Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.
Ən son məlumata görə, 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib. 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb.
Proses hələlik davam edir. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra yekun say bəlli olacaq.
Bəs bundan əvvəlki parlament seçkilərində neçə namizəd iştirak edib.
Modern.az bu barədə araşdırma aparıb.
1995-ci ildə müstəqil Azərbaycan tarixində ilk dəfə parlament seçkiləri keçirilib. Bu seçkidə qarışıq sistem tətbiq edilib. Belə ki, 125 yerlik parlamentdə 25 nəfər proporsional, 100 nəfər majoritar sistemlə seçilməli idi. Bu seçkidə birmandatlı seçki dairələri üzrə 1.094 nəfər namizəd göstərilib. Yekun qərarlara əsasən, namizədlər siyahısına birmandatlı seçki dairələri üzrə 392 nəfərin, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 8 siyasi partiyanın nümayəndələrinin adları daxil edildi. Seçkilər ərəfəsində birmandatlı seçki dairələri üzrə 11 nəfər namizədliyini geri götürmüşdü. Nəticədə, seçki bülletenlərində 99 seçki dairəsi üzrə deputatlığa 378 namizədin adı vardı. (Xankəndidə seçki keçirilməmişdi)
2000-ci ildə keçirilən parlament seçkiləri də qarışıq seçki sistemi üzrə baş tutub. 99 birmandatlı dairə üzrə 390 nəfərin namizədliyi qeydə alınıb. 13 siyasi partiya isə 25 mandat uğurunda yarışa qoşulub.
2005-ci ildə baş tutan seçkilərdə 2063 nəfərin namizədliyi qeydə alınıb, daha sonra yüzlərlə şəxs namizədliyini geri götürüb və 1541 nəfər seçkilərdə iştirak edib.
2010-cu il parlament seçkilərində 33 siyasi partiya və 5 seçki bloku iştirak edib. Namizədlərin sayı 690 nəfər olub.
2015-ci ildə baş tutan parlament seçkilərində 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.
2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınıb, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb.
Namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri olub. Belə ki, partiyanın qərarına tabe olmayan deputatlığa namizədləri dəstəkləməyəcəyini və partiya sıralarından xaric ediləcəyi ilə bağlı bəyanat verdikdən sonra namizədliyini geri götürənlərin sayı 95 nəfərdən 237-yə çatıb.
Beləliklə, namizədlərin sayı 1325 nəfərə enib. Namizədlərdən 360-i 19 siyasi partiyanı təmsil edirdi.