Modern.az

Cəbhə bölgəsində bayram şənliyi

Cəbhə bölgəsində bayram şənliyi

Aktual

30 Dekabr 2011, 17:45

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) kollektivi dekabrın 30-da dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı şənliyini Tərtər rayonunun təmas xətti yaxınlığında, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Həsənqaya kəndində keçirib. Açıq havada təşkil olunan məclisdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov, icra aparatının digər məsul işçiləri də iştirak ediblər. “Təşkilatımız iyirmi ilə yaxındır ki,  münaqişə bölgələrində də fəaliyyət göstərir və biz müharibədən zərər çəkən insanların problemlərinin həlli istiqamətində müntəzəm olaraq humanitar layihələr həyata keçiririk. Qaçqınların və məcburi köçkünlərin yaşadıqları çətin həyatın, məhrumiyyətlərlə dolu günlərin içərisində olmuşuq, onların keşməkeşli yaşamının şahidi olmuşuq. Bayramı Həsənqaya kəndində keçirməyimiz də təsadüfi deyil, çünki biz müntəzəm olaraq burada  olur, soydaşlarımızın problemləri ilə maraqlanırıq” deyə  BAMF-ın sədri Umud Rəhimoğlu bildirib.

Tədbirdə çıxış edən Umud Rəhimoğlu qarşıdan gələn bayramlar  münasibətilə mərasim iştirakçılarına rəhbərlik etdiyi təşkilatın adından xoş arzularını bildirib. Tərtər Rayon İcra Hakimiyyəti başçısınin birinci müavini Vidadi Bəylərov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Bağırov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə məcburi köçkünləri təbrik edib, belə əziz gündə Beynəlxalq Avrasiya Mətbuat Fondunun keçirdiyi humanitar aksiyanın alqışa layiq olduğunu vurğulayıb və kollektivə bu təşəbbüsünə görə  öz təşəkkürlərini bildiriblər.

BAMF-ın kollektivi kənddə məskunlaşmış 33 ailənin hər birinə içərisində müxtəlif məşət əşyaları olan bayram sovqatı, uşaqlara isə yeni il hədiyyələri təqdim ediblər. Kəndin mərkəzində heyvan kəsilib və  hər ailəyə 4 kiloqrama yaxın ət paylanıb. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının reyrstrinə daxil edilən BAMF həmin gün ABŞ-ın “Lutheran World Relief”  Təşkilatı tərəfindən göndərilən və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ayırdığı və  “Kounterpart” Beynəlxalq Humanitar təşkilatı  tərəfindən verilən humanitar yardımı da məcburi köçkün ailələr arasında bölüşdürüb.

Qeyd edək  ki, bir gün əvvəl BAMF  Tərtər rayonunun Şıxarx, Qızıloba və Çaylı kəndlərində də humanitar yardım paylayıb. Yeni il ərərfəsində rayon üzrə bütövlükdə 350 ailəyə (1200 nəfərdən çox insan) bayram sovqatı verilib.

Mərasim kəndin mərkəzində qurulmuş mağarda bayram şənliyi ilə başa çatıb.




Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı