Dünyanın ən yaşlı insanı kimi tanınan yapon Keyn Tanaka aprelin 19-da 119 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bundan sonra dünyanın ən yaşlı insanı fransız Lucile Randonadır.
Fransada anadan olan və "Andre bacı" kimi tanınan 118 yaşlı Lucile Randon Keyn Tanakanın ölümündən sonra dünyanın təsdiqlənmiş ən yaşlı insanı tituluna yiyələnib.
Lucile Randon 11 fevral 1904-cü ildə anadan olub. Dünyanın ən yaşlı insanı olan qadın həyatı boyu iki dünya müharibəsi, 18 Fransa prezidenti, Vişi rejiminin yüksəlişi və süqutu, 24 Britaniya Baş naziri görüb.
"Andre bacı" bir müddət əvvəl koronavirusa yoluxsa da, bu xəstəlikdən sağalmağı bacarıb.
“Həyatdan uzaqlaşmaq istəmirəm, amma deyəsən, məni də Tanrı aparmaq istəmir. Sanki Tanrı məni çağırmağı unudub. Sevdiyim insanların yanında olmaqdan çox xoşbəxtəm. Qardaşım, nənəm və babamın yanında olmaq üçün başqa yerdə olmaq istərdim”,- dünyanın ən yaşlı insanı bildirib.

