Modern.az

“Bura mənim evimdir” - Qazimizin Türkiyədə mükafata layiq görülən filmi - FOTO

“Bura mənim evimdir” - Qazimizin Türkiyədə mükafata layiq görülən filmi - FOTO

Mədəni̇yyət

25 Dekabr 2023, 14:12

“Bura mənim evimdir”...

 

Bir neçə gün əvvəl Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq “Ege Art” qısa film festivalında azərbaycanlı məcburi köçkünlər tərəfindən hazırlanan bu film “Vəfa” mükafatına layiq görülüb.

 

Filmin rejiossoru Ağdam rayonundan olan məcburi köçkün Nicat Cəlilovdur. Onun həm özü, həm də atası Kərim Cəlilov Qarabağ müharibəsinin iştirakçısıdır. Çəkiliş heyətinin digər üzvləri – İsa İsmayılov Laçın, Əsgər Xudiyev Cəbrayıl, Fuad Cəfərov Ağdam rayonundan məcburi köçkünlərdir.

 

Filmin qəhrəmanı Ceyhun Qarabağlının babası Cavanşir Qarabağlı İkinci Dünya müharibəsində iştirak edib, müharibə başa çatdıqdan sonra Azərbaycana qayıda bilməyib, Türkiyədə, Misirdə, İtaliyada, Amerikada qəriblik həyatı yaşayıb. Amma doğma yurdunu heç vaxt unutmayıb, Vətən sevgisini övladlarına, nəvələrinə ötürüb. Babasının uşaqlıq və gənclik illərini keçirdiyi Süleymanlı kəndini görmək Ceyhunun arzusu olub və torpaqlarımızın işğaldan azad edilməsi ona bu arzunu gerçəkləşdirmək imkanı verib. Onun baba yurdunda keçirdiyi hisslər, səfər təəssüratları həm vətənpərvərlik hekayəsi, həm də torpaqları viran qoyan işğala etiraz nümunəsi kimi təqdim olunur.

Sənədli film Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.

 

Filmin süjet xəttində bir çox məqamlar öz əksini tapıb. Rejissor Nicat Cəlilov Modern.az-a açıqlamasında həmin məqamlardan danışıb:

 

"Məcburi köçkünlərin ağrı-acıları öz yerində. Biz filmdə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi urbisid və ekosidi göstəririk. Filmdə Cəbrayıl rayonunun işğal altında olduğu 30 ilə yaxın müddətdə ermənilərin azərbaycanlı əhalinin yaşayış yerlərini, buradakı fərdi evləri və inzibati binaları necə xarabalığa çevirmələri, ətraf mühitə və ekologiyaya sağalmaz yaralar vurmaları öz əksini tapıb. Filmin qəhrəmanı torpaqlarımızın azad olunmasına sevinir, şəhidlərimizin qarşısında baş əyir, müharibə iştirkçılarına təşəkkür edir, Ali Baş Komandana öz minnətdarlığını ifadə edir. Burada göstərilir ki, rayon nə günə qalıb".

 

Rejissor deyir ki, Qarabağla bağlı filmlərdə qələbənin göstərilməsi vacibdir. "Eyni zamanda torpaqlarımıza qarşı ermənilərin törətdiyi ekosid göstərilməlidir ki, fakt olsun”, - o vurğulayıb.

 

Qeyd edək ki, bəzi tənqidçilər İkinci Qarabağ müharibəsində qazanılan qələbənin yaxşı ekranlaşdırılmadığını düşünür. Belə bir fikir mövcuddur ki, Vətən müharibəsi ilə bağlı çəkilən filmlərdə qələbə elə də yaxşı təbliğ olunmur. Halbuki, Birinci Qarabağ müharibəsi ilə bağlı dünya səviyyəsində tanınan filmlər çəkilib.

 

“Bura mənim evimdir” filminin rejissoru qeyd olunan fikirlə razılaşmır:

 

“Bu günə kimi çəkilən filmlər işğal dövründə çəkilən filmlərdir. O da təbii ki, qələbəni göstərə bilmirlər. Artıq biz qələbə qazanmışıq. Mən özüm də müharibədə iştirak etmişəm. Mən bu qələbəni bir qalib əsgər kimi işləyirəm. Çəkiliş heyətimiz hamısı məcburi kğçkünlərdən ibarətdir. Qələbəni necə ürəkdən yaşayıblar. Çünki onlar çətin köçkünlük illərindən sonra qələbəyə şhidlik ediblər. Biz qələbəmizi də yaxşı göstərir və çatdırırıq. Qələbəmizi elə çatdırmışıq ki, artıq filmimiz Türkiyədə mükafata layiq görülüb. Bunun özü böyük uğurdur”.

 

Qeyd edək ki, rejissor Nicat Cəlilov özü Vətən müharibəsi iştirakçsıdır. O, Qubadlı, Xocavənd istiqamətlərində döyüş yolu keçib. Qubadlının azad olunmasına görə medalı ilə təltif olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir