Modern.az

Məişət zorakılığının qarşısı qanunla alınacaq

Məişət zorakılığının qarşısı qanunla alınacaq

Ölkə

20 May 2010, 19:21

Modern.az xəbər verir ki, Milli Məclisin (MM)  İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında «Məişət  zorakılığının qarşısının alınması və məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi haqqında» qanun layihəsinin birinci oxunuşda müzakirəsi aparılıb. İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, məişət zorakılığı məsələsi bu gün də aktual problem olaraq qalır və bununla əlaqədar dünyanın əksər parlamentləri müvafiq işlər aparırlar: «Hazırda dünyanın 60-dan çox ölkəsində məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul edilib. Ancaq onların mahiyyəti eynidir. 2006-cı ilin oktyabrında Milli Məclisdə bu məsələylə bağlı dinləmələr keçirildi, üstündən heç iki ay keçməmiş «Milli Fəaliyyət Planı» təsdiq edildi və bəzi məqamlar orada əksini tapdı. 2006-cı ildən bu günümüzə olan dövrə qədər isə bu yöndə çox məsələlər öz həllini tapıb. ATƏT-in Bakı Ofisi, Avropa Şurasının nümayəndəliyi ilə bu istiqamətdə tədbirlər reallaşdırılıb. Bu dörd il ərzində Azərbaycan cəmiyyətinin məlumatlandırılması, maarifləndirilməsi yönündə də çox böyük işlər aparılıb. Məhz ailə institutunun davamlılığını təmin etmək üçün bu məsələ indi müzakirəyə çıxarılır. Ailə institutu dövlətdən də, millətdən də əvvəl yaranmış bir institutdur və bu institutun qorunub saxlanması üçün vacib addımlar atılmalıdır. Bu addımlar atılarkən çox həssas olmaq lazımdır».

MM-in Dövlət quruculuğu şöbəsinin müdir müavini Ceyhun Qaracayev bildirib ki, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun layihəsinin hazırlanması uzun müddətdir müzakirə mövzusu olub: «Bizim hazırladığımız qanun layihəsi də BMT-nin model qanuna uyğun olaraq hazırlanıb. Eyni zamanda, qanun layihəsinin hazırlanmasında ATƏT-in tövsiyələrindən istifadə olunub».

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev qeyd edib ki, müzakirəyə çıxarılan məsələ çox aktualdır: «Düzdür, bizim qanunvericiliyimizdə zorakılıq hallarının qarşısının alınması ilə bağlı müddəalar, normalar var, ancaq bununla belə görünür, bu yöndə ayrıca qanunun da qəbuluna ehtiyac var».

Millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, qanun layihəsinin adı «Məişət zorakılığından müdafiə haqqında» olsa, daha məqsədəuyğun olar: «Qanun layihəsində nikah yaşına çatmamış insanların zorla nikaha məcbur edilməsindən söhbət açılır. Ancaq bir məsələ var ki, nəinki nikah yaşına çatmamış, hətta nikah yaşına çatmış insanlar da bəzən zorla nikaha girməyə məcbur olunur. Hesab edirəm ki, qanun layihəsinin müvafiq maddəsində bu məqam daha dəqiqliklə öz əksini tapmalıdır».

Müzakirələrin ardından sənəd MM-in plenar iclasına tövsiyyə edilib.

 

Qeyd edək ki,  qanun layihəsində göstərilir ki, bu sənəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvələr birgə yaşamaqlarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi, sosial nəticələrin qarşısının alınması, beynəlxalq standartlara uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Sənədə görə, məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün zərərçəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti, həmçinin fiziki və ya hüquqi şəxslərdən (dövlət və yerli özünüidarəetmə orqanlarından, təhsil və ya səhiyyə müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, qonşulardan və sair) daxil olmuş şikayətlər əsas hesab olunur. Göstərilir ki, dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri, hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və səhiyyə müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri bu Qanunun 5.1-ci maddələrində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. Bununla yanaşı, məişət zorakılığı halları barədə şikayətlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada, «Məişət zorakılığı halları ilə bağlı şikayətlərə baxılması haqqında Təlimat» əsasında araşdırılır. Eyni zamanda, məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlər haqqında məlumatları əks etdirən şikayətlərə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada baxılır, həmçinin, cinayət xarakter daşımayan məişət zorakılığı halları üzrə şikayətlər zərərçəkmiş şəxsin və ya qanuni nümayəndəsinin razılığı əsasında araşdırılır.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı