Modern.az

Azərbaycan XİN-i erməni nazir müavininə cavab verdi

Azərbaycan XİN-i erməni nazir müavininə cavab verdi

Təhsil

19 Noyabr 2014, 15:18



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Şavaş Köçəryanın 19 noyabr tarixində səsləndirdiyi Azərbaycana yönəlik ittihamlara cavab verib.

“Ermənistan Xarici İşlər Nazirliyi rəsmisinin sözügedən açıqlaması bir daha onu göstərir ki, Ermənistanın xarici siyasəti sağlam məntiq, əsas və dəlildən məhrumdur”-deyə XİN rəsmisi Modern.az-a açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, Ermənistanın xarici işlər nazirinin müavininə xatırlatmaq lazımdır ki, orta əsrlərə aid feodal təfəkkürü ilə Ermənistan tərəfindən qonşu dövlətin – Azərbaycan Respublikasının ərazisi işğal edilib, Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə həyata keçirilib.

“Ermənistan Respublikası ATƏT-ə yeganə üzv dövlətidir ki, 1975-ci il Helsinki Yekun Aktına tam şəkildə zidd olaraq, güc tətbiq etmək və təcavüz yolu ilə digər ATƏT üzvü olan dövlətin ərazisini işğal edib. Bu cür davranış beynəlxalq hüquqa, BMT nizamnaməsinə və dövlətlər arasında sivil davranış qaydalarına tamamilə ziddir.

Cəbhə xəttində baş vermiş son gərginlik Ermənistanın Azərbaycana davam edən təcavüz və işğalının növbəti sübutudur. Bu halda da Ermənistan tərəfindən güc tətbiq edilmiş və güc tətbiq edərək, hədələmək aktı həyata keçirilib.
Ermənistan Respublikasının terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub. Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA terror təşkilatını, “Arabo” və “Aramo” terror qruplaşmalarını xatırlatmaq kifayətdir.
Ermənistanın yürütdüyü işğalçı və təcavüzkar siyasət regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir.  Azərbaycana qarşı işğal və təcavüz əməllərinə görə Ermənistan dövləti BMT nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq, tam məsuliyyət daşıyır”.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı