Hörmətli təhsil nazirimiz Mikayıl Cabbarov. Başçılıq etdiyiniz sahədə işləyən yaxınlar, dost-tanış sizin fəaliyyətinizdən ürəkdolusu danışırlar. Hiss olunur ki, yeni fikirli, cavan, enerjili bir adam kimi nəsə etməyə çalışırsınız. Fundamental dəyişikliyə qısa müddət ərzidə nail olacağınıza inanmasam da, nikbinliyimi itirməyərək, nə vaxtsa sizə qarşı tənqidi fikirlərimdə haqsız olmağımı görmək istərdim .
Mən gözləyirdim ki, sizin gəlişinizdən sonra birinci addım müəllimlərin maaşlarının qaldırılması olacaq ki, bu da hələ baş verməyib. Xüsusi amiranəlik də edə bilmirsiniz. Çünki təhsildə amiranəlik keçmir. Hər şeyi yavaş-yavaş, mərhələlərlə düzəltmək məcburiyyətindəsiniz. Bu da vaxt tələb edir.
Orta təhsildə qazanılan bilik səviyyəsini TQDK ildə iki dəfə yoxlayır. Buraxılış və qəbul imtahanlarında. Bilərəkdən, ya bilməyərəkdən keçid balını 150-yə salaraq həm əksər orta məktəblərin, həm də səviyyəsiz ali məktəblərin üzünü ağ edir. Daha doğrusu planı doldurur. Amma, siz özünüz də gözəl başa düşürsünüz ki, 700 mümkün baldan 150 bal , yəni dörd dəfədən də az keçid balı tətbiq etmək TQDK-ya deyə bilmərəm, təhsilimizə başucalığı gətirmir. Axı, ali məktəblər də sizin tabeliyinizdədir. Yalnız valideynlər “Allah, Məleykə xanımın canını sağ eləsin ki, balamız instituta daxil ola bildi” deyirlər. Neçə balla? Bunu heç dillərinə də gətirmirlər. Görəsən bununla işlər düzəlirmi?
Bilik səviyyəsini ara-sıra yoxlayırıq. Test verib ağ dairələrə plyus-minus yazmaq, ya da qaralamaqla. Mənə çox maraqlıdır. Bəs görəsən Azərbaycan məktəblərində savad hansı səviyyədədir? Bir daha xatırlatmaq istərdim ki, savadlı - yazıb, oxumağı bacaran adama deyirlər. Bəs düzgün yazıb-oxumağı hamı bacarırmı? Sovet vaxtı savadın səviyyəsini imla, ifadə, inşa yazdırmaqla təyin edirdilər. Bəs indi necə?
Bir misal vardı. Vergülsüz belə səslənir. “Oxu atan kimi eşşək olma”. Əgər vergülü “oxu” sözündən sonra qoysaq, eşşək ata sayılacaq. Əgər vergülü “oxu atan kimi”dən sonra qoysaq ata savadlı, bilikli, uşaq isə.... Birinci vergüldə daha heç nəyi düzəltmək mümkün deyil. Amma ikinci vergülün qoyulmaması sizin apardığınız islahatlardan, verdiyiniz qərarlardan çox asılıdır.
Bəs görəsən məktəblərdə vergülün harda qoyulmasının fərqinə varırlarmı. Sizcə biz atalar daha savadlı, bilikliyik, yoxsa övladlarımız? Bu vaxt məktəblərin yox, valideynlərin puluna tutulan repetitorların hesabına qazanılan bilik səviyyəsi gəlir müstəviyə. Yox, deyəsən yenə mən haqlıyam. Çünki oxuduğum sovet təhsil sistemində qabağımıza sual, yanında da beş cavab qoymurdular ki, tap. Sualı oxuyurduq, cavab isə beynimizdən gəlirdi. Əgər vaxtında nəsə oxumusansa, imtahandan üzüağ çıxırdın. Mən əlaçı deyildim. Gündəliyimdə bütün qiymətlər vardı. Amma bu qiymətlər repetitorlardan yox, dövlətin vəsaiti hesabına fəaliyyət göstərən orta məktəbdə aldığım təhsilin məhsuluydu.
Mikayıl müəllim, ovaxtkı qiymətləndirmə sistemi, yaxud da indiki test, bilirsinizmi nəyə oxşayır? Sizcə təbii qara kürü dadlıdır, yoxsa süni?
Nazirliyinizin açıqlamasında deyilir ki, ” Azərbaycanın ümumtəhsil məktəblərində tədris 3 dildə – Azərbaycan, rus və gürcü dillərində aparılır. Həmin məktəblərin hamısında Azərbaycanın dövlət təhsil standartları tətbiq olunur”. Bəs görəsən Azərbaycanda nə qədər gürcü və rus yaşayır? Rus məktəblərində azərbaycanlılar yox, təkcə ruslar və digər milli azlıqlar oxusaydı, neçə rus məktəbi avtomatik bağlanardı? Bir də ki, Mikayıl müəllim, türk litseylərində bizim dövlət təhsil standartlarımız tətbiq olunsaydı orada yüksək məbləğə uşağını oxutdurmağa kim razılıq verərdi? Bu standartları tətbiq etsəydilər Azərbaycan məktəbləri arasında birinci ola bilərdilərmi? Təhsil sistemimizdə qızların ayrı, oğlanların ayrı oxumaq standartı varmı? Türkiyədən gələn xocalar dərsləri Azərbaycan dilində keçirlər, yoxsa türk? Dil məsələsinə təkcə deputat Sabir Rüstəmxanlının yox, həm də öz baxış bucağımdan yanaşmaq istərdim.
Mikayıl müəllim, yaşadığımız binada həmyaşıdlarım arasında təkcə mən Azərbaycan məktəbində oxuyurdum. Fərq də bundan ibarət idi ki, bizim dərsliklər Azərbaycanda buraxılır, onların dərslikləri isə Moskvadan gətirilirdi. Bizim müəllimlər azərbaycanlı idi, onların müəllimlərinin əksəriyyəti yəhudi, rus, erməni. Bizdə Nizamini keçirdilər, onlarda Puşkini. İndi isə Azərbaycan, həm də rus, gürcü məktəblərində eyni şey keçilir, sadəcə dillər başqadır.
Amma dil məsələsində məni mənəvi tərəflər maraqlandırır. Görəsən niyə biz rusları, gürcüləri təsirimiz altına salıb, Azərbaycan məktəblərinə yönəldə bilmirik. Amma milli azlıqlar bunu məharətlə edir? Cənab nazir, hansı ənənəni davam etdirirsiniz? Axı, müstəmləkə yox, 23 ildir ki, müstəqilikdir. Dövlət dili də Azərbaycan dilidir. Buna nə vaxt əməl olunacaq?
Birinci sinifdə həm mən, həm də rusca oxuyan həmyaşıd qonşularım “Əlifba” keçirdik. Əlifbadan sonra isə “Ana dili” dərsləri başlanırdı. Ta ibtidai sinfin sonunacan. Rus məktəblərində bu dərsliyin adı “Rodnoy yazık” idi. Deməli belə çıxır ki, mən Azərbaycan məktəbində oxuyanın ana dili Azərbaycan diliydi, rus məktəbində oxuyan azərbaycanlının ana dili isə rus? İndi bir çoxları, deyəcəksiniz ki, əşşi nə fərqi? Buna isə mən cavab versəm çox bəsit görünər. Ona görə də Bəxtiyar Vahabzadənin sovet dövründə - 1954-cü ildə yazdığı “Ana dili” şeirini meydana çağırmağa məcbur oluram. Nikbinliyimi də itirmirəm.
Mikayıl müəllim, 60 yaşı olan bu şeirin sizin nazir olduğunuz dövrdə tarixə qovuşacağına, öz ana dilinə xor baxanlar nəslinin sizin sayənizdə bundan sonra sayının artmayacağına ümid edir, təkcə bu yolda sizə amiranəlik arzulayıram.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən,
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.