Modern.az

HDP-nin Kılıçdaroğlunu dəstəkləməsi seçkiyə necə təsir edəcək? - ŞƏRH

HDP-nin Kılıçdaroğlunu dəstəkləməsi seçkiyə necə təsir edəcək? - ŞƏRH

Analitika

9 Mart 2023, 09:48

6 mart tarixində Türkiyənin müxalif partiyalarının yaratdığı “Millət İttifaqı”nın toplantısından sonra CHP lideri Kamal Kılıçdaroğlu müxalifətin vahid namizədi elan olunub. Elektoratı əsasən etnik kürdlərdən ibarət olan Xalqların Demokratik Partiyası (HDP) seçkilərdə Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıb.

 

Partiyanın həmsədri Mithat Sancar Kılıçdaroğluya uğurlar arzu edib. "Qərargahımızda bu məsələləri müzakirə etmək üçün onun ziyarətini gözləyirik", - deyə Sancar bildirib. O, partiyanın seçkiyə başqa namizəd çıxarmayacağını əlavə edib. Hazırda həbsdə olan sabiq HDP həmsədri Selahettin Demirtaş da Kılıçdaroğluya dəstəyini ifadə edib. O, CHP liderini HDP qərargahına dəvət edib.

 

HDP-nin Kılıçdaroğluna dəstək verməsi Türkiyənin siyasi səhnəsində, ən əsası "Millət İttifaqı"nın daxilində birmənalı qarşılanmayıb. "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan İYİ partiyanın sədri Meral Akşener deyib ki, "Altılı masa"da HDP-nin də təmsil olunması məlumatı doğru deyil: "CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz".

 

Bir sıra yerli ekspertlər HDP-nin Kılıçdaoğlunu dəstəkləməsinin onun səslərinin azalmasına səbəb ola biləcəyini qeyd edib. Bəs bu dəstək həqiqətən seçkilərə necə təsir edəcək?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, türk xalqı "Millət ittifaqı"nın PKK-nın siyasi qolu olan HDP-nin dəstəklədiyi namizədini qəbul etməyəcək:

 

“PKK-nın xaricdən idarə olunan, türk düşməni terror qruplaşması olduğunu türk milləti bilməmiş deyil. “Cumhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanın 20 ildə Türkiyə üçün etdikləri danılmazdır. HDP-nin bu prosesdə iştirakı “Millət ittifaqı”na xeyirdən çox zərər gətirəcək. Bu gün “Cumhur ittifaqı” başda Amerika olmaqla, bütün xristian dünyasına qarşı seçki keçirir. Nahaq demirlər ki, Türkiyədəki seçki dünyanın qədərini müəyyənləşdirəcək. Türkiyə bu gün o qədər böyük strateji ölkə səviyyəsinə gəlib çatıb ki, oradakı seçkilərin nəticəsi bütün dünyanın gələcək inkişafına təsir göstərəcək".

 

Natiq Miri seçkidə iştirak edəcək şəxslərin iki dəfə düşünməli olduğunu bildirib:

 

“Türk milləti seçki qutusuna gedərkən iki dəfə düşünməlidir. Türkiyənin gələcəyini düşünməlidir. Bir tərəfdən türk millətinin təhlükəsizliyi və inkişafı, digər tərəfdə rahat idarə olunan Türkiyə və Qərbin casusları tərəfindən idarə oluna biləcək kukla rejim var. Bu haqda səs verməlidirlər. O baxımdan Türkiyədəki seçkinin təkcə regional deyil, qlobal səviyyədə çox böyük geosiyasi əhəmiyyət daşıyacağını demək olar”.

 

 

Politoloq Zərdüşt Əlizadə isə vurğulayıb ki, seçkidə istənilən qüvvəni cəlb etmək, şeytanla da ittifaqa girmək adi bir vərdişdir:

 

"Sağları, solları, millətçiləri, dinçiləri hamısını  toplayıb səs qazanmaq istəyirlər. Burada qəribə bir şey yoxdur.  HDP səs verərsə, min bərəkət onu da ciblərinə qoyarlar. O demək deyil ki, HDP qarşısında hansısa bir öhdəlik götürüblər".

 

Zərdüşt Əlizadə seçkinin Azərbaycan-Türkiyə münasibətlərinə təsirinin olmayacağını deyib: 

 

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər sabit və möhkəmdir. Strateji xarakter daşıyır. Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycanla münasibətlər Türkiyənin dövlət maraqlarına cavab verdiyi üçün müstəsna əhəmiyyətə malikdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı