Oktyabrın 9-da axşam saatlarında Hövsan qəsəbəsində 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərovun amansızlıqla qətlə yetirilməsi barədə xəbər vermişdik.
Modern.az xəbər verir ki, 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən idarə etdiyi avtomobildə öldürülən Çərkəz idmançı olub. Dostları onun uzun müddət idmanla məşğul olduğunu qeyd ediblər.
Qafqazinfo-nun məlumatına görə, işdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər. Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu qətlə yetirən şəxslər daha sonra maşınını götürərək qaçıblar. Hadisədən qısa vaxt sonra qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb və yeniyetmələr tutularaq istintaqa cəlb edilib.