Modern.az

Çağdaş ədəbiyyat 15 sentyabr Bakı zəfərinə niyə laqeyd qaldı? - SORĞU

Çağdaş ədəbiyyat 15 sentyabr Bakı zəfərinə niyə laqeyd qaldı? - SORĞU

Təhsil

15 Sentyabr 2014, 17:09


15 sentyabr Bilik günü kimi yadda qalsa da, bu  tarixdə Azərbaycan üçün daha bir əlamətdar günlə yadda qalıb. 1918-ci ilin 15 sentyabr tarixində Qafqaz İslam Ordusunun fədakarlığı sayəsində Bakı yadellilərdən azad olundu. AXC hökumətinin formalaşması və davam etməsində əsaslı rol oynadı. Cümhuriyyət dövrünün ədəbiyyatı bu tarixi zəfərə həm poeziya. Həm də nəsrdə xüsusi önəm verdi.

Çağdaş Azərbaycanda ədəbiyyatında bu tarixi zəfər bir qədər də olsa xatırlanırmı? Modern.az-ın bu istiqamətdə ədəbiyyat adamları arasında keçirdiyi kiçik sorğuda yazarlar suala cavab verməklə yanaşı, həm də bu yöndə öz təkliflərini də irəli sürüblər:  

Firuz Mustafa (yazıçı-dramaturq):  

“Bir sıra əsərlərdə (xüsusən, publisistik yazılarda) bu mövzuya ötəri də olsa toxunulub. Amma bədii ədəbiyyat nümunəsində diqqəti çəkən yazılar az qala yoxdur. Mən deməzdim ki, ədəbiyyatımız bu mövzuya biganə qalıb. Məsələ bir az başqa cürdür. Sovet dönəmində belə mövzular yasaq idi. Hansısa əsər yazılsa belə çap olunmayacaqdı, əksinə, müəllifin “başı ağrıdılacaqdı”. İndi bu mövzuya heç bir tabu yoxdur. Amma indinin də öz dərd-səri var. Belə ki, indi kitab çap etdirməyin öz çətinliyi var. Hələ onun oxuculara çatması problemini demirəm... Elə isə nə etməli? Mən çıxış yolunu belə təsəvvür edirəm: deyilən mövzuda müsabiqələr keçirilməlidir. Qaliblərə mükafat verilməlidir. Bax onda diqqəti çəkən əsərlər meydana gələ bilər...”  

Sayman Aruz (şair):  

“Ümumiyyətlə, deyərdim ki, Azərbaycanın müasir ədəbiyyatı milli məfkurədən uzaqda formalaşır. Mən bu gedişatla həm ədəbiyyat,  həm mədəniyyətimizin gələcəkdə daha ağır durumlara düşəcəyini hiss edirəm. Millət ədəbiyyatla başlayar və siyasətlə davam edər. Əgər hansısa millət ədəbiyyatla öz milli həyatına başlamırsa onun siyasi həyatından da heç nə gözləmək olmaz. Mən buradan yazar dostlarıma çağırış edirəm. Deyirəm ki, milli məsələlərə, milli insanlara diqqət etsinlər. Gələcəkdə isə bu hadisə barədə yazı yazmağımı düşünürəm. Nə qədər ki, ömrüm var bu yolda yazacağam və yorulmayacağam!”  

Məti Osmanoğlu (ədəbiyyatşünas):

  “1918-1920-ci illərdə bu hadisə ədəbiyyatın və ümumiyyətlə ictimai-siyasi fikrin diqqət mərkəzində olub. 1920-ci ildə bolşeviklər hakimiyyətə gələndən sonra mövzuya maraq da dəyişib. Bu, sırf siyasi və ideoloji yanaşma idi. Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi “türklərin Bakını işğal etməsi” kimi hallandırılıb. Sovet dövründə Manaf Süleymanovun maraqlı publisistik əsəri çox populyar idi: “Eşitdiklərimdən, oxuduqlarımdan, gördüklərimdən...” Həmin əsərdə Osmanlı ordusunun Bakını xilas etməsi ilə bağlı maraqlı epizodlar var idi...   Mənə elə gəlir ki, vaxt itirmədən bu mövzu ilə bağlı Yazıçılar Birliyi və ya Mədəniyyət Nazirliyi müsabiqə elan edə bilər və bu, çox lazımlıdır”. 

Səfər Alışarlı (yazıçı ):  

“Bəli, ədəbiyyatımızın 1 saylı mövzuları sırasına daxil olan bu tarixi hadisənin ümummilli əhəmiyyəti çox böyükdür. Yazıçılarımızın belə mövzulara müraciət etməməyinin çox ciddi səbəbləri var. Bu və Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi hadisələrinə aid digər əsərlər dövlət sifarişi olaraq tenderə verilməli və onları yazacaq yazıçılar müəyyənləşdirilməlidir. Çox təəssüflər olsun ki, dövlətimizin bu yöndə ciddi çabalarına baxmayaraq, bu işə məsuliyyət daşıyan müvafiq idarələr öz vəzifə borclarını yerinə yetirməkdə çətinlik çəkirlər. İnanıram ki, milli mənəviyyatımızın dayağı olacaq bu əsərlər Azərbaycanda heç kimdən və heç nədən asılı olmayaraq yaradılacaq və gələcək nəsillər bu əsərlər vasitəsilə tərbiyə olunacaq”.    

Cəlaləddin Qasımov, yazıçı  

"1918-ci ilin 15 sentyabrı tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü idi. 1918-ci ilin martında Bakıda bəşər tarixində ən dəhşətli soyqırımlardan biri törədilmiş, 2-3 gündə 12 min soydaşımız qətlə yetirilmişdi 1907-ci, 1915-ci, 1917-ci və 1991-ci ildə Azərbaycanın hakimiyyətsizlik dövründə ermənilər fürsəti əldən verməmişlər. 1915-ci ildə Osmanlının zəifləməsi dövründə onlar özləri türk vətəndaşlara qarşı soyqırım törətdilər. Biz və bizim babalarımız o günləri gördük, yaşadıq. O günlərin təkrar olunmasına yol verməməliyik. Min bir zəhmətlə qurulmuş müstəqil dövlətimizin qədir-qiymətini bilməliyik. Artıq dəfələrlə düşmənimizin kimlər olduğunu, onların necə hiyləgər, fürsətkar, rəhmsiz, qəddar və amansız olduğunu gördük. Bundan nəticə çıxarmalıyıq! Babalarımızın, atalarımızın, bir sözlə, bizdən öncəkilərin etdiyi yanlışlıqları təkrarlamamalıyıq.”  

Şəmil Sadıqov, filologiya üzrə fəlsəfə doktoru:

  “Bu gün ədəbiyyat ifadəsi səsləndikdə müəyyən formalarda, çərçivələrdə yazılan şablon əsərlər nəzərdə tutula bilməz. Ədəbiyyat dedikdə sərhədsiz arzular, sərbəst düşüncə məhsulu, zövq oxşayan mətnlər olmalıdır. Ədəbiyyat həyat həqiqətlərinin carçısı olduğu üçün onun ədəbiyyat olmasını şərtləndirən əsas amil ədəbiyyatın mədəniyyət, tarix, sənət, fəlsəfə, əxlaq qaydaları olmasıdır. Hər bir xalqın ədəbiyyatı isə məhz həmin xalqın timsalında bəşəriyyətə xidmət etməlidir. Bu gün yaranan bədii əsərlərin bir çoxu təəssüf ki, dünyada gedən ədəbi proseslərin səthindəki parıltıya aludə olub, dərin ideologiyalar təqdim etməkdən yayınırlar. Azərbaycan tarixində çox önəmli hadisələr və tarixi şəxsiyyətlər var ki, onlar haqqında əsərlər hələ də yazılmayıb. Nəinki Bakının 1915-ci ildə azad edilməsi, heç Cümhuriyyəti quran onlarla tarixi şəxsiyyətlər haqında, o dövrü özündə əhatə edən bədii əsərlər yoxdur. Nəzərə alsaq ki, intellektual oxucular daha çox xatirə və tarixi bədii əsərlər oxuyur və buna da inanır, onda yazıçılarımız milli şüurun formalaşması üçün bu “priyom”dan hökmən istifadə etməlidirlər. Bir millətin formalaşmasında onun ədəbiyyatı çox böyük gücə malikdir. Yalnız "Əli və Nino" romanının  məhz Azərbaycan adına gördüyü işlərə diqqət etsək, o zaman ədəbiyyatın gücünə bələd olarıq. Təkcə ədəbiyyat yox, bütün sənət sahələri bu cürdür. Amerikanın dünyanı Rembo və Şvarsneqrlə zəbt etdiyini unutmaq olmaz. Onun üçün də, bu mövzuda böyük sənət nümunələri yaratmaq və dünyaya təqdim etmək çox vacibdir.”    

Cəlil Cavanşir (yazıçı):  

“Bakının işğaldan azad olunması, Osmanlı ordusunun fədakarlığı diqqətə layiqdir. Bu barədə çoxlu şeirlər yazılıb Cümhuriyyət dövründə. Bildiyim qədər Cəfər Cabbarlının "Bakı müharibəsi" adlı pyesi olub. Ümid edirəm gələcəkdə bu mövzuda ətraflı yazılacaq”.  

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı