Müxalifətdə olan Qazaxıstan Milli Sosial Demokrat Partiyası təşkilatın paytaxt şöbəsinin rəhbəri Nurlan Auesbayevi prezidentliyə namizəd kimi irəli sürüb.
Modern.az xəbər verir ki, müvafiq qərar şənbə günü keçirilən 19-cu növbədənkənar qurultayda qəbul edilib.
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
“Qurultay Auesbayev Nurlan Satybaldieviçin Milli Sosial Demokrat Partiyasından prezidentliyə namizəd kimi seçilməsi barədə qərar qəbul edib”, - partiyanın sədri Asxat Rəhimjanov bildirib.
Prezidentliyə namizəd irəli sürmək hüququ qanuna əsasən, qeydiyyatdan keçmiş respublika ictimai birliklərinə, o cümlədən partiyalara məxsusdur.
Prezident seçilmək üçün namizəd anadan doğulandan Qazaxıstan vətəndaşı olmalı, son 15 il ərzində respublika ərazisində yaşamalı, ali təhsilli olmalı, ən azı 40 yaşına çatmalı, aktiv seçki hüququna malik olmalı, ən azı dövlət qulluğunda və ya seçilmiş dövlət vəzifəsində beş il iş təcrübəsinə yiyələnməli və qazax dilini mükəmməl bilməlidir.
Qazaxıstan Milli Sosial Demokrat Partiyası 2019-cu ildə prezident seçkilərini boykot etmişdi.