Modern.az

Büdcə vəsaiti bəs etmir, valideynlərdən də pul yığılır - Təhsilin sağalmaz yarası...

Büdcə vəsaiti bəs etmir, valideynlərdən də pul yığılır - Təhsilin sağalmaz yarası...

Təhsil

17 Noyabr 2022, 14:20

2023-cü ildə təhsil xərcləri 4 milyard 423 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 537 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəricilərinə nisbətən isə 1 milyard 331 milyon manat və ya 43 faiz çox deməkdir.

 

2019-cü illə müqayisədə 2023-cü ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz-bənd, mütləq ifadədə isə 2 milyard 227 milyon manat və ya 2 dəfə artıq olacaq.

 

Gələn il 150 min nəfərədək uşağı əhatə edəcək ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, 8 milyon nüsxə pulsuz dərsliklərin şagirdlərə verilməsi, xüsusi təhsillə əhatə olunan 12 min 700 nəfər uşağın təhsil, tibb, sağlamlıq və reabilitasiya müəssisələrinə aparıb-gətirmək üçün valideynlərinə və ya qanuni nümayəndələrinə aylıq müavinətin, 19 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumi təhsil məktəblərində işə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə kompensasiyanın və aylıq əlavənin ödənilməsi, həmçinin təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 152 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

 

Növbəti ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı (təqribən 463,4 min nəfər) imtahanların keçirilməsi üçün 15 milyon manat, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə 128 min nəfərdən çox təhsilalanın 258 milyon manat təhsil xərcinin və 120,1 min nəfərin isə 149,0 milyon manat təqaüd xərcinin maliyyələşdirilməsi üçün cəm olaraq 407,0 milyon manat vəsait proqnozlaşdırılıb.

 

Azərbaycanda 4432 orta ümumi təhsil müəssisəsi var. Rəsmi məlumatlara görə, bu məktəblərdə oxuyan şagirdlərin normal təhsil alması üçün bütün şərait yaradılıb və bu, növbəti il üçün də prioritet olacaq.

 

Amma nədənsə hələ də summativlərin çap olunması üçün tələb olunan vəsait bir kənara, məktəblərin qırıq-söküyünün düzəldilməsi üçün də şagirdlərdən pul yığılır.

 

Elm və Təhsil Naziri yanında İctimai Şuranın sədri Günel Səfərova Modern.az-a deyib ki, məsələ ilə bağlı onlara da müraciətlər daxil olur.

 

 

Sədr qeyd edib ki, təhsilə ayrılan inzibati xərclər bütün problemlərin həllini əhatə etmir. Əgər həmin pul məktəbə xərclənməyibsə, mənimsənilibsə, bu, qanun pozuntusudur.  Bəzən valideynlər özləri də sinifin daha çox yaxşılaşdırılmasını istəyərək müəyyən təşəbbüslər həyata keçirirlər. Ümumilləşdirəndə görürük ki, bəzi səbəblər fərqlidir. Mən də qeyri-qanuni pulların yığılmasının əleyhinəyəm. Şikayət daxil olan zaman araşdırırıq ki, bu təşəbbüsdürmü yoxsa, məktəb tərəfindənmi yığılır”.

 

G.Səfərova qeyd edib ki, büdcənin xərclənməsi üçün müəyyən qaydalar var:

 

“Əgər imtahan keçiriləcəksə və vərəqin hazırlanması prosesi inzibati şəkildə gecikəcəksə, bu zaman yığılan hər hansı məbləği qanunsuz hesab etmirəm. Bütün təhsil sistemlərini araşdıran biri kimi deyə bilərəm ki, bu, təhsilin hər səviyyəsində var. Ancaq, valideynlərin maddi durumunu da çox yaxşı bilirəm”.

 

Məktəbdə təmirə ehtiyacı olan əşyaların pulunun şagirdlərdən alınmasına etiraz edən təhsil eksperti Kamran Əsədov söyləyib ki, heç bir halda şagirddən pul yığılmamlıdır.

 

 Ekspert xatırladıb ki, 2023-cü ilin dövlət büdcəsindən təhsil xərclərinə 4,4 milyard manat vəsait ayrılıb:

 

 

“Əşyaların təmiri, yeniləri ilə əvəz olunması birbaşa dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Şagirdlərin məsuliyyətsizliyinə görə parta qırılarsa, elektron lövhəyə və ya digər əşyalara zərər gələrsə və yararsız hala düşərsə, bu halda belə zərəri şagird ödəməməlidir. Ancaq təəssüf ki, şagirdin ehtiyatsızlığı ilə hər hansı bir əşyaya zərər dəyərsə onun təmir pulu şagirdin valideynindən alınır. Son 2 il ərzində orta ümumi təhsil mərkəzləri 10 minlərlə yeni kompüterlə təmin olunub. Ölkədə olan 4432 məktəbdə təhsil alan 1.6 milyon şagirdin hər biri icbari və pulsuz təhsil alırlar”.

 

“Təəssüflər olsun ki, məktəblərdə direktorlar və direktor müavinləri öz maraqlarına görə bir əşyanın təmir pulunu şagirdlərdən alırlar. Bu ciddi pozuntudur, heç bir halda icazə vermək olmaz ki, bu məqsədlər üçün məktəblərdən pul yığılsın”, - deyə ekspert bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi