Oktyabrın 4-də Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. İclas zamanı Şuranın yeni strukturu formalaşdırılıb, İdarə Heyəti sədrinə yeni müavinlər seçilib. Sədr müavini postuna jurnalist Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib.
Mətbuat Şurasının yeni sədr müavini, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu MŞ-da tətbiq olunacaq yeniliklərlə bağlı Modern.az-a danışıb.
O, mətbuatla bağlı bəzi layihələrin həyata keçiriləcəyini bildirib.
“Mətbuat Şurasının sədr müavini seçilməyim İdarə Heyətinin üzvləri tərəfindən mənə göstərilən böyük etimadın bariz nümunəsidir. Bundan sonrakı mərhələdə maksimum şəkildə Mətbuat Şurasının fəaliyyətinə uyğun müəyyən layihələr həyata keçirməyə, yeniliklər etməyə çalışacağıq. Biz komanda kimi Azərbaycan mətbuatı, jurnalistikası ilə bağlı müəyyən işlər görüb, öz töhfələrimizi verməyə çalışacağıq. Müəyyən planlar var. İdarə Heyətinin iclasında iş planımız da təsdiq olundu. Ortada kifayət qədər rəngarəng və dolğun iş planı var. Həmin iş planından irəli gələn məsələləri həyata keçirəcəyik”, - deyə Vüqar Zifəroğlu vurğulayıb.