Modern.az

Komitə sədri uşaqpulunun bərpası haqda DANIŞDI

Komitə sədri uşaqpulunun bərpası haqda DANIŞDI

Hadisə

11 Mart 2019, 15:39

İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib.

Mərkəzin rəhbəri Vüqar Bayramov Modern.az-a bildirib ki, təklif edilən mexanizmə görə, uşaqpulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir:

“3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. Hazırda bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaqpulunun məbləği 50 milyon 752 min manat edir”.

V.Bayramovun sözlərinə görə, digər differensial uşaqpulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir:

“Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.

Digər uşaqpulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaqpulu məbləği 58 milyon 512 min manat edir”.


Ekspert qeyd edib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaqpulunun məbləği 135 milyon 104 min manat edir ki, bu da illik 1 milyard 612 milyon manat deməkdir.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a deyib ki, bu gün 18 yaşadək olanlar üçün uşaqpulunun bərpası gündəmdə deyil:

“Ünvanlı yardımın uşaqpulu ilə əvəz olunması mexanizmini üzərində iş getmir.  Bildiyiniz kimi, mən hər dəfə parlamentin iclaslarında 3 yaşadək uşaqlar üçün uşaqpulunun artırılması təkliflərini səsləndirmişəm. Və hər zaman dediyim odur ki, 4 və daha çox övladı olanlar çoxuşaqlı hesab olunsunlar. 

Prezident çoxuşaqlı ailələrələ müavinət ayırdı, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat veriləcək. Uşaqpulu ilə bağlı bəzi məsələlər var”.

 

H.Rəcəbli bildirib ki, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaqpulu verilməsi doğru deyil:

“Bu belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. 

3 yaşadək uşaqlara görə uşaqpulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.

Komitə sədri qeyd edib ki, uşaqpulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub