
Qanı yaman qaradı. Dal-dalı getməkdən divara ilişib qalıb. Qorxusundan başını da qaldıra bilmir. Çarəsizlik burulğanında boğulan bu adam onun-bunun ətəyindən yapışmaq istəsə də, əli boşa çıxır. Bu əldən ətək də bezib. Bir tərəfdən də qarşıda onu gözlədiyi, ən çox qorxduğu görüş-Soçi görüşü. Sözü-söhbəti bitib-tükənmiş adamın bu görüşdə halı necə olacaq? Bunun işi lap arığın qoruğa girməsi məsəlinə bənzəyir.
Bu vasitəçilərin də insafını Allah kəsməsin. Bu yazıq bəndəni həftə səkkiz mən doqquz Azərbaycan prezidenti ilə üz-üzə çıxarıb pis vəziyyətə qoyurlar. Bunlar axırda elə bir vəziyyət yaradacaqlar ki, aldığı siyasi zərbələrdən Serj Sərkisyan ayağa qalxa bilməyəcək. Daha düşünmürlər ki, belə hərəkət heç azərbaycanlılara da lazım deyil. Çünki onu elə özününkülər yıxıb sürüyəcək. Elə bu adamı hamıdan əvvəl Qarabağda yaşayan ermənilər məhv edəcək. Gec də olsa, onlar da başa düşürlər ki, Azərbaycanın çörəyini yeyib, suyunu içib bəy kimi yaşayırdılar. Yoxsa indiki kimi... Qorxu, təlaş, həyəcan...
Bu günlərdə bir erməni dığası sosial şəbəkədə yaydığı videoda az qala özünü doğraya-doğraya bağırırdı ki, “müharibəyə getsəm, məndən şərəfsiz adam yoxdur”. Sənin şərəfsiz olduğuna heç kim şübhə etmir. Ancaq qəfil ayılıb belə ağıllı danışmağına şübhəmiz var. Çünki neçə illərdir ki, özün kimi şərəfsizlərin nağıllarına qulaq asıb şadlığına təpik atmısan. Unutmusan ki, təsir əks təsirə bərabərdir. Yəni qüvvə əks qüvvə yaradır. Elə düşünmə ki, bu qanunu azərbaycanlılar yazıb. Bir az kobud ifadə etsək, təpiyə qarşı təpiklə cavab qanununu hələ bir neçə əsr bundan əvvəl Nyuton adlı bir kişi icad edib.
Gözəl qanundur. Amma mən Nyutonun bu qanununda bir boşluq görürəm. Çünki həmişə onun dediyi kimi olmur, təsir əks təsir yaratmır. Məsələn, elə götürək prezidentlərin görüşünü. Azərbaycan prezidenti İlham Əliyev öz güclü, məntiqli və ədalətli çıxışı ilə Sərkisyana amansız zərbələr vurur. Bu zərbələrə Serjik “müəllim” cavab verə bilmir, yəni əks təsir olmur. Nyuton gərək bunu nəzərə alıb qanunlarına belə bir əlavə edəydi ki, samballı və haqlı qüvvə bərabərdir qarşı tərəfin məhvinə. Mən fizik olmasam da, yaxın vaxtlarda şahidi olcaqsınız ki, Nyuton qanunlarına qarşı iradlarım əsaslıdır. Yüz faiz əminliklə bildirirəm ki, Soçi görüşündə Nyutonun üçüncü qanunu yenə də pozulacaq.
İlham Cəmiloğlu