Modern.az

Hansı ali məktəblərə "tədqiqat universiteti" statusu veriləcək?

Hansı ali məktəblərə

Təhsil

7 İyun 2023, 20:43

Prezident tərəfindən təsdiqlənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda iki tədqiqat universitetinin yaradılması nəzərdə tutulub. Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Elm və Təhsil Nazirliyinə göstəriş verilib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial media hesabında yazıb.

 

"Görəsən, nazirlik hansı universitetlərə bu statusun verilməsini nəzərdə tutub? Hökumətin bununla bağlı müəyyən etdiyi şərtlər, xüsusilə də SCOPUS-da ölkə üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin bu tip universitetlərə aid olması necə təmin ediləcək?

 

Atılan addımlardan görsənir ki, hələlik ETN-nin bu istiqamətdə atdığı addımlar elə də ağlabatan görsənmir.

 

İnandırıcı olmasa da, ETN-nin əvvəllər AMEA tərkibində olan, indi isə ETN-nin tabeliyinə verilən elmi-tədqiqat institutlarının elmi potensialını birbaşa universitetlərə "aid etməyi" nəzərdə tutduğu bildirilir", - ekspert deyib.

 

O qeyd edib ki, bu yaxınlarda BDU və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətinin təşkili ilə bağlı imzaladığı memorandumda bununla bağlı müddəalar nəzərdə tutulub.

 

"Belə ki, məsələn, Riyaziyyat və Müxanika İnstitutunun indiyədək və bundan sonra beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) dərc olunan məqalələrin BDU-ya aid edilməsi nəzərdə tutulub. Ağlasığmaz olsa da, bu, belədir. Hətta, bundan sonrakı deyil, elmi institutların indiyədək mövcud olan elmi məqalə bazasının da Universitetə aid olunmasından söhbət gedir.

 

Bilmirəm bu ideya kimin ağlına gəlib. Düşünürəm ki, çox qüsurlu və səmərəsiz bir yanaşmadır. 

 

Universitetlərin tədqiqat potensialının artırılması üçün kiminsə "haqqına" girmək yox, süni tədqiqat görüntüsü yaratmaq yox, mövcud imkanlardan və potensialdan birgə istifadə ilə dəyər formalaşdırmaq prinsipi daha ağlabatan olardı.

 

Tədqiqat potensialı yüksək olan universitetlərin, məsələn, BDU-nun, UNEC-in, AzTU-nun, BANM-in, BMU-nun və s. beynəlxalq reytinq göstəricilərini yüksəltmək üçün, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi üçün birgə əməkdaşlığın, birgə tədqiqat imkanlarının yaradılması, birgə elmtutumlu infrastrukturun formalaşdırılması daha doğru olardı.

 

Yoxsa, hansısa elmi institut əməkdaşının illər öncə min əziyyətlə apardığı tədqiqatın nəticəsi olan bir elmi məqalənin bir anda hansisa Universitetə aid edilməsi, yumşaq desəm, ədalətsizlik və kiminsə haqqını tapdalamaqdır.

 

Düzü, belə bir memoranduma elmi institut rəhbərlərinin də imza atması xeyli düşündürücüdür" - Osman Gündüz vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır