Modern.az

Xankəndidə “vəzifə”yə gətirilən milyarder: “Bir az gözləyin”

Xankəndidə “vəzifə”yə gətirilən milyarder: “Bir az gözləyin”

5 Oktyabr 2022, 15:14

Rusiyadan Qarabağa köçən milyarder Ruben Vardanyanın tezliklə Xankəndidəki separatçıların rəhbərliyinə gətiriləcəyi şübhə doğurmur.

 

Modern.az saytı xəbər verir ki, bununla bağlı erməni mediasında çeşidli informasiyalar yayılır.

 

Ruben Vardanyanın özü də son vaxtlar verdiyi açıqlamalarla Qarabağ separatçılarının rəhbərliyinə iddiasını gizlətmir.

 

Qeyd edək ki, Qarabağ separatçılarının hazırkı başçısı Arayik Arutyunyan dünənki açıqlamasında Ruben Vardaryana qondarma “Dağlıq Qarabağ respublikası”nın “dövlət katibi” vəzifəsini təklif etdiyini bildirib.

 

Vardanyanın bu təklifə razılaşdığı istisna olunmur. Hazırda Avropada səfərdə olan milyarder Arayik Arutyunyana cavab olaraq deyib ki, onun təklif etdiyi yanaşmalar və həll yolları  geniş dəstək taparsa, “dövlət katibi” olmağa razıdır.

 

Erməni milyarder bu gün mətbuata növbəti açıqlama verib.

 

O, Qarabağdakı qondarma qurumla bağlı ilk növbədə təhlükəsizlik, iqtisadi inkişaf və subyektivlik məsələsini həll etmək lazım olduğunu vurğulayıb.

 

“Başa düşməliyik ki, biz bu problemləri necə həll edəcəyik”, - deyən Ruben Vardanyan həmin məsələlərin həlli ssenarisinin nədən ibarət olacağını açıqlamağa tələsməyib.

 

“Mən populist bəyanatlar vermək istəmirəm, bir az gözləyin”, - Ruben Vardanyan bildirib.

 

“Hraparak” nəşri bildirib ki, Araik Arutyunyan dünən “Təhlükəsizlik şurası”nın Xankəndidə keçirilən genişləndirilmiş iclasında Vardanyanın təyinatının bir neçə həftədən sonra baş tuta biləcəyini bildirib.

 

"Hraparak” yazır ki, Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə gətirilməsi Xakəndidəki “siyasi elita” tərəfindən heç də birmənalı qarşılanmayıb.

 

““Artsax hökuməti” bu dəyişikliyi qəti şəkildə qəbul etmir. Çünki Ruben Vardanyan burada köklü dəyişikliklər etməyə hazırlaşır və bir çox insanlar tezliklə “vəzifələrindən” azad olunacaqlar”, - deyə qəzet qeyd edib.


“Dövlət naziri” vəzifəsi təklifinə müsbət yanaşdığını gizlətməyən Vardanyan deyib ki, separatçıların təhlükəsizlik məsələsini həll etmək üçün bütün ermənilər birləşməlidir.

“Bu vəziyyətdən çıxmalıyıq” deyən erməni iş adamının sözlərinə görə, onun komandasına Qarabağın gələcəyinin ermənilər üçün çox vacib olduğuna qərar verən insanlar daxildir:

“İnsanlar artıq cavab veriblər. Onlar həm “Artsax”dan, həm də xaricdən cavab verdilər və dedilər ki, mənim kimi əsgər olmaq istəyirlər. İnsanlar parlaq gələcək yaratmaq üçün hər şeyə hazırdırlar. Vəzifə təklifini qəbul etsəm, nəyi dəyişəcəyimi indidən danışmayaq”
 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi