Noyabrın 2-dən 9-na kimi Türkiyənin Antalya şəhərində məktəblilərin və kollec tələbələrinin IV Beynəlxalq Bilik Olimpiadası keçirilib. Olimpiadada şagird və tələbələrin riyaziyyat, rus dili, xarici dil, türk dili və coğrafiya fənlərindən bilikləri imtahan edilib.
Azərbaycan Respublikasının məktəbliləri Antalya olimpiadasında ilk dəfədir ki,çıxış edirdilər.
Bilik yarışında Bakıdakı Avropa Azərbaycan Məktəbinin 8 şagirdi iştirak edib. Məktəblilərimiz Vətənə 12 medalla qayıdıblar. XI sinif şagirdi Günay Məmmədova ingilis dilindən (müəllimi Kəmalə Nuri) qızıl, riyaziyyatdan (müəllimi Kərim Cəfərov) gümüş medala layiq görülüb.
Onun sinif yoldaşı Murad Zeynalov da qızıl medal alıb. O, bu mükafata coğrafiyadan (müəllimi Zaur Əliyev) qazandığı biliklərə görə layiq görülüb.
Ən gənc iştirakçılarımızdan biri - VIII sinif şagirdi Vaqif Süleymanlı coğrafiyadan (müəllimi Nazlı Qurbanova) yüksək bilik nümayiş etdirib. O da qızıl medala layiq görülüb. Münsiflər heyəti Vaqifin ingilis dili biliyini də yüksək qiymətləndirib: onun ingilis dili biliyi (müəllimi Robert Garrard) bürünc medala layiq görülüb.
IX sinif şagirdi Əminə Hüseynli riyaziyyat fənnindən (müəllimi Kərim Cəfərov) bürünc medal alıb.
Avropa Azərbaycan Məktəbinin olimpiada iştirakçılarına 6 həvəsləndirici mükafat da verilib.
Yeri gəlmişkən qeyd edək ki, Antalyada keçirilən IV Beynəlxalq Bilik Olimpiadasının qaliblərindən biri Günay Məmmədova bu ilin martında Bakıda keçirilən Respublika Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənnindən də yüksək nəticə göstərərək, birinci yerə layiq görülmüşdü.
Bilik yarışının qaliblərini təbrik edirik.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının
Azərbaycan dili və ədəbiyyatı müəllimi