Modern.az

Problemdən sui-istifadə edənlər var - Saatlının deputatı aksiyadan danışdı

Problemdən sui-istifadə edənlər var - Saatlının deputatı aksiyadan danışdı

Ölkə

14 Mart 2023, 19:00

Ötən gün Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər. Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.

 

"Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Hazırda araşdırmalar aparılır", - Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda qeyd olunub.

 

İnsident zamanı silahdan istifadə edilməsi barədə iddialara gəlincə, DİN rəsmi şəkildə bununla bağlı xəbərləri təkzib edib.

 

Hazırda Orta Muğan və Nabatkənd kəndlərində vəziyyət necədir?

 

 

Bu barədə Modern.az-a açıqlama verən Saatlının deputatı, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli bildirib ki, su problemi yeni deyil.

 

"İllərdir ki, həm rayon rəhbərliyi, həm də biz bu məsələni dəfələrlə qaldırmışıq. Saatlı elə bir regionda yerləşir ki, yeraltı çaylar yoxdur və artizan quyuların qazılması mümkün deyil. Hər il suvarma suyu ilə bağlı belə problemlər yaranır. Rayon suyu əsasən Araz çayından götürür. Araz çayında da suyun səviyyəsinin aşağı düşməsi problem yaradır. Saatlı kənd təsərrüfatı rayonudur, insanların dolanışığı əkin sahələrindən çıxır. Su olmayanda kəndlinin məhsulu batır. Melorasiya və Su Təsərrüfatı ASC qarşısında dəfələrlə məsələ qaldırmışıq ki, ən azı rayona daxil olan su itkisinin qarşısını almaq üçün torpaq kanallar betonlaşdırılsın. Təsəvvür edin ki, rayona daxil olan su ehtiyyatının 40-50 faizi, bəzi bölgələrdə 60 faizi itkiyə gedir", - deyə deputat etirazlara münasibət bildirib.

 

Ə.Ələkbərlinin sözlərinə görə, çətin vəziyyətdə qalan əhali narazılığını müxtəlif formalarda göstərməli olur:

 

"Hazırda rayonda hər şey qaydasındadır, vəziyyət stabildir. Belə çətin vəziyyətlərdən həmişə müəyyən qüvvələr istifadə etməyə çalışır. Camaatın hissləri ilə oynayırlar. Ona görə də, belə narazılıqlar vaxtaşırı meydana çıxır. Hesab edirəm ki, Melorasiya və Su Təsərrüfatı Cəmiyyəti Saatlıda su problemi ilə bağlı ciddi addım atmalıdır. Saatlıda su probleminin olmasının bir səbəbi də kəndlərə içməli su çəkilmədiyi üçün sakinlərin suvarma suyundan içməli su kimi istifadə etməsidir. Suvarma suları kanallara daxil olmayanda, artıq içməli su problemi kritik həddə çatır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir