Modern.az

Aydın Mirzəzadə: “Bakıda binaların tikilməsi ilə bağlı “qırmızı cizgi” müəyyənləşməlidir”

Aydın Mirzəzadə: “Bakıda binaların tikilməsi ilə bağlı “qırmızı cizgi” müəyyənləşməlidir”

Təhsil

19 Noyabr 2014, 14:28

“Cəbhədəki son vəziyyət göstərdi ki, Azərbaycan ordusu istənilən təxribatın qarşını ala bilər”. Modern.az saytının məlumatına görə, bunu YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, 2015-ci ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan vəsaitlərin artırılması çox yaxşı haldır: “Azərbaycan Silahlı Qüvvələrinə diqqətin artırılması, yeni hərbi texnikaların alınması, hərbi peşəkarlığın artırılması Azərbaycanın ordusunun Ermənistan tərəfinin istənilən təxribatına cavab verə biləcək vəziyyətə gətirib çıxarır. Noyabrın 12-də təmas xəttində baş verən hadisə və Ermənistanın susması bir çox qənaətə gətirib çıxarır. Azərbaycanın hərbi gücünün artırılması Dağlıq Qarabağ münaqişənin həllində öz müsbət təsirini göstərəcək”.
Deputat gələn ilin dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulan 50 milyon manatın gələcəkdə artırılmasını da təklif edib.

Aydın Mirzəzadə qeyd edib ki, büdcədən hər il sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə nəzərdə tutulan vəsaitin 10 milyon manat artırılması elə də yüksək məbləğ deyil: “Bununla insanların mənzil problemi həllini tapmır. Hesab edirəm ki, mənzil tikintisini stimullaşdırmaq üçün bu sahəyə vergi müvəqqəti ləğv edilməlidir. Problem həllini tapdıqdan sonra vergi bərpa edilə bilər”.

YAP-çı deputat Bakıda binaların tikilməsinin tənzimlənməsi ilə bağlı da fikir səsləndirib. “Bakıda binaların tikilməsi ilə bağlı “qırmızı cizgi” müəyyənləşməlidir və həmin binalar o cizgi çərçivəsində tikilməlidir”.

Aqşin KƏRİMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı