Modern.az

Məktəbdə narkotik paylanır - Müəllimdən ciddi İTTİHAM

Məktəbdə narkotik paylanır - Müəllimdən ciddi İTTİHAM

Təhsil

6 Avqust 2022, 14:06

Xaçmaz rayonunun Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Modern.az xəbər verir ki, müəllim paylaşımında bu səbəblərə görə, ərizə yazaraq 2 il çalışdığı məktəbdən ayrıldığını bildirib. 

 

Paylaşımda onun çalışdığı məktəb rəhbərliyinə qarşı çox ciddi ittihamlar yer alıb. Onun fikrincə, şagirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu fakt məktəb rəhbərliyini narahat etməyib: 

 

“Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

 

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır. Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.

 

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir. Müəllim dərsə içkili halda girir. 

 

Şagirdlərə dərman paylanılır və bu, heç kəsi narahat etmir…”

 

R. Asiman əlavə edib ki, bu məsələlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən Təhsil Şöbəsinə şikayət etsə də, nəticəsiz qalıb: “On dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, “məktəb ailədir, ailənin sirri kənara çıxmaz””.

 

Sosial şəbəkələrdə müəllimin paylaşımı, eləcə də, məktəbdə uşaqlara dərman paylanılması ilə bağlı iddiaya şərhlər yazılıb. İzləyicilərdən biri bunun narkotik olduğunu sual edib. Müəllim isə cavabında təkrar həmin hadisənin yaşandığını təsdiqləyib və ekspertizanın cavabını bilmədiyini qeyd edib.

 

R. Asiman onu da vurğulayıb ki, çalışdığı dövr ərzində ona şər atılıb, təhqir olunub, mobbinqə məruz qalıb. Aidiyyəti dövlət orqanlarına göndərdiyi şikayət məktubları isə cavabsız qalıb.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: 

 

“Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!