Modern.az

Rus ordusu haqda mifin sonu

Rus ordusu haqda mifin sonu

Aktual

26 Sentyabr 2022, 11:46

Rəşadətli rus əsgəri haqda rus tarix kitablarında yazılanlar, filmlərində göstərilənlər mifdir!

 

Bu mif rus əsgərinin qeyri-adi qəhrəmanlığına görə yaranmayıb. Əsgərinə dəyər verməyən, onu güllə ağzına cəmdək kimi atan rus dövlət rəhbərlərinin, ordu generallarının amansız əmrləri yaradıb bu mifi.

 

“Пушечное мясо!” Bu sözün birbaşa tərcüməsi “top yemi” olsa da, əsgərlərin kütləvi şəkildə mənasız ölümə göndərilməsi anlamında işlədilir.

 

Rusların sevimli sərkərdəsi Jukovun sözüdür: “Бабы новых нарожают”, yəni arvadlar yenilərini doğub-törədəcəklər. Onun hərbi istedadı yalnız əsgəri güllə ağzına atmağa çatırdı. Döyüşə iki əsgəri bir silahla göndərməklə qazanırmış qələbəni, sağ qalan ölənin silahını götürürmüş.

 

Deyilənə görə II Dünya Müharibəsi vaxtı rus komandanlığının öz əsgərlərini dirigözlü ölümə göndərməsi alman generallarını dəhşətə gətirirmiş. Elə odur ki, iki cəbhədə vuruşan Almaniya müharibədən 9 milyon itki ilə çıxdığı halda, SSRİ 27 milyon qurban verdi.

 

Stalin haqqında çox bəyəndiyim bir film var. Qızı Svetlananın dedikləri, real hadisələr əsasında İvan Passerin 1992-ci ildə çəkdiyi ”Stalin” filmini deyirəm.

 

Filmdə bir yer var – marşal Voroşilov Hitlerin hücum şokundan üç gün sonra ayılan Stalinə cəbhədəki vəziyyəti izah edir, xəritədə son durumu göstərir. Bütün cəbhə boyu ordunun bir hissəsi əsir düşüb, yerdə qalanlar qaçır. Bu yerdə Stalin ”Beriya!!!” deyib bağırır. Beriyaya NKVD qoşunlarını cəbhəyə göndərməyi, qaçan əsgərləri yerindəcə güllələməyi əmr edir!

 

Ordunu qarşıda düşmən, arxada özününkülər əldə silah gözləyir. Belə şəraitdə düşmən tərəfə könüllü keçənlər də az deyildi. Almanlarla əməkdaşlıq edən general Vlasovun “Rusiya Azadlıq Ordusu”nda 500 minəcən əsgər və zabit varmış. Bu ordu rus-sovet əsirlərindən formalaşdırılmışdı. 

 

“Бабы новых нарожают” ibarəsini rus hərb tarixinin bütün zamanlarına aid etmək olar!

 

Sən demə, Napoleon ordusunun Moskvaya qədər gəlməsinin səbəbi də rus əsgərinin döyüşdən qaçması idi. İndi məlum olur ki, fransızları geri oturtmağa çar I Aleksandra köməyə qıpçaq çöllərindən bugünkü qazaxların, qırğızların, tatarların, başqırdların ulu babaları at belində gəlibmişlər. Bunu qazax tarixçiləri Fransa arxivlərində tapılan sənədlərə əsaslanaraq, iddia edirlər. Rus tarixi isə bu haqda, təbii ki, susur.

 

Demək, Napoleonun  aforizmə çevrilmiş “Rusu sıyırsan altından tatar çıxar” fikrinin əsasları varmış.

 

Tarix boyu rus əsgərini döyüşə iki şey aparıb – qorxu, bir də araq.

 

Qorxudan danışdım, indi rusların vodkasından deyim. Bir dəfə oxumuşdum ki, müharibə vaxtı hər əsgərin çörək, qənd kimi, araq norması da varmış, günə 100 qram, döyüşə gedənlərə 200 qram. O müharibədə yaralanan Salman babam sonralar deyirmiş ki, araq payını qəndə dəyişərmiş.

 

Bax o arağın spirtini bilirsiniz, nədən hazırlayırmışlar? Sibirdə “xalq düşmənləri”nə qırdırılan meşələrdəki ağac yonqarından. O zəhərin insan orqanizminə zərəri, xəstəliklərə, xüsusən korluğa səbəb olması isə ölkə, ordu rəhbərliyinin vecinə də deyildi.

 

Bunları niyə yazıram?

 

Rusiya prezidenti V.Putin səfərbərlik əmri imzalayandan sonra ruslar ölkədən kütləvi halda qaçmağa başlayıblar. Ayağı yer tutan Rusiya ilə sərhədi açıq olan ölkələrə üz tutur. Monqolustandan Gürcüstanacan.

 

14 il öncə Gürcüstana tankla girən ruslar bu gün ora sığınacaq yeri kimi pənah aparırlar!

 

Döyüşməmək üçün vətəndən kütləvi qaçmaq da varmış dünyada ən böyük ərazi işğal edən xalqın taleyində.

 

Bunları həm də ona görə yazıram ki, rus ordusu, rus əsgəri haqda bizdə də formalaşmış qorxunc obrazın mif olduğunu anlayaq – Xankəndi qarışıq Qarabağın rus işğalında qalan hissəsini də azad edə biləcəyimizə inanaq.

 

Və azad edək!

 

Vahid Qazi

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan dağıdıcı hücum:Rusiya şəhərləri bombalandı