Modern.az

Tahir Kərimli: “Mütəllibov haqlıdır, biz ona vaxt vermədik”- MÖVQE

Tahir Kərimli: “Mütəllibov haqlıdır, biz ona vaxt vermədik”- MÖVQE

Ölkə

4 Mart 2013, 11:50

Müstəqil Azərbaycanın ill prezidenti Ayaz Mütəllibovun APA-ya verdiyi müsahibə ölkə gündəmində birmənalı qarşılanmayıb. Belə  ki, keçmiş prezident 1992-ci il Xocalı faciəsindən o vaxtkı AXC-nin hakimiyyətə gəlmək üçün istifadə etdiyini deyib.  AXC-nin həmin dövrdə fəalları isə bu münasibətə reaksiya veriblər. Qarşılıqlı ittihamlar barədə Modern.az-a Ali Məhkəmənin keçmiş sədri, həmin dövrdə Ali Sovetin deputatı olmuş, hal-hazırda Vəhdət partiyasının sədri Tahir Kərimli də danışıb.

“Ayaz Mütəllibov deyirdi ki, bir müddət sonra istefa verməyə hazırdır”

Onun sözlərinə görə, indiki vəziyyətdə qarşılıqlı ittihamlar heç kimə xeyir vermir. “Belə bir deyim var: yer bərk olanda öküz-öküzdən görər. Erməni qalıb orda, onlara gücümüz çatmır. Ancaq bir-birimizi təqsirləndiririk. Hamı kimdəsə günah axtarmağa çalışır. 1992-ci ilin mart sessiyasında kəskin çıxış etmişdim. Mən o vaxt da deyirdim ki, bir-biriniz qırmayın, heç prezident seçkisi də lazım deyil. Hamı hiss edirdi ki, böyük təhlükə var. Ancaq o zaman da bir-birimizi didirdik. Bunun nəticəsi isə çox ağır oldu. Düşmən torpaqlarımızı ələ keçirdi”.

Partiya sədri onu da əlavə edib ki, Ayaz Mütəllibov müəyyən mənada haqlıdır. “Çünki həmin dövrdə ona vaxt vermədik. Ayaz Mütəllibov deyirdi ki, o, bir müddət sonra istefa verməyə hazırdır. Lakin onu da vurğulayırdı ki, ona imkan verilsin, itirdiyimiz torpaqları qaytaraq, sonra istefaya göndərək”.

“Rus generalları ilə işğal olunmuş əraziləri  qaytarmağa razılığa gəlmişdilər”

Tahir Kərimli vurğuladı ki,  o vaxt yeganə hakim qüvvə Moskva olduğuna görə Ayaz Mütəllibov da ordan kömək gözləyirdi. “Kim Moskvaya daha çox pul verirdisə, siyasi dəstək göstərirdisə, Kreml də onu müdafiə edirdi. Bir müddət torpaqlarımızı da müdafiə etdilər. Biz Rusiyaya yaxın hesab etdiyimiz  Ayaz Mütəllibovu vəzifədən çıxarmaqla Moskvada böyük “acıq” yarandı. Xüsusən Rusiya ordu generalları bizə qarşı düşmən mövqe sərgilədilər. Halbuki, onların hamısı ilə danışıqlar olmuşdu. Həmin rəsmilər Azərbaycan torpaqlarında, Qarabağda suverenliyi bərpa etməyə, işğal olunmuş əraziləri özümüzə qaytarmağa razılığa gəlmişdilər. Amma düşmən kimi ruslara yanaşdığımızdan ermənilərə torpaqlarımızı işğal etməyə kömək etdilər. Bizim səhvimizdən dolayı bu günə kimi də öz yardımlarını Ermənistana əsirgəmirlər. Mən hesab edirəm ki, o vaxt Ayaz Mütəllibova həqiqətən vaxt vermək lazım idi”.

“1992-ci ildə Azərbaycan MDB-yə girməli idi, biz səhv etdik”

MDB-yə üzv olmaqla bağlı məsələyə də münasibət bildirən Tahir Kərimlinin fikrincə, elə həmin dövrdə bu quruma Azərbaycan daxil olmalı idi. “Bizim hakimiyyət dövründə əlimdə istefa ərizəsi tutaraq çıxış etmişəm. Orada deyirdim ki, MDB-yə girmək məsələsi vardısa Ayaz Mütəllibovu niyə hakimiyyətdən devirdik?”. Partiya sədri onu da əlavə edib ki, AXC-ni də təqsirləndirmək əslində düzgün yanaşma deyil. Eyni zamanda Tahir Kərimli siyasi qüvvələri vahid ideologiya ətrafında birliyə çağırdı.  “Ərazilərimizin müdafiəsinə təkcə AXC-nin gücü çatmazdı. Ancaq bunu obyektiv qiymətləndirmirlər. O vaxtkı situasiya indi də təkrarlanır. Bizi bir-birimizə indi də qırdırırlar və nifrət oyadırlar. Ona görə də milli gücə çevrilə bilmirik. Vahid milli güc siyasi partiyaların maraqlarının qarşıdurması ilə əmələ gələ bilməz. Milli maraqlar, dövlət və Qarabağın azadlığı naminə siyasi ambisiyalardan imtina edib vahid gücə çevrilməliyik. Ayaz Mütəllibov bağımsız Azərbaycanın ilk prezidentidir və ona bu cür fikirlər səsləndirməməliyik. Həmin dövrdə biz Tahir Əliyevlə mərmilər, silah-sursat aparıb cəbhəyə payladıq. Amma onlar hamısı düşmənə qaldı. Bir sözlə, Ayaz Mütəllibov da, Tahir Əliyev də, İsgəndər Həmidov və digərləri də Azərbaycan üçün çalışıb. Amma aramızda nifaq yaratdılar. Heç olmasa, tarixdən ibrət götürməliyik.  ”-deyə qarşlıqlı ittihamlara etirazını bildirib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı