Misirdə “Airbus 321” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni cəsədlərin qalıqları aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupunun rəhbəri Aleksandr Aqafonov Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, bu gün də axtarışlar davam etdirilib. Aparılan axtarış əməliyyatlarında Rusiya FHN-in 80-dək əməkdaşı iştirak edib. Bununla da qəzada həlak olanlardan 171 nəfərin cəsədinin qalıqları artıq tapılıb.
Tapılan şəxsi əşyalar arasında Ukrayna və Belarus vətəndaşları daxil olmaqla 111 nəfərin pasportu var. Təyyarənin qalıqlarının böyük ərazini əhatə etdiyinə diqqət çəkən Aleksandr Aqafonov bunun təyyarənin səmada parçalanması ehtimalını artırdığını qeyd edib. Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.
Modern.az