Modern.az

Amerikan tragikomediyası: Usta Tramp və əfəl demokratlar

Amerikan tragikomediyası: Usta Tramp və əfəl demokratlar

Aktual

19 Dekabr 2019, 15:25

Demokratların nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmentinə səs verdi. Konqresin aşağı palatasındakı "ukraynageyt" dinləmələrində situasiya respublikaçı dövlət başçısı üçün nə qədər tragik görünsə də, demokratlar faktiki olaraq Trampın ikinci müddətə Ağ evə sahib olması üçün gözəl zəmin yaratdılar, üstəlik seçkidə favoritləri olacaq Co Baydenin şansını heçə endirdilər.

 

Demokratlar birinci taymda 1-0 irəli çıxdılar. Amma matçın taleyi ikinci dövrədə - respublikaçıların nəzarətindəki Senatda həllini tapacaq. Özü də, bu dəfə futbol taymı yox, boks raundu olacaq. Çünki revanşda Tramp sadəcə qol vurmayacaq, rəqiblərini nokauta salacaq.

 

Beləliklə də, yeni il ərəfəsində amerikan tarixinin unudulmaz şoularından birinə şahid olacağıq: Usta Tramp əfəl demokratlara dərs verəcək…

 

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verib.

 

Demokratlar Trampa qarşı iddialarında xüsusi xidmət əməkdaşının donosuna və ABŞ-ın Kiyevdəki keçmiş səfiri Mari Yovanoviçin Konqresdəki dinləmələrdə verdiyi ifadələrə söykənirlər. Onlar ABŞ prezidentini Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq göstərməkdə ittiham edirlər. Tramp guya bildirib ki, Zelenski Ukraynanın “Burisma” şirkətinə və ABŞ-ın keçmiş dövlət katibi Co Baydenin oğlu Hanter Baydenə qarşı istintaqı bərpa etməsə, Vaşinqton Kiyevi maliyyə yardımından məhrum edəcək.

 

Trampın vəkili Rudolf Culiani bu günlərdə Twitter-dən bildirib ki, “Burisma” ilə Amerikanın “Wirelogic Technology “ şirkəti arasında pulların yuyulması üzrə sxem olub və bunun sayəsində Hanter Bayden təxminən $3 milyon qazanıb.  Culianinin iddiasına Ukraynanın  iki keçmiş baş prokuroru – Viktor Şokin və sələfi Yuri Lutsenko dəstək verirlər.  Trampın vəkili öz ittihamlarında “One America News Network”  sənədli filminə istinad edir. Bu filmdə  Baydenin oğlunun rəhbərliyində təmsil olunduğu “Burisma”nın ətrafındakı fırıldaqlardan söz açılır.

 

Culiani Nümayəndələr Palatasındakı dinləmələrdə iştirakdan imtina etmişdi. Yəqin ki, özünü Senatdakı əks-hücuma saxlayıb. Respublikaçılar son günlərdə demokratları  araşdırmalarını başa çatdırıb impiçment qərarını elan etməyə tələsdirirdilər ki, ABŞ liderinin komandası Senatda öz şousuna başlaya bilsin.

 

Şübhəsiz ki, Senatdakı istintaq Bayden və demokratlara qarşı çevriləcək. VəTramp 2020-ci ilin payızında keçiriləcək prezident seçkisinin təbliğat kampaniyasına indidən start verəcək.  

 

Qəzənfər Həmidoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı