Modern.az

Vətən qarşısında borcunu ödəyən MÜXBİR

Vətən qarşısında borcunu ödəyən MÜXBİR

Media

26 Fevral 2024, 12:36

Eşitdiyimə görə, yeni qaydalara əsasən hər bir sayt gün ərzində oxuculara 20 fərqli yazı təqdim etməlidir. Amma di gəl ki, saytlara baxanda ümumi mənzərə başqa cür görünür. Sanki hamısı bir-birinin təkrarıdır. Əslində, 24 saat ərzində 20 yazını bir neçə müxbiri olan redasiya üçün təqdim etmək çox asan məsələdir. Məsələn, sovet dövrünün qəzet redaksiyalarında kimi iş bölgüsü aparmaq lazımdır. Yəni hər bir müxbirə 5-6 sahəni həvalə edərək onların operativliyindən istifadə etmək olar. Qoy bir müxbir elm, təhsil, səhiyyə, idman və komunal sahələrindən, digər müxbir ordu, polis, məhkəmə, prokurorluq və mühafizədən, daha bir müxbir istehsalat müəssisələrindən, bank sektorundan, ticarət və nəqliyyat sahələrindən yazsın. Yerdə qalan sahələr də həmçinin digər müxbirə tapşırılsın. İnanın ki, onda saytlarımız bir-birindən ciddi şəkildə fərqlənər...

Əslində, bütün bunları fürsətdən istifadə edib söylədim. Axı budəfəki söhbətimin qəhrəmanı da redaksiyalardan birində - Moderator.az saytında müxbir kimi çalışır. O, Qarabağ döyüşlərinin iştirakçısıdır. Söhbət jurnalist Sultan Laçından gedir. 1968-ci ildə Laçın rayonunun Ağanus kəndində dünyaya gəlib. Orta təhsilini başa vurandan sonra ali təhsil sevdası ilə Bakıya yollanıb. 1992-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutun son kursunda, mart-may aylarında 37 nəfərdən ibarət respublikanın ilk könüllü dəstələrindən birini yaradaraq Laçının ermənilərdən müdafiəsində iştirak edib. Həmin dəstə müdafiə nazirinin əmri əsasında Arif Paşanın komandiri olduğu 801 saylı alayda əlahiddə bölmə olub. 1992-1995-ci illərdə Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqının Laçın bölgəsi üzrə səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərib.

1991-ci ildən müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edir. 1993-2002-ci illərdə Rövşən Cavadovun rəhbərlik etdiyi “Xudu Məmmədov adına xeyriyyə cəmiyyəti”nin təsis etdiyi "Təzadlar" qəzetinin baş redaktor müavini kimi çalışıb. "Səhər", "Vətən səsi", "Azərbaycan", "Yeni Azərbaycan", "Ədalət", "Əlillər", "Üç nöqtə" və s. qəzetlərlə əməkdaşlıq edib. "Neştər" satirik qəzetinin fəal yazarlarından biri olub. Daha sonra "Qoroskop" qəzeti, Modern.az və "Mirzə Xəzərin səsi" elektron nəşrlərlə əməkdaşlıq edib. Hazırda öncə dediyim kimi, Moderator.az saytında çalışır...

Cəsur adamdır, ölümün gözünə dik baxmağı bacarır. Bunu onun döyüş yoldaşları da təsdiqləyə bilər. Cəbhədə olduğu kimi, mülki həyatda da çox fəaldır. İşgüzarlığı, becidliyi ilə fərqlənir. Sanki Laçın dağlarının əzəməti onun vücuduna da hopub. Məğrur davranışı, verdiyi sözə əməl etməyi, sözübütövlüyü bir başqa aləmdir. Köhnə kişilər kimi mərd, qoçaq və qürurludur. Necə deyərlər, heç kimin qarşısında əyilməyi xoşlamır. Nə qədər məğrurdursa bir o qədər də sadədir. Yaxşı yoldaş, sədaqətli dostdur. Bir sözlə, öz zəhmətilə, halal qazancı ilə yaşayan adamdır...

Həmkarı Miraslan Əzizxanoğlu deyir ki;- “Sultan Laçın olduğu kimi görünən, göründüyü kimi olan adamlardandır. Kollektivimizdə böyük hörməti var. Qələmi də gözəldir, oxunaqlı yazıları oxucularda həmişə maraq doğurur”.

Bu gün - fevralın 26-sı Sultan bəyin növbəti ad günüdür. Doğrudur, məlum səbəblərə görə, uzun illərdir ki, ad gününü qeyd etmir, amma bir keçmiş döyüşçü kimi, ona uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayıram.

Çox yaşasın!
 

Hörmətlə, Elman Eldaroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov