər Türkiyədən məhsulu alıb Azərbaycana yönləndirməklə məşğuldurlar. "Trendyol" isə onların yüklərində 75-80 faiz paya sahibdir. "Trendyol"un artıq alıcılara birbaşa çatdırılma imkanını təklif etməsi və insanların da bu rahatlıqdan istifadə etməsi şirkətlərin əksəriyyətinin bağlanmasına səbəb ola bilər. Onlar indiyə qədər bu sahəyə  investisiyalar yatırmadıqlarına görə bunun cəzasını çəkirlər”.

 

Aytac Əsədova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü