Modern.az

Məşhur cərrah: “Niyə Azərbaycanda qaraciyər və böyrək köçürülə bilər, ürək yox...”

Məşhur cərrah: “Niyə Azərbaycanda qaraciyər və böyrək köçürülə bilər, ürək yox...”

Aktual

29 Yanvar 2016, 14:42


“Bu gün Azərbaycanda ürək transplantasiyasının bir neçə mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur. Hüquqi bazaya baxdıqda burada da heç bir problemin olmadığı görünür.

Sadəcə olaraq əsas problem cəmiyyətin bu işə hazır olmamasıdır. Bunun səbəbi odur ki, ölkədə ailədən və ya yaxınlardan birinin həyatını itirdiyi zaman onun üzərində ekspertiza işinin aparılmasına, yarılmasına qətiyyətlə qarşı çıxırıq. Əsas problem budur”.

Modern.az xəbər verir ki, unu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, ürək  cərrahı Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, belə yanaşmanın olması dindən gəlmə məsələdir:

“Bunun dindən, etnik dəyərlərdən gəlməsi müzakirə predmetidir. Onu dəqiq bilirəm ki, dində belə bir əngəl yoxdur. Əgər belə əngəl olsaydı İranda , Türkiyədə və digər ərəb ölkələrində ürək transplantasiyası olmazdı.

Həyatını itirən bir insanın bədənində hadisənin əsl mahiyyətini araşdırmaq üçün onun yarılmasına icazə verməyən düşüncə ilə yaşayan insanlarda müəyyən tərəddüdlər olur. Əminliklə deyirəm ki, bunu etmək mümkündür. Bunun üçün də ailənin və yaxınlarının razılığı mütləq şəkildə olmalıdır. Bu da sağlam vəziyyətdə yox, ancaq beyin ölümü diaqnozu qoyulduqdan sonra həyata keçirilə bilər. Bunu komada olan insanlarla qarışdırmaq olmaz. Hətta bəzən səhiyyə işçiləri də bunu qarışdırır. Beyin ölümü Azərbaycan Konstitusiyasında da ifadə olaraq da öz əksini tapıb. Belə ki, beyin ölümü həyatın bitdiyi dəqiqədir. Orqanların hamısı yaşasa da beyin ölümü varsa, insan həyatı bitmiş hesab olunur. Bu ürəklə əlaqəli deyil. Yəni beyni ölən insanların digər orqanları sağlam olur”.

R.Mahmudovun sözlərinə görə, ölkədə 3000-5000 insan orqan transplantasiyası gözləyir.
“Bu gün ölkədə qaraciyər və böyrək köçürməsi reallaşır. Hamısı da canlıdan canlıya köçürülür. Lakin ürəkdə bu mümkün deyil. Bir qəhrəman ailənin ortaya çıxaraq bu təşəbbüslə çıxış etməsi yaxşı başlanğıc ola bilər. Çünki ölkədə hansısa qərar verildikdən sonra sürətlə inkişaf olur. Hansısa təşəbbüs buna bir qığılcım olacaq. Mən buna inanıram. Azərbaycan ürək köçürülməsini həyata keçirməyə çoxdan hazırdır.

Məsələn, 50 yaşında olan bir insana 12 yaşındakı birinin boyu və ölçüsü uyğun gəlirsə, o da donor ola bilər”.

Deputat bildirib ki, hər bir müalicəni klinik protokollara əsasən həyata keçirmək daha vacibdir:

Rəşad Mahmudov hesab edir ki, ürək-damar xəstələrinin vəziyyətinin ağırlaşmasını, yaxud yüngülləşməsini mövsümlə əlaqələndirmək təxəyyülün məhsuludur :

“Mövsümi xarakter alması yalnız təxəyyülün məhsuludur. Çünki bununla bağlı real elmi araşdırma yoxdur. Sadəcə real problemi olan insan yay ayında özünü rahat hiss etdiyi vaxt, qış aylarında soyuq havada tez-tez yeridiyindən tənginəfəslik probleminin olduğunu deyir. Həmin insanlarda problem əvvəldə var idi.

Sadəcə həmin vaxt simptomlar ortaya çıxmış olur. Yaxud da bəlli mövsümlərdə şorabalardan, duzlu qidaların daha çox istifadə olunması ürək damar xəstəliklərindən əziyyət çəkən insanlarda təzyiqin yüksəlməsi ilə birlikdə simptomların ortaya çıxmasına səbəb olur ki, bunu da hansısa mövsümlə əlaqələndiririk. Dünya protokollarında qəbul olunan reallıq var ki, 35 yaşından sonra yoxlamalar daha intensiv şəkildə aparılmalıdır.

Qazanılmış ürək-damar xəstəliklərinin çoxunun təməlini qida rasionundakı dəyişikliklərlə əlaqələndirirlər. Eləcə də gənclərin istifadə etdiyi qidaları nəzərə alaraq dünyada böyük təhlükə yarandığını qeyd edirlər. Hətta bu xəstəliyin 6-7 yaşdan etibarən başladığı barədə xəbərdarlıq edirlər. Bununla bağlı tədqiqatlar var, amma daha dolğun olması üçün uzun zaman lazımdır”.

Ağa AKİFOĞLU 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı