Bu gün Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçirilir. Modern.az xəbər verir ki, artıq səhər yerli vaxtla saat 8:00-da seçki məntəqələrində səsvermə başlayıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 3,53 milyon seçici bu gün ölkə parlamentinin 150 deputatını seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.
Səsvermə saat 20:00-da başa çatacaq.
Deputatlığa namizədlər 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də majoritar qaydada irəli sürülüb.
Seçkilərdə 40-a yaxın azərbaycanlı da deputat mandatı uğrunda mübarizə aparacaq.
Azərbaycanlı deputatlar Sabir Hacıyev AŞPA, Əli Məsimli GUAM PA, Əflatun Amaşov və Hikmət Məmmədov isə Milli Məclisin xətti ilə səsvermənin gedişini müşahidə edirlər.
Modern.az