Modern.az

Lerikli kişi

Lerikli kişi

Ölkə

23 Oktyabr 2012, 10:49

1990-cu illərin ortaları idi.  Respublika sarayında  Rövşən Cavadovun dövlət çevrilişinə  cəhdinin ildönümünə  həsr olunmuş  geniş müşavirə keçirilirdi və  mən də həmin  tədbirdə  iştirak edirdim. Müşavirəni ümümimilli liderimiz, Azərbaycan prezidenti Heydər Əliyev aparırdı. Çıxışçılara diqqətlə qulaq asırdım.

Məlum oldu ki, “omon”çuların anaları Heydər Əliyevdən xahiş ediblər ki, onların həbs olunan oğlanları azad edilsin. Bu qarşıdurmada  oğlu  həlak olan  lerikli bir kişinin çıxışı hələ də qulaqlarımda səslənir.  O əvvəlcə  mikrofonda düz dayanaraq vərəqdən çox rəsmi uzun və ənənəvi bir çıxış oxudu. Vərəqdəki yazılanı oxuyub qurtardıqdan sonra üzünü Heydər Əliyevə tutdu. Hətta mikrofondan aralanıb,  Heydər Əliyev sarı gəldi. Kağız da, mikrofon da unuduldu, necə vardısa elə, xırıltılı, ağrılı bir səslə danışmağa başladı:

- Yoldaş Heydər Əliyev, eşitdim ki, “omon”çuların anaları oğlanlarının azad olunmağını sizdən xahiş ediblər. Bəs mənim oğlumun anası, ana  döyül?

Birdən-birə saray içini çəkdi. Adamlar koks ötürdü. Kişi özünü indi ifadə edirdi. Bayaq trubinada oxuduğu başqa birisinin yazdığı mətn idi. İndi o, öz daxili həyacanını istədiyi kimi dilə gətirirdi. Onun üçün artıq zalda  heç kəs yox idi. Bir Heydər Əliyev vardı, bir də özü.

Lerikli kişi davam edirdi.

- Yoldaş Heydər Əliyev, mənim oğlum Novruz bayramında həlak oldu. Bu bayramda cücülər, qarışqalar, ilanlar torpağın üzünə çixır, amma mən oğlumu öz əlimlə  torpağın altına verdim. Bəs mənim oğlumun anası, ana döyül?

Hamı kövrəlmişdi. Salonda ağlayanlar vardı. Heydər Əliyevin baxışları onun üzünə zillənmişdi. Nəhayətsiz bir kədər, sukut hökm sürürdü.

Kişi sözünə davam edirdi:

- Yoldaş Heydər  Əliyev, mən ölən oğlumun barmağından nişan üzüyünü çıxardıb  kiçik oğlumun barmağına taxdım. Bəs mənim oğlumun anası, ana döyül?

Elə bu zaman  Heydər Əliyev ayağa qalxdı. Kişiyə tərəf getdi. Kişi höngürtü ilə ağladı. Heydər Əliyev onu qucaqladı, başını sinəsinə sıxdı.

Salonda hamı  ayağa qalxdı. Elə bil  zalda ilk dəfə idi ki, hamı ağır müharibənin  dəhşətlərini indi hiss edirdi. Adamlar facəiənin ilk zərbəsini indi duyurdular. Nəyə görə? Çünki həmin kişinin nitqi təsirli idi, orjinal idi, ürək ağrılarını  dəqiq ifadə edirdi.

Bəzən nitqlə dili dəyişik salırlar. Dil ümumi bir  anlayışdır. Nitq fərdidir və  ayrı- ayrı insanlara məxsusdur. Kimin  nitqi təsirlidirsə, o, ətrafdakılara fikrini çatdırmağı  bacarır. Çünki o  içini bütün cizgilərinə qədər ifadə edir. Bəzən  bizim dilimizdə nitq çatışmazlığı olur.  Lerikli kişi  öz nitqi ilə müharibənin acı təfərruatlarını bir anlıq  salondakılara  yaşada bildi. Bu hədisəni nəyə görə misal çəkürəm?

Bu gün  şeirimizdə, nəsrimizdə nitq kasadlığı var. Ona görə nəsr əsərləri zəif olur ki,  yazışının nitqi yekdil deyil, obrazlarının  nitqi  orjinal deyil, sanki o,  başqasına   öz əlləri ilə deyil, dəmir maşa ilə toxunur. Burda hissiyyat yoxdur, təmas itir, nervi ölür, nəhayət insan quru ağaca çevrilir.

Lerikli kişi  öz kədərini ifa edən zaman  dünyanın ən böyük şairi idi. Yazıçılıq onun nitqindən başlayırdı. Bəzi  yazıçılarımızda çatışmayan nitq mədəniyyəti lerikli  kişidə  bütöv idi, yeni idi. Artıq  trubinada qoyub gəldiyi yazılı vərəq onun dili deyildi, başqasının idi, ağrı çəkənin deyildi, adı bir içlas üçün bütün parametrləri nəzərə alınmış içtimai-siyası bir tapşırıq idi. Ona görə də lerikli kişi onu trubinada qoyub gəldi, təzədən dil açdı.

Bəlkə lal bir  adamin  nitqi  danışa bilən adamdan daha güclüdür. Şəklin süjeti, nitqi, adi bir mətndən orjinal  səslənə bilər. Axı şəkil də oxunur, ifa olunur. Çiçəyin, çəmənin nitqi var, gərək oxuya biləsən.

İllər keçir, bəlkə də lerikli kişinin  çıxışından 15 il ötür, ancaq müharibəni dəhşətini onun qədər dəqiq ifadə edən, nə əsər oxumuşam, nə insan görmüşəm.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı