Qurum Milli Məclisdə səslənın korrupsiya ittihamlarını rədd edir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Milli Məclisin deputatı Fəzail Ağamalının bu gün parlamentdə hökümətin hesabatının müzakirələri zamanı qurumun ünvanına ünvanladığı ittihamlara cavab verib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az saytına açıqlamasında rüşvətlə bağlı deyilənləri cəfəngiyyat adlandırıb.
“Rüşvət ittihamı və bununla bağlı söylənilənlər tam cəfəngiyyatdır. Ölkə ictimaiyyəti bilir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil və orta ixtisas təhsil müəssisələrində qəbul imtahanlarını tam şəffaf şəkildə həyata keçirir və bu prosesdə yeganə meyar bilikdir. Ona görə deyilən fikirlər tamamılə əsassızdır”-deyə E.Nağızadə vurğulayıb.
E.Nağızadə onu da qeyd edib ki, bilik səviyyəsinin qiymətləndirilməsinin başqa meyarı ola bilməz. “TQDK abituriyentlərin bilik səviyyəsini artırmaq üçün çoxsaylı vəsaitlər dərc edir. Bundan əlavə, onların qəbul imtahanlarına yaxşı hazırlaşmasını təmin etmək üçün hər il çoxsaylı sınaq imtahanıları keçirir. Burda bilik səviyyəsinin qiymətləndirilməsinin başqa meyarı yoxdur”.
Qeyd edək ki, Milli Məclisin bu günkü iclasında hökümətin təqdim etdiyi hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı təhsil sahəsini ciddi tənqid atəşinə tutub. Millət vəkili orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu vurğulayaraq, bununla bağlı problemləri qaldırıb. Daha sonra millət vəkili Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və bir sıra ali məktəblərin ünvanına korrupsiya ittihamları səsləndirib: “Bakı Dövlət Universitetinin hüquq fakültəsinə və Tibb Unversitetinə daxil olmaq üçün 150 min manat rüşvət verilir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, bunu yaddan çıxarmaq olmaz”-deyən F.Ağamalı həmçinin tələbə qəbulu ilə bağlı qaranlıq məqamların olduğunu söyləyib. “TQDK-da milyonlarla rüşvət alınır”-deyən F.Ağamalı qurumu ittiham edib.
Aytən ƏLİYEVA